Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2520/2023 10.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı2 açıq səhmdar cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 12 avqust 2014-cü il tarixli, 1763micGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 10.516 manat 88 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.046 manat 59 qəpik, cərimə qismində 4.197 manat 89 qəpik, cəmi 17.761 manat 36 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmrinin qəbul olunmasın xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli 2(044)- 1981/2017 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. 10 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli 2(044)-1981/2017 nömrəli məhkəmə əmrini ləğv edərək, mülki işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(044)-1981/2017 nömrəli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli 2(044)- 1981/2017 nömrəli məhkəmə əmri ləğv edilmiş və həmin materiallar iddia icraatına keçirilmişdir. 31 mart 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nümayəndəsi T.İ.Piriyeva 2(125)-2520/2023 nömrəli mülki iş üzrə tələb hüququnun 22 noyabr 2021-ci il tarixli 02/21UB nömrəli müqavilə əsasında «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətindən İddiaçı2 açıq səhmdar cəmiyyətinə keçdiyini bildirmiş və iddiaçı «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin İddiaçı2 açıq səhmdar cəmiyyəti ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə razı olduğunu bildirmiş və mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı əsl olmayan iddiaçı «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti əsl İddiaçı2 açıq səhmdar cəmiyyəti ilə əvəz edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(125)-2520/2023 nömrəli qərardadı ilə İddiaçı2 açıq səhmdar cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş üzrə icraata Cavabdeh4 aid hissədə, yəni borcun Cavabdeh4 tutulması hissəsində xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Ç.Babayev iddianı müdafiə edərək bildirdi ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında 12 avqust 2014-cü il tarixdə bağlanmış 1763micGNDJ/14-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 30.000 manat məbləğində 60 ay müddətinə kredit ayrılmışdır və 12 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 36 ay müddətinə illik 27% ödəmək şərtilə 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə bank arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdürlər. Lakin Cavabdeh1 müqavilə şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə 09 dekabr 2016-cı il tarixə Cavabdeh1 «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə 10.516 manat 88 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.046 manat 59 qəpik məbləğində borcu yaranmışdır. Sonda T.Ç.Babayev iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil iddianı qismən qəbul edərək, bildirdi ki, Cavabdeh3 «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə zamin qismində iştirak etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli 2(044)-1981/2017 nömrəli məhkəmə əmrinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada cəmi 17.761 manat 36 qəpik məbləğində pul vəsaitinin tutularaq «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə ödənilməsi qət edilmişdir. Lakin həmin məhkəmə əmrindən Cavabdeh3 məlumatı olmamış və buna görə də E.L.Bağırov məhkəmə əmrinin icrasında iştirak edə bilməmişdir. Bundan başqa, illik faiz dərəcəsi 27% olduğu halda, dəbbə pulu 4.197 manat 89 qəpik məbləğində hesablanmışdır. Bu isə əsas borcun yarısına bərabər olan məbləğdir. E.L.Bağırovun əsas və faiz borcunun ödənilməsinə maddi imkanı olmadığı halda, 4.197 manat məbləğində dəbbə pulunun hesablanması əsas və faiz borcunun da ödənilməsini də çətinləşdirə bilər. Digər tərəfdən tənasübsüz surətdə yüksək olan dəbbə pulu cavabdehlərin intizamlandırılmasına deyil, iddiaçının əsassız varlanmasına səbəb ola bilər. Cavabdeh3 maddi imkanı aşağı olduğundan, o həmin miqdarda dəbbə pulu ödəyə bilməyəcəkdir. Buna görə də, 4.197 manat 89 qəpik təşkil edən dəbbə pulunun məbləği azaldılaraq 200- 400 manat məbləğində müəyyən edilməlidir. Sonda Vəkil iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və Cavabdeh3 nümayəndəsi Vəkil dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 12 avqust 2014-cü il tarixli, 1763micGNDJ/14-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 30.000 manat məbləğində 60 ay müddətinə kredit ayrılmışdır. İş materiallarında olan 12 avqust 2014-cü il tarixli, 1763micGNDJ/14 nömrəli əlavə kredit müqaviləsinin surətindən görünür ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 27% ödəmək şərtilə 15.000 manat məbləğində kredit verilmişdir. Həmçinin həmin müqavilədən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşlər. İş materiallarında olan «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin 09 dekabr 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1lə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 12 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 borcu əsas borc qismində 10.516 manat 88 qəpik, 09 dekabr 2016-cı il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.046 manat 59 qəpik, cərimə qismində 4.197 manat 89 qəpik, cəmi 17.761 manat 36 qəpik məbləğində təşkil edir. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(044)-1981/2017 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1959-cu ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Yeni qəsəbəsi ev 46 mənzil 3-də yaşayan Cavabdeh1 xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Məhrəsə qəsəbəsi ev 17B mənzil 2-də yaşayan Cavabdeh2, xx.xx.1957-ci ildə Xanlar rayonunun Alıuşağı kəndində anadan olmuş, Gəncə şəhəri Nizami küçəsi ev 64 mənzil 6-da yaşayan Cavabdeh3 və xx.xx.1957-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri 3-cü mikrorayon ev 25 mənzil 7-də yaşayan Cavabdeh4 müştərək qaydada 10516,88 manat əsas, 3046,59 manat faiz, 4197,89 manat cərimə - cəmi 17781,07 manat və ödənilmiş dövlət rüsumu əvəzində 20 manatın tutularaq «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin hesabına köçürülməsi əmr edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 10.516 manat 88 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.046 manat 59 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 4.197 manat 89 qəpik təşkil edən cərimə məbləğinin 400 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 12 avqust 2014-cü il tarixli, 1763micGNDJ/14 nömrəli əlavə kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 10.516 manat 88 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.046 manat 59 qəpik, cərimə qismində 400 manat, cəmi 13.963 manat 47 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı2 açıq səhmdar cəmiyyətinin xeyrinə 12 avqust 2014-cü il tarixli, 1763micGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 10.516 (on min beş yüz on altı) manat 88 (səksən səkkiz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.046 (üç min qırx altı) manat 59 (əlli doqquz) qəpik, cərimə qismində 400 (dörd yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat, cəmi 13.983 (on üç min doqquz yüz səksən üç) manat 47 (qırx yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı2 açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev Azərbaycan Respublikası adından QƏRARDAD 10 may 2023-cü il İş № 2(125)-2520/2023 Gəncə şəhəri GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı2 açıq səhmdar cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 12 avqust 2014-cü il tarixli, 1763micGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 10.516 manat 88 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.046 manat 59 qəpik, cərimə qismində 4.197 manat 89 qəpik, cəmi 17.761 manat 36 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmrinin qəbul olunmasın xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli 2(044)- 1981/2017 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. 10 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli 2(044)-1981/2017 nömrəli məhkəmə əmrini ləğv edərək, mülki işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(044)-1981/2017 nömrəli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli 2(044)- 1981/2017 nömrəli məhkəmə əmri ləğv edilmiş və həmin materiallar iddia icraatına keçirilmişdir. 31 mart 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nümayəndəsi T.İ.Piriyeva 2(125)-2520/2023 nömrəli mülki iş üzrə tələb hüququnun 22 noyabr 2021-ci il tarixli 02/21UB nömrəli müqavilə əsasında «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətindən İddiaçı2 açıq səhmdar cəmiyyətinə keçdiyini bildirmiş və iddiaçı «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin İddiaçı2 açıq səhmdar cəmiyyəti ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə razı olduğunu bildirmiş və mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı əsl olmayan iddiaçı «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti əsl İddiaçı2 açıq səhmdar cəmiyyəti ilə əvəz edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata Cavabdeh4 aid hissədə xitam verilməlidir. Belə ki, «Elektron Məhkəmə» informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh4 17 iyun 2017-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 iş üzrə cavabdeh hesab edilmədiyindən, ona aid hissədə iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iddia tələbinin Cavabdeh4 aid hissəsində, yəni borcun Cavabdeh4 tutulması hissəsində iş üzrə icraata xitam verilməli və iddiaçıya Cavabdeh4 vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı2 açıq səhmdar cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş üzrə icraata Cavabdeh4 aid hissədə, yəni borcun Cavabdeh4 tutulması hissəsində xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2520/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2520/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver