Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2467/2025 15.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 3000 manat borcun və ödənilmiş 51 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, ailəvi tanışlığı olan cavabdeh 2023-cü ilin mart ayında yaşadığı evi satıb yeni təmirsiz ev aldığını və ailəsi ilə kirayə qaldığını ona bildirərək ondan xahiş etmişdir ki, uzağı 1 ay müddətinə ona borc olaraq 3000 manat pul versin. Cavabdeh həmçinin bildirmişdir ki, banka olan kredit borcunu bağlıyıb, bankın işçisi ilə əvvəlcədən razılaşıb yenidən bankdan 2000 manatadək kredit götürüb onun verdiyi 3000 manat pul vəsaitini geri qaytaracaq. Artıq iki ildir ki, ondan pulunu geri ala bilmir, cavabdeh hər dəfə yalan danışaraq vaxt udur. Cavabdeh hərbçidir, Daşkəsən şəhərində N saylı hərbi hissədə işləyir. Özünün deməyinə görə ayda 1500 manatadək maaş alır. Hətta cavabdehdən hissə-hissə ödəməyini istəsə də, cavabdeh onu da etmir. Artıq ondan pulunu geri ala bilmir. Cavabdeh ərizə verərək iddia tələbini qismən qəbul etdiyini, iddiaçıdan 3000 manat pul götürdüyünü, hazırda 2900 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, cavabdehi 2019-cu ildən bəri tanıyır, cavabdeh və ailəsi ilə yaxşı münasibətdə olmuşlar. 2023-cü ilin mart ayında cavabdehə 3000 manat məbləğində borc pul vermişdir. Həmin puldan cavabdeh ona cəmi 100 manat qaytarmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin qeyd etdi ki, borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. İddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində özü ilə cavabdeh arasında olan telefon danışıqlarını əks etdirən 1 ədəd “CD” disk təqdim etmişdir. Lakin cavabdeh borcunu etiraf etdiyindən tərəflərin istəyinə uyğun olaraq disk məhkəmə iclasında tədqiq edilməmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində borc verilməsi barədə tərəflər arasında 2023-cü ilin mart ayında şifahi borc müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tələb edilən 3000 manat məbləğində iddianı qismən qəbul edərək bu barədə məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçı ilə aralarında iddiaçıdan 3000 manat məbləğində borc alması barədə müqavilənin olmasını etiraf etmiş və borcundan cəmi 100 manat hissəni iddiaçıya qaytardığını bildirmişdir. İddiaçı sözügedən pul vəsaitinin 100 manatının cavabdeh tərəfindən qaytarıldığını izahatında qeyd etsə də 3000 manat pul vəsaitini cavabdehdən tələb edir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmçinin, MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçı, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehlə aralarında şifahi borc müqaviləsi ilə öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdeh iddianı aradan qaldıran hər hansı sübut təqdim etməmiş, əksinə iddiaçıdan 3000 manat borc aldığını etiraf etmişdir. Bununla belə, məhkəmə cavabdehin borcundan 100 manat qaytarması barədə iddiaçının izahatını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia qismən təmin edilməli, 2900 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 49 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 49 (qırx doqquz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2467/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2467/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver