Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2508/2022 14.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Asan şöbəsinə qarşı “ödəmə cədvəlinin dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh "xxxx" ASC-nin Gəncə Asan şöbəsinə qarşı “ödəmə cədvəlinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Asan şöbəsi” arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında yaranmış faiz borcunun və dəbbə pulunun azaldılması və ödəmə imkanına uyğun yeni ödəniş cədvəlinin tərtib edilməsinin cavabdeh tərəfə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsini yoxlayarkən müəyyən edilmişdir ki, cavabdeh olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Asan şöbəsi göstərilməklə iddia cavabdeh ola bilməyən şəxsə yönəlmişdir. Halbuki həmin iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmalıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh olduqda isə hazırki iddia ərizəsi Gəncə Şəhər Məhkəməsinə deyil, cavabdehin hüquqi ünvanının qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.1-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Qanunvericiliyin tələbindən aydın olur ki, hazırki iş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Asan şöbəsi ayrıca hüquqi şəxs deyildir, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Elektron məhkəmə sisteminin məlumatından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ünvan 3 ünvanında qeydiyyatdadır. Bununla da müəyyən olunur ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmiş, iddia ərizəsi Gəncə Şəhər Məhkəməsinə ünvanlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2.-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə məhkəmənin qənaətinə əsasən İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Asan şöbəsinə qarşı “ödəmə cədvəlinin dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi MPM-in 152.1.3-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, iddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdim: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Asan şöbəsinə qarşı “ödəmə cədvəlinin dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2508/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2508/2022
14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver