Məhkəmə qərarları › İş №2(125)-2470/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2470/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2470/2025 26.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə b-1, sahə 18 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh 7500 ( yeddi min beş yüz) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 95 (doxsan beş) manat pulun, ümumilikdə 7595 (yeddi min beş yüz doxsan beş) manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. O, ehtiyatda olan baş leytenantdır və 2-ci qrup əlildir. Gəncə şəhər sakini Cavabdeh etibarından sui-istifadə etməklə və aldatma yolu ilə hər hansı səlahiyyətə və real imkana malik olmadığı halda onun əmlakını ələ keçirmək niyyəti ilə 1-ci dərəcəli əlillik müavinəti düzəldəcəyinə yalan vəd verib onu aldadaraq 2021-ci ilin mart ayında 500 (beş yüz) manat, aprel ayında isə 11500 (on bir min beş yüz) manat, ümumilikdə 12000 (on iki min) manat pulu ondan almışdır. Cavabdeh müəyyən vaxtlarda ona 4500 (dörd min beş yüz) manat pulu qaytarsa da, qalan 7500 ( yeddi min beş yüz) manat pulu qaytarmaqdan boyun qaçırmışdır. O, Cavabdeh onu aldatdığını başa düşdükdən sonra Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinə yazılı şikayət etmiş, polis idarəsində Cavabdeh qarşı Azərbaycan Respublikası CM-nin 32.5, 188.1, 32.5, 188.2. 32.5. 222-2.1, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq başlanaraq məsuliyyətə cəlb olunmuşdur. Hazırda Cavabdeh təqsirli bilinərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 1(008)- 27/2025 nömrəli hökmü ilə 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03(üç) il 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cavabdeh barəsində hökm çıxarılarkən onun vurduğu zərəri miilki mühakimə icraatı qaydasında tələb etmək hüququmun olması ona izah olunmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia ərizəsinin məzmununda izahat vermiş və sonda iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, Cavabdeh məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki işin materiallarında olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 1(008)- 27/2025 nömrəli hökmünün surətindən müəyyən edilir ki, hazırki işdə cavabdeh olan Cavabdeh 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03(üç) il 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Həmin hökmdən müəyyən edilir ki, Cavabdeh dələduzluq yolu ilə İddiaçı 12000 manat məbləğində pulunu ələ keçirmiş, həmin məbləğin 4500 manatını qaytarmış, 7500 manat hissəsini isə qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsin əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmədə araşdırılmış sübutlarla müəyyən edildi ki, Cavabdeh iddiaçıya qarşı dələduzluq edərək, ona 7500 manat məbləğində ziyan vurmuşdur. Yuxarıda qeyd edilən maddi hüquq normalarının işin müəyyən edilən faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, iddia əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7500 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 95 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 95 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95 (doxsan beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar