Məhkəmə qərarları › İş №2(125)-2519/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2519/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2519/2025 19.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4900 manat borca verdiyi pulun, həmçinin 70 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiasından imtina etdiyi bildirdi və məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçı əlavə etdi ki, hazırda cavabdehlə barışmış və cavabdeh ona olan borcunu tam şəkildə ödəmişdir. Cavabdehdən heç bir şikayəti və iddia tələbi yoxdur. Buna görə də iş üzrə iddia tələbindən imtina edir, iddiadan imtinanın nəticələri ona aydındır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiasından imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və MPM-in 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar