Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-249/2023 14.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “mülkdən çıxarılma, maneənin aradan qaldırılması və icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X7 ilə birgə nikah dövründə əldə edilmiş, X3 adına qeydə alınmış, vəsiyyətnamə və birgə nikah dövründə qazanılmış olduğu üçün hazırda ona məxsus olan, Gəncə- Nəbiağalı yolunun sağ hissəsində yerləşən avtomobillərə texniki xidmət mərkəzindən və torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 çıxarılması, cavabdehlərin və digər şəxslərin ona yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması dövründə İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə daha sonra “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, Gəncə Şəhər İcra Hakimiyyətinin cavabdehlər siyahısına daxil edilməsi və Gəncə şəhəri, Gəncə- Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və avtomobillərə texniki xidmət mərkəzindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, cavabdehlər və digər şəxslərin ona yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, mərhum X7 ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşdur. 20 ildən çox birgə nikah dövründə birgə təsərrüfat quraraq idarə etmişlər. Birgə nikah dövründə hazırda mərhum həyat yoldaşının adına olan xx.xx.2018-ci il tarixli vəsiyyətnamə əsasında ona vəsiyyət etmiş olduğu Samux rayon İHB-nin xx.xx.2003-cü il tarixli, 25 saylı qərarı ilə verilmiş Gəncə-Nəbiağalı avtomobil yolunun sağ tərəfində yerləşən və istifadəyə verilmiş torpaq sahəsində Samux Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamı ilə avtomobillərə texniki xidmət obyektləri tikmişlər. Lakin, cavabdehlər həyat yoldaşı X7 rəhmətə gedəndən sonra tək qadın olmağından istifadə edərək ona və həmin avtomobillərə texniki xidmət göstərən şəxslərə zor tətbiq edərək həmin obyekti zəbt etmişdir. O, illərdir həmin avtomobil təmiri mərkəzindən arenda pulu almışdır. Cavabdehlər tərəfindən zəbt edildikdən sonra o, gəlirlərindən məhrum olmuşdur. Həmin ərazi əvvəllər Samux rayonu ərazisi olmasına baxmayaraq, hazırda Gəncə şəhərinin ərazisi daxilindədir. Həyat yoldaşı X7 xx.xx.2021-ci il tarixdə uzun sürən xəstəlik nəticəsində durğunluq ürək çatışmazlığından vəfat etmişdir. O, illərdir xəstə olmuşdur. Xəstəliyi zamanı onun qulluğunda (xidmətində) həyat yoldaşı olaraq yalnız o durmuşdur. Onu həkimlərə aparmaq, həkimlərdən gətirmək və s. işlərini də təkbaşına həyata keçirmişdir. Dəfn xərci olan 25000 (iyirmi beş min) manatadək vəsaiti də özü xərcləmişdir. Cavabdehlər baxmayaraq ki, həyat yoldaşının əvvəlki həyat yoldaşından doğulan uşaqlardır, uşaqları onunla son 20 ildə ümumiyyətlə maraqlanmamışdırlar. Həmin avtomobillərə texniki xidmət mərkəzi onunla birgə nikah dövründə tikilmişdir. Cavabdehlər tərəfindən onun mülkiyyət hüququna qanunsuz müdaxilə olunmuş və mülkiyyət hüququ pozulmuşdur. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində məhkəmənin heç bir qərarı olmadan mülkiyyətindən məhrum olmuşdur. Cavabdehlər onun mülkiyyətini zəbt etməklə bərabər mülkiyyətinə fiziki zərər də vururlar. Onların qanunsuz istifadəsi mərhum həyat yoldaşının və onun əlinin qabarı ilə tikilmiş mülkləri məhv edirlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mərhum X14 İddiaçı ilə 21 avqust 2000-ci ildə ailə həyatı qurmuşdur. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının 25 nömrəli, 18 mart 2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında sərəncamına əsasən Gəncə-Nəbiağalı avtomobil yolunun sağ tərəfində yerləşən 30 ha torpaq sahəsi 15 il müddətinə X14a icarəyə verilmişdir. Mərhum X14 və o, Gəncə-Nəbiağalı avtomobil yolunun sağ hissəsində yerləşən torpaq sahəsində avtomobillərə texniki xidmət mərkəzi tikmişdir. Həmin obyekti o, atası ilə 10 ilə yaxın bir müddətə hissə-hissə tikmişdir. Atası sağ ikən onunla münasibəti yaxşı olmuşdur. X14 29 aprel 2021-ci ildə vəfat etmişdir. Mərhum X14 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını atasının 2-ci arvadı, yəni ögey anası İddiaçı vəsiyyət etsə də, mübahisəli ərazidə yerləşən texniki servis mərkəzinin sənədi olmadığı üçün həmin əmlak miras kütləsinə daxil deyildir. Həmçinin Samux Rayon İcra Hakimiyyəti Başçısının 25 nömrəli, 18 mart 2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında sərəncamına əsasən Gəncə-Nəbiağalı avtomobil yolunun sağ tərəfində yerləşən 30 ha torpaq sahəsi 15 il müddətinə X14a icarəyə verilsə də sonradan həmin sərəncam Samux Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2005-ci il tarixli, 87 saylı sərəncamı ilə qüvvədən düşmüşdür. Həmin vaxt atası Firudin sağ olmuşdur. Sonradan mübahisəli ərazi 06 sentyabr 2022-ci il tarixdə onun icarəsinə keçmişdir. Belə ki, Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyəti ilə onun arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Odur ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Bu səbəbdən iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək digər Cavabdeh1la eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehlər işə mahiyyəti üzrə baxılmasını tələb etdiklərindən məhkəmə işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin iş üzrə digər cavabdehlər Cavabdeh3 və Gəncə Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər Cavabdeh3 və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehlərin izahatını, işdə olan sənədləri, həmçinin digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Vİ-ЖГ seriyalı, 435865 nömrəli Samux rayon VVADQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X8 arasında nikah 21 avqust 2000-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 avqust 2000-ci il tarixdə 74 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. 27 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Samux Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, Samux rayonu, Seyidlər kəndində yaşayan X7 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını – Samux rayonu, Ağasıbəyli kəndində yaşayan – arvadı İddiaçı vəsiyyət etmişdir. AZ-İİ seriyalı, 154229 nömrəli, 06 may 2021-ci il tarixli, Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Samux, Seyidlər kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 aprel 2021-ci il tarixdə 275 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi durğunluq ürək çatmamazlığıdır. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının 25 nömrəli, 18 mart 2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında sərəncamının surətindən görünür ki, Rayonun Seyidlər kənd sakini X7 ərizə ilə müraciət edərək Samux rayonunun ərazisində Gəncə-Nəbiağalı avtomobil yolunun sağ tərəfində “X6” adlanan yerdən kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə 76 ha torpaq sahəsi icarəyə verilməsini xahiş etmişdir. “X10” Azərbaycan Respublikası Qanununun 9,10,11,12,13,14cü maddələrinə müvafiq və Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 25 sentyabr 2002-ci il tarixli Fərmanından irəli gələn tələblərin yerinə yetirilməsini nəzərə alaraq 1. Rayonun ərazisində “X6” adlanan yerdən Gəncə-Nəbiağalı avtomobil yolunun sağ tərəfində kənd təsərrüfatı məhsulları istehsalı üçün 30 ha torpaq sahəsi 15 il müddətinə X5 icarəyə verilməsi; 2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin müdiri (F.Tağıyevə) torpağın naturada ölçülüb verilməsini və cizgi planının tərtib edilməsinin təmin edilməsinin tapşırılması; 3. Rayon İcra Hakimiyyəti Başçısının Hüquq Şöbəsinin müdiri (V.Rzayevə) torpaqdan müvəqqəti istifadə hüququna dair müqavilə əsasında rəsmiləşdirilməsinin təmin edilməsinin tapşırılması; 4. Sərəncamın icrasına nəzarəti rayon İcra Hakimiyyəti Başçısının Aqrar Məsələlər üzrə müavini S.Məmmədova həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının 87 nömrəli, 05 iyul 2005-ci il tarixli sərəncamının surətindən görünür ki, Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 25 saylı sərəncamı ilə sabiq Gəncə X2 ərazisindən Seyidlər Kənd sakini X5 30,0 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin xx.xx.2005-ci il tarixli 167 saylı məktubunda arxiv sənədlərinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin məktubuna əsasən həmin ərazinin 33,0 hektarının Gəncə şəhərinin inzibati ərazisində yerləşdiyi bildirilmiş, göstərilən sərəncam və müqavilənin ləğv olunması xahiş edilmişdir. Samux rayonu Seyidlər kənd sakini X1 X2 ərazisindən 30,0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında Samux Rayon İcra Hakimiyyəti Başçısının 18 mart 2003-cü il tarixli, 25 saylı sərəncamının qüvvədən düşmüş hesab edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin müdiri F.Tağıyevə Samux Rayon İcra Hakimiyyəti Başçısının 18 mart 2003-cü il tarixli, 25 saylı sərəncamının qüvvədən düşməsinin nəzərə alınmasının tapşırılması, İcra Hakimiyyəti Başçısının hüquq şöbəsinə F.H.Həsənovla bağlanmış icarə müqaviləsinin ləğv edilməsinin təmin edilməsinin tapşırılması, Sərəncamın icrasına nəzarətin İcra Hakimiyyəti Başçısının Aqrar Məsələlər üzrə müavini-şöbə müdiri S.Məmmədova həvalə edilməsi qərara alınmışdır. 06 sentyabr 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş torpaq icarəsi müqaviləsindən görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti adından gələcəkdə “İcarəyəverən” şəxsin bir tərəfdən Gəncə Şəhər İcra Hakimiyyəti X4 gələcəkdə “İcarəçi” adlanan Cavabdeh1 müqaviləni bağlamışlar. “İcarəyəverən” icarə əsasında sahəsi 30,0 hektar olan torpaq sahəsini, o cümlədən su ilə örtülmüş sahəsi “yoxdur” olan gələcəkdə “Sahə” adlanan ərazini “İcarəçi”yə beş il istifadəyə verir, “İcarəçi” isə onu qəbul edir. Sahədə: Gəncə-Nəbiağalı avtomobil yolunun sağ tərəfi 7N-1650 nömrəli torpaq a)dan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən torpaq sahəsi (Atabəyli küçəsi). İcarə haqqı 06 sentyabr 2022-ci il tarixdən hesablanır. İcarəçi hər il 5000 (beş min) manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mərhum Firudin Həsənovla 21 avqust 2000-ci il tarixdə nikaha daxil olmuşdur. Firudin Həsənov 27 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Samux Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamə əsasında ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını – Samux rayonu, Ağasıbəyli kəndində yaşayan – arvadı İddiaçı vəsiyyət etmişdir. Firudin Həsənov 29 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mərhum əri Firudin Həsənovun birinci evliliyindən olan övladlarıdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və avtomobillərə texniki xidmət mərkəzindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, cavabdehlər və digər şəxslərin ona yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər isə mübahisəli ərazinin mərhum atası X12 Rayon İcra Hakimiyyəti tərəfindən 2003-cü ildə 15 il müddətinə icarəyə verildiyini, lakin həmin icarə müqaviləsinin 2005-ci ildə qüvvədən düşdüyünü, daha sonra Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlandığını bildirərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişlər. Digər Cavabdeh3 isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının 25 nömrəli, 18 mart 2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında sərəncamına əsasən Samux rayonunun ərazisində “X6” adlanan yerdən Gəncə-Nəbiağalı avtomobil yolunun sağ tərəfində kənd təsərrüfatı məhsulları istehsalı üçün 30 ha torpaq sahəsi 15 il müddətinə X5 icarəyə verilməsi; 2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin müdiri (F.Tağıyevə) torpağın naturada ölçülüb verilməsini və cizgi planının tərtib edilməsinin təmin edilməsinin tapşırılması; 3. Rayon İcra Hakimiyyəti Başçısının Hüquq Şöbəsinin müdiri V.Rzayevə torpaqdan müvəqqəti istifadə hüququna dair müqavilə əsasında rəsmiləşdirilməsinin təmin edilməsinin tapşırılması; 4. Sərəncamın icrasına nəzarəti rayon İcra Hakimiyyəti Başçısının Aqrar Məsələlər üzrə müavini S.Məmmədova həvalə edilməsi qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının 87 nömrəli, 05 iyul 2005-ci il tarixli sərəncamına əsasən Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 25 saylı sərəncamı ilə sabiq Gəncə X2 ərazisindən Seyidlər Kənd sakini X5 30,0 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin xx.xx.2005-ci il tarixli 167 saylı məktubunda arxiv sənədlərinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin məktubuna əsasən həmin ərazinin 33,0 hektarının Gəncə şəhərinin inzibati ərazisində yerləşdiyi bildirilmiş, göstərilən sərəncam və müqavilənin ləğv olunması xahiş edilmişdir. Samux rayonu Seyidlər kənd sakini X1 X2 ərazisindən 30,0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında Samux Rayon İcra Hakimiyyəti Başçısının 18 mart 2003-cü il tarixli, 25 saylı sərəncamının qüvvədən düşmüş hesab edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin müdiri F.Tağıyevə Samux Rayon İcra Hakimiyyəti Başçısının 18 mart 2003-cü il tarixli, 25 saylı sərəncamının qüvvədən düşməsinin nəzərə alınmasının tapşırılması, İcra Hakimiyyəti Başçısının hüquq şöbəsinə F.H.Həsənovla bağlanmış icarə müqaviləsinin ləğv edilməsinin təmin edilməsinin tapşırılması, Sərəncamın icrasına nəzarətin İcra Hakimiyyəti Başçısının Aqrar Məsələlər üzrə müavini-şöbə müdiri S.Məmmədova həvalə edilməsi qərara alınmışdır. 06 sentyabr 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş torpaq icarəsi müqaviləsinə əsasən Gəncə şəhər İcra Hakimiyyəti adından gələcəkdə “İcarəyəverən” şəxsin bir tərəfdən Gəncə Şəhər İcra Hakimiyyəti - X4 gələcəkdə “İcarəçi” adlanan Cavabdeh1 ilə müqaviləni bağlamışlar. “İcarəyəverən” icarə əsasında sahəsi 30,0 hektar olan torpaq sahəsini, o cümlədən su ilə örtülmüş sahəsi olan gələcəkdə “Sahə” adlanan ərazini “İcarəçi”yə beş il istifadəyə verir, “İcarəçi” isə onu qəbul edir. Sahədə: Gəncə- Nəbiağalı avtomobil yolunun sağ tərəfi 7N-1650 nömrəli torpaq a)dan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən torpaq sahəsi (Atabəyli küçəsi). İcarə haqqı 06 sentyabr 2022-ci il tarixdən hesablanır. İcarəçi hər il 5000 (beş min) manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə tərəflər arasında olan mübahisənin həlli ilə bağlı əvvəlcə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verilməsinin zəruriliyini vurğulayaraq, bu baxımdan “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyini qeyd etməyi lazım bilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli həmin qərarında qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə ilk növbədə İddiaçı müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququnun pozulub-pozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulubpozulmamasını, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasında torpaqlar həm uzun müddətə, həm də qısa müddətə icarəyə verilə bilər. Əgər torpaq 15 ilədək müddətə icarəyə verilərsə, bu qısamüddətli icarə adlanır. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının 25 nömrəli, 18 mart 2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında sərəncamına əsasən Gəncə-Nəbiağalı avtomobil yolunun sağ tərəfində kənd təsərrüfatı məhsulları istehsalı üçün 30 ha torpaq sahəsi 15 il müddətinə X5 icarəyə verilmişdir. Bununla da müəyyən edilmişdir ki, həmin mübahisəli ərazi İddiaçı mərhum əri Firudin Həsənova qısamüddətli icarəyə verilmiş və icarə müqaviləsinin müddəti ən geci 2018-ci ildə bitməli idi. Lakin Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının 87 nömrəli, 05 iyul 2005-ci il tarixli sərəncamı ilə Samux Rayon İcra Hakimiyyəti Başçısının 25 nömrəli, 18 mart 2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında sərəncamı ləğv olunmuşdur. Həmin vaxt isə torpağın əvvəlki icarəçisi Firudin Həsənov sağ olmuşdur. İddiaçı isə mübahisəli ərazinin mərhum əri Firudin Həsənovla sonuncunun sağlığında icarə müqaviləsinin müddətinin uzadılması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda mübahisəli əraziyə mərhum Firudin Həsənovun öldüyü anda icarə hüququ olmadığından həmin hüquq da özlüyündə vərəsəlik qaydasında sonuncunun 2-ci nikahından olan arvadı İddiaçı da keçməmişdir. Eyni zamanda iddiaçı mərhum əri Firudin Həsənovla mübahisəli ərazidə birgə qazanc hesabına hər hansı tikili inşa etməsi və həmin tikilinin dövlət qeydiyyatına alınmasına, ümumiyyətlə iddiaçı mübahisəli ərazidə inşa edilmiş tikililərlə bağlı notariusdan vərəsəlik hüququ haqqında şəhadətnamə almasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu isə məhkəmə üçün belə bir qənaətə gəlməyə əsas verir ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Bundan başqa, məhkəmə iclasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında 5 il müddətinə icarəyə verilmişdir. Bu aspektdən işin halları araşdırıldıqda müəyyən edilir ki, Cavabdeh1 ilə icarə müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi ona təhvil verilmişdir. Göründüyü kimi, Cavabdeh1 mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə - əmlak hüquqları yaranmışdır. Məhkəmə İddiaçı Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilmiş avtomobillərə texniki xidmət mərkəzindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, cavabdehlər və digər şəxslərin ona yaratdığı maneələrin aradan qaldırılması barədə tələbinin həmin hissəsinə əlavə qiymət verərək qeyd edir ki, icarəçinin icarəyə verənin razılığı ilə torpaq sahəsində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədi ilə tikililər və avadanlıqlar quraşdırmaq hüququ vardır (“X10” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 4-cü hissəsi). Bu baxımdan məhkəmə qeyd edir ki, icarəçi torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucalda bilər. İcarəçi həmin obyektlər üzərində mülkiyyət hüququ əldə edir. Belə ki, icarəyə götürülmüş torpaq sahəsində icarəyə verənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular, ucaldılmış tikililər icarəçinin mülkiyyəti hesab edilir. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. (X10” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 2-ci hissəsi) Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, İddiaçı iddiasında Gəncə Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, həmin müqavilənin etibarsız hesab edilməsi barədə əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında da Gəncə Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar da müəyyən edilməmişdir. Bununla da müəyyən olunur ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş və İddiaçı cavabdehlərə qarşı mövcud iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “X10” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarından biri hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələrdir. “X10” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də torpaq icarəsinin anlayışı müəyyən edilərək göstərilir ki, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 10-cu maddəsində torpaqların icarəyə verilməsinin ümumi qaydaları müəyyən edilərək deyilir ki, xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. İcarə müqaviləsinin icarə münasibətlərində əhəmiyyətini nəzərə alaraq qanunverici bu müqavilənin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmasını tələb edir və müqavilənin məzmununu da müəyyən edərək göstərir ki, icarə müqaviləsində aşağıdakılar göstərilməlidir: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası («X10» Qanunun 11–ci maddəsi). Həmin Qanunun 26-cı maddəsinə əsasən icarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehlərin sahibliyində olmalı və cavabdehlərin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavadehlərin sahibliyi qanunsuz olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ və İV hissələrində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində verilən tərifə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə şəhəri, Gəncə- Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və avtomobillərə texniki xidmət mərkəzindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, cavabdehlər və digər şəxslərin ona yaratdığı maneələrin aradan qaldırılması barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və avtomobillərə texniki xidmət mərkəzindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, cavabdehlər və digər şəxslərin ona yaratdığı maneələrin aradan qaldırılması barədə iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-249/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-249/2023
14.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver