Məhkəmə qərarları › İş №2(125)-2515/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2515/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2515/2025 04.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2650 manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 47 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh özünə məxsus qızılları Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən lombarda qoyduğunu və oradan 2650 manat pul götürdüyünü demişdir. xx.xx.2024-cü il tarixdə Ruslan ona həmin pulu ödəyib qızılları özünə götürməyi təklif etmişdir. Onda həmin vaxt pul olmadığı üçün tanışı Aynur adında qadından 2600 manat pul istəmiş və Aynur da həmin pulu ona vermişdir. O, xx.xx.2024-cü il tarixdə Ruslanla birgə qeyd etdiyi ünvanda yerləşən lombarda gedib 2600 manat pulu ora ödəmişdirlər. Lombarddan ona Ruslanın adına ödədiyi qəbz verilmiş, daha sonra lombardın işçisi orada qızılları saxlamadıqlarını, sabah gəlib qızılları apara biləcəklərini onlara bildirmişdir. Ruslan ona lombarddan qızılları götürə bilməsi üçün etibarnamə vermişdir. Həmin gün Ruslan ondan 50 manat da əlavə borc pul almışdır ki, xərclik pulu yoxdur. xx.xx.2024-cü il tarixdə qızılları götürmək üçün lombarda getsə də, lombarddan ona Ruslanın özünün gəlib qızılları götürdüyünü bildirmişdirlər. Ruslanla əlaqə saxlamaq istədikdə Ruslan ona cavab verməmiş, daha sonra isə Ruslan ona ehtiyacı olduğunu, pulu tapıb qaytaracağını demişdir. Lakin bugünədək o, pulu qaytarmamışdır. Həmin pulu tanışı Aynura qaytarmaq üçün məcbur olub "xxxx" ASC-dən yüksək faizlə kredit götürmüş, Aynurun borcunu qaytarmışdır. Hazırda o, məcburiyyət qarşısında banka ayda 126 manat kredit borcu ödəyir. Daha sonra o, bu barədə Gəncə şəhər 1-ci Polis Şöbəsinə müraciət etmiş, polis təhqiqatçısı tərəfindən araşdırma aparılıb ona əməldə cinayət tərkibi olmadığı üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Şəhla xanımı lombardda tanımışdır. Şəhla xanım Ruslanla gəlib onun borcunu bağlamış, daxili vəkalətnamə yazmışdırlar ki, Ruslan olmayanda qızılları Şəhla xanım götürəcək. Bir gün sonra Şəhla xanım gəlməmişdən qabaq Ruslan özü gəlib qızılları götürmüşdür. Daha sonra Şəhla xanım polislə gəlmiş, kameradan baxmışdırlar ki, qızılları həqiqətən Ruslan götürmüşdür. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, M-05019/24 saylı kredit müqaviləsinin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını girov qoyaraq illik faiz dərəcəsi 36% olmaqla 24 ay müddətinə 2637 manat məbləğində kredit götürmüş, kreditin ödənilməsi üzrə son ödəniş tarixi xx.xx.2026-cı il müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 2637 manat məbləğində pulu qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, M-5019/24 nömrəli aktın surətindən görünür ki, girov qoyan Cavabdeh özünə məxsus çəkisi 17,57 qram, 583 əyyarlı, 1 ədəd qarnitur adlanan qızılzinət əşyasını və çəkisi 10,65 qram, 750 əyyarlı 2 ədəd üzüyü "xxxx" MMC-dən götürülən kreditin təminatı kimi xx.xx.2024-cü ildə girov qoymuş, xx.xx.2024-cü ildə isə həmin qızılzinət əşyaları "xxxx" MMC-nin direktoru X1 tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, M-05019/24 nömrəli və xx.xx.2024-cü il tarixli, N-0781/24 nömrəli qəbzlərin surətlərindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-yə 2418 manat və 150 manat olmaqla kredit ödənişləri edilmişdir. Gəncə Şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı Aqil Əliyev tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/3589 saylı materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşin müəyən olunmuş hallarından görünür ki, tərəflər arasında şifahi razılaşma olmuş, iddiaçı cavabdehə məxsus girov qoyduğu qızıl-zinət əşyalarını almaq müqabilində cavabdehin lombarda olan borcunu ödəmişdir. Lakin iddiaçı tərəfindən ödənişlər edildikdən sonra tərəflər arasında olan razılaşma baş tutmamaqla, cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını lombarddan götürərək qızılları iddiaçıya qaytarmamış, razılaşmanın şərtlərini pozmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iddiaçının nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozaraq iddiaçı tərəfindən ödəniş edildikdən sonra satdığı qızıl əşyalarını iddiaçıya təhvil verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2650 manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən 46,50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2650 (iki min altı yüz əlli) manat pul və 46,50 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar