Məhkəmə qərarları › İş №2(125)-244/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-244/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-244/2022 13.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək Cavabdeh 9800 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə aldığı VAZ-21154 markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili sonradan avtomobili satmaq qərarına gəlmişdir. Cavabdehlə 2021-ci ilin dekabr ayında görüşərək və avtomobilin qiymətini 9800 razılaşmışlar. Cavabdeh avtomobil üçün X1 adına baş etibarnamə verməyini xahiş etmiş, o isə cavabdehin adına etibarnamə vermişdir. Bundan sonra cavabdeh onu aldadaraq pulu vermədiyinə görə onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Şikayət əsasında araşdırma aparılmış və araşdırma zamanı cavabdeh ona borclu olduğunu bildirərək avtomobili 7800 manata satdığına görə onun pulunu verə bilmədiyini bildirmişdir. Həmçinin araşdırma zamanı müəyyən cavabdehin ona 9800 manat borcu olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ƏN-Vİİİ 031143 saylı etibarnamənin surətindən görünür ki, X4 tərəfindən İddiaçı VAZ-21154 markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4949-1222 saylı məktubdan görünür ki, VAZ-21154 markalı, **-HN- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən hal-hazıradək X2 adına qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İddiaçı dələduzluq hadisəsi barədə müraciəti əsasında toplanmış HK-1/195 saylı rədd materialı üzrə Cavabdeh verdiyi izahatda bildirmişdir ki, Vüsaldan bir ədəd VAZ-21015 markalı avtomobili 9800 manata almağına danışmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Əvvəla, iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olub-olmaması müəyyən edilməlidir. Belə ki, iddiaçı cavabdehə qarşı pul tələbi irəli sürərək bildirir ki, mübahisəli avtomobil üçün müştəri tapmaq barədə cavabdehə tapşırıq vermiş, cavabdeh isə həmin nəqliyyat vasitəsinin alğı-satqısından əldə olunmuş pul məbləğini ona təhvil verməmişdir. Əvvəla nəzərə alınmalıdır ki, mübahisəli avtomobilə dair sərəncam vermək səlahiyyəti iddiaçıya etibarnamə əsasında verilmiş, yəni iddiaçı sadəcə həmin səlahiyyətin daşıyıcısı olmuşdur, mülkiyyət hüququnun əsas ünsürü olan sərəncam səlahiyyəti iddiaçıya məxsus olmamışdır. Avtomobilə dair X3 məxsus olan sərəncam səlahiyyəti iş materiallarına əsasən xx.xx.2022-ci il tarixdən X2 adına qeydiyyatdan keçmişdir. Belə olan halda, əşyaya mülkiyyət hüququnun verilməsi müqabilində pul tələb etmək hüququ əvvəlki mülkiyyətçiyə məxsusdur. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı olan avtomobilin mülkiyyətçisi əşyanı alıcının mülkiyyətinə verdikdən sonra sonuncunun əşyanı qəbul edərək ödədiyi pul məbləğini tapşırığın icrası üzrə əldə olunan qismində vəkalət alandan əvvəlki mülkiyyətçi olaraq vəkalət verən Ruslan Həşimov tələb edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehdən pulun tutulmasına dair tələbini faktiki cəhətdən, avtomobilin alğı-satqısı üçün müştəri tapmaq barədə verdiyi tapşırığı ilə əsaslandırdığı üçün tələb əsassız varlanma hesab edilə bilməz. Belə ki, hazırkı iş üzrə cavabdehin iddiaçı hesabına əmlak əldə edərək əsassız varlanan hesab edilə bilməsi üçün tərəflər arasındakı mülki hüquq münasibətinin əsasında müqavilə əsası olmamalı idi. Lakin iddiaçının cavabdehə qarşı pul tələbi şifahi tapşırıq müqaviləsinə əsaslanır. Beləliklə, mübahisəli avtomobilə mülkiyyət hüququ iddiaçıya məxsus olmadığı üçün əşyanın özgəninkiləşdirilməsi barədə tapşığın icrası nəticəsində əldə olunanları tələb etmək hüququna malik olmadığından, habelə araşdırılan hüquq münasibətinin əsasında tapşırıq müqaviləsi dayandığı üçün əsassız varlanmaya dair əsaslar mövcud olmadığından iddia əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş 119 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar