Məhkəmə qərarları › İş №2(125)-2516/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2516/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2516/2025 01.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1650 (min altı yüz əlli) manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 36.50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri Mərkəzi Univermaqda qızıl satışı ilə məşğul olan Qahirə adlı qadını 15 ildir ki, tanıyır. 2024-cü ilin yay aylarında pula ehtiyacı olduğundan 1 ədəd qızıl sırğa-üzük dəstini Qahirənin yanına gətirərək qiymət qoydurmuş və Qahirə ona qızıla görə 1650 manat pul verə biləcəyini bildirmişdir. Həmin vaxt qızılın daha artıq qiymətə satılması üçün vitrinə qoyulmasını və daha artıq qiymətə satışını həyata keçirməyə cəhd etməyi təklif etmişdir. Qahirə buna etiraz etməmiş və əgər artıq qiymətə satılsa o zaman həmin pulu ona verəcəyini bildirmişdir. Hadisədən 1 həftə keçdikdən sonra qızılın satılıb-satılmadığını öyrənmək üçün univermağa getmiş, həmin vaxt Qahirə ona qızılı Leyla adlı qadına satdığını bildirmişdir. Qahirə həmçinin ona “Leyla satdığı malın pulu gətirən kimi sənin pulunu verəcəyəm”-demişdir. Aradan xeyli müddət keçdikdən sonra narahat olub Qahirədən Leylanın nömrəsini almış və Leylaya zəng etmişdir. Leyla ilə mobil telefon vasitəsilə əlaqə saxlayan zaman onun qızılının ona verildiyini etiraf etmiş, lakin qızılı lombarda girov qoyduğunu, lombarddan çıxardıqdan sonra pulunu verəcəyini bildirmişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, ona məxsus qızıl əşyasının dəyəri hələ də ona qaytarılmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh xeyli vaxtdır tanıyır. Onunla əvvəllər münasibətləri yaxşı olmuşdur. 2024-cü ilin yay aylarında pula ehtiyacı olduğundan 1 ədəd qızıl sırğa-üzük dəstini Cavabdeh işlədiyi yerə apararaq qızıla qiymət qoydurmuş və Qahirə həmin qızılın dəyərinin 1650 manat olduğunu demişdir. Həmin vaxt qızılın daha artıq qiymətə satılması üçün Qahirədən qızılı vitrinə qoymasını xahiş etmişdir. Qahirə də onunla razılaşmışdır. Bundan 10 gün sonra Qahirəyə zəng edərək qızılla maraqlanmış, həmin vaxt Qahirə ona qızılı X5 nisyə qaydada almaq istədiyini bildirmişdir. O, Leyla Əsədovanı əvvəllər tanıdığı və onunla Gəncə şəhərində Kəşfiyyat restoranında oturub yemək yediyi üçün Qahirədən qızılı Leylaya nisyə qaydada satmasını bildirmişdir. Bundan bir müddət sonra isə Qahirəyə zəng edərək Leylanın pulu ödəyib ödəmədiyini soruşmuş, bu zaman Qahirə Leylanın ona da borclu olduğunu bildirərək nə vaxt ödəyərsə onun pulunu verə biləcəyini bildirmişdir. Bundan sonra o, Qahirədən Leylanın nömrəsini almış və Leylaya zəng etmişdir. Leyla ilə mobil telefon vasitəsilə əlaqə saxlayan zaman Leyla ona məxsus qızıl-üzük dəstini Qahirədən nisyə qaydada aldığını etiraf etmiş, pulu olanda qaytaracağını bildirmişdir. Lakin nə Leyla nə də Qahirə onun pulunu qaytarmamışdır. Hesab edir ki, o, qızılı Qahirəyə satması üçün verdiyindən, Qahirə də qızılı satsa da pulunu ona ödəmədiyindən həmin pul Qahirədən alınaraq ona ödənilməlidir. Həmçinin məhkəmə tərəfindən ona cavabdehin əsli olan cavabdehlə əvəz olunması bildirilmiş, lakin o, cavabdehin başqa cavabdehlə əvəz olunmasına razı deyil. Odur ki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqda qızıl satışı ilə məşğul olur. İddiaçı 15 ildir ki, tanıyır. Onunla əvvəllər münasibəti yaxşı olmuşdur. 2024-cü ilin yay vaxtı İddiaçı onun iş yerinə gəlmiş və 1 ədəd qızıl sırğa-üzük dəstini ona göstərərək qiymətinin müəyyən edilməsini ondan xahiş etmişdir. O da Univermaqda qızıl satanlara göstərərək həmin qızılın dəyərinin 1650 manat olduğunu müəyyən etmişdir. Bundan sonra Sevda ondan həmin qızılı vitrinə qoyub baha qiymətə satmasını xahiş etmiş, o da etiraz etməmişdir. Bundan bir neçə gün sonra Sevdan onun yanına gəlmiş, həmin vaxt Leyla Əsədova da orada olmuşdur. İddiaçı Leyla Əsədovanı əvvəllər tanımış, onlar hətta bir yerdə “Kəşfiyyat” adlı restoranda oturub yemək yemişlər. Orada Leyla qızıl almaq istədiyini bildirmiş və Sevda özünə məxsus olan və onun vitrininə qoyduğu qızılı Leyla Əsədovaya özü nisyə qaydada satmışdır. Həmçinin özü də Leylaya 50000 manat dəyərində qızıl-zinət əşyası nisyə satmışdır. Leylanın hazırda ona borcu vardır. X7 satdığı qızıl-üzük dəstinin pulunu ona verməmişdir. Odur ki, o, hazırki iş üzrə cavabdeh ola bilməz. Bu səbəbdən iddia tələbinin rədd olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 14 mart 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakt üzrə Cavabdeh və X2 barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilməsi qərara alınmışdır. - Həmin qərarda ifadəsi alınmış X2 izahatından görünür ki, o, Qahirəyə məxsus qızıl dükanına gedib orada vitrində qızıllara baxmış, həmin vaxt Sevda ora gəlmişdir. Qahirə Sevdaya onun əhatəsinin geniş olduğunu, qızılları ona nisyə satdığını demişdir. Həmin vaxt Qahirə vitrindən ona 1 ədəd sırğa dəstini göstərmiş, lakin o qızılın köhnə model olduğunu bildirərək almaq istəməmişdir. Bu zaman Sevda israrla ona qızıl-zinət əşyasını götürməsini xahiş etdiyi üçün o da qızılı götürmüşdür. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən 1 ədəd SD diskə baxış keçirilən zaman aydın olur ki, X1 onu tanıdığını, çiçək adlı şəxsə mal götürən zaman vitrinə yaxınlaşanda Sevdanın ondan ona məxsus malı götürməsini xahiş etdiyini, o da malı götürdüyünü, lakin pulunu ödəmədiklərini, ödəyən kimi onun pulunun veriləcəyini bildirmişdir. - İddiaçı Gəncə Şəhər Məhkəməsinə ünvanlandığı 21 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh qarşı qaldırdığı iddia üzrə cavabdehin əsas cavabdehlə əvəz olunmasını istəmir. İşə Cavabdeh tərəf olduğu kimi baxılmasını istəyir. Məhkəmə iclasında müəyyən olunan hallar: İddiaçı ilə cavabdeh bir birilərini uzun müddətdir ki, tanıyır. İddiaçı həmçinin X3 da xeyli vaxtdır ki, tanıyır. Onların hər üçünün bir-biriləri ilə münasibətləri yaxşı olmuşdur. Cavabdeh Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqda qızıl satışı qızıl satışı ilə məşğul olur. 2024-cü ilin yay vaxtı İddiaçı Cavabdeh işlədiyi yerə gəlmiş və 1 ədəd qızıl sırğa-üzük dəstini ona göstərərək qiymətinin müəyyən edilməsini ondan xahiş etmişdir. Cavabdeh da qızılın dəyərini öyrənib 1650 manata olduğunu iddiaçıya bildirmişdir. Bundan sonra Sevda ondan həmin qızılı vitrinə qoyub baha qiymətə satmasını xahiş etmiş, cavabdeh etiraz etməmişdir. Bundan bir neçə gün sonra Sevda Qahirənin yanına gəlmiş, həmin vaxt Leyla Əsədova da orada olmuşdur. İddiaçı Leyla Əsədovanı əvvəllər tanıdığı üçün özünə məxsus olan və Cavabdeh işlədiyi yerdə vitrinə qoyulmuş 1 ədəd qızıl sırğa dəstini Leyla Əsədovaya özü nisyə qaydada satmışdır. İddiaçı bundan sonra Leyla Əsədovaya zəng edərək qızılın pulunu istədikdə sonuncu pulu ödəyə bilməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçıya cavabdehi əsl olan cavabdehlə əvəz olunması təklif edildikdə iddiaçı ərizə yazaraq buna razılıq verməmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehə özünə məxsus qızıl zinət əşyasının qiymətini öyrənib, daha sonra vitrinə qoyub baha qiymətə satmasını tapşırmış, cavabdeh də buna razılıq vermişdir. Belə olan halda tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Lakin həmin qızıl-zinət əşyası iddiaçının da tanışı Leyla Əsədova tərəfindən iddiaçının öz istəyinə əsasən sonradan nisyə qaydada alınmış, lakin pulu Leyla Əsədova tərəfindən İddiaçı ödənilməmişdir. Belə olan halda Cavabdeh İddiaçı ilə aralarında bağlanmış tapşırıq müqavilənin şərtlərinə zidd hər hansı davranışı və bunun nəticəsində iddiaçını ziyana salması məhkəmə iclasında müəyyən edilməmişdir. Eləcə də Leylanın aldığı qızılın pulunu Cavabdeh verməsi də məhkəmə iclasında sübut olunmamışdır. Başqa sözlə, tapşırıq müqaviləsi üzrə vəkalət alan - cavabdeh tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi və bunun nəticəsində vəkalət verənə - iddiaçıya zərər vurması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Bu səbəbdən iddiaçı cavabdehə qarşı tapşırıq müqaviləsindən irəli gələn şərtlərin pozulması ilə bağlı dəymiş ziyanın əvəzi kimi üçüncü şəxsə satılan qızıl pulunu tələb etməkdə haqlı olmamışdır. Digər tərəfdən məhkəmə iclasında iddiaçının özünün də bildirməsinə görə ona məxsus qızıl-zinət əşyasını onun özünün razılığına əsasən tanışı Leyla Əsədovaya satılmış, iddiaçı ilk əvvəl Leyla Əsədovaya zəng edərək ondan pulunu istəsə də sonuncu pulu ödəməmişdir. Buna baxmayaraq, iddiaçı Leyla Əsədovaya qarşı qeyd edilən tələblə məhkəməyə müraciət etməmiş, əksinə Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında isə iddiaçıya əsl olmayan tərəfin əsl olan tərəflə əvəz olunması təklif edildikdə iddiaçı buna razılıq verməmişdir. Ona görə də məhkəmə işə mövcud tələb üzrə baxmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Odur ki, məhkəmə gəldiyi yekun qənaətə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “1650 (min altı yüz əlli) manat pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “1650 (min altı yüz əlli) manat pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar