Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2521/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2263 manat əsas, 300 manat cərimə, cəmi 2563 manat borcun və 44 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən, ona məxsus olan “Mebel və Elektroniks” mağazasında əşyaların satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VOEN-də Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağaza malların satışını həm nəğd, həm də kredit yolu ilə həyata keçirir. İddia tələbi üzrə cavabdeh olan, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov küçəsi, 9-cu döngə, ev 26-da yaşayan və qeydiyyatda olan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə mağazaya gələrək, dəyəri 852 manat olan TV-109 ekranlı televizoru “Nisyə alqısatqı” müqaviləsi bağlamaqla, tərəfindən tərtib olunmuş qrafiq üzrə 1 il müddətinə, hər ay ödəniş etmək şərti ilə götürmüşdür. Həmin vaxt ödənişi vaxtı-vaxtında yerinə yetirməyəcəyi təqdirdə 100 manat dəbbə pulu ödəyəcəyi bildirilmiş və bu barədə tərtib edilmiş sənədlərə imza etmişdir. Cavabdeh hər ay vaxtı-vaxtında ödənişi yerinə yetirmiş və mağazanın etibarını bir məsuliyyətli alıcı kimi qazanmışdır. Bundan 3 ay sonra yəni 11 iyun 2023-cü il tarixdə cavabdeh yenidən mağazaya gələrək, mağazanın etibarindan istəfadə edərək, bacısı Cavabdeh2 Müsteqil qızını zamin qoyaraq, 1 ədəd dəyəri 2004 manat olan, 24-lük Kondisaner AUX (ASVV-H24A4/FFRİ markalı) məişət avadanlığını yenidən “Nisyə alqısatqı” müqaviləsi tərtib etdirməklə 1 il müddətinə götürmüşdür. Vaxtında ödənişin yerinə yetirilməməsi ilə bağlı 200 manat dəbbə pulu ödəyəcəyi barədə xəbərdarlıq da edilmişdir. Həmin vaxt tərəfimizdən tərtib edilmiş sənədlərə zaminlə birlikdə imza etmişlər. Cavabdeh birinci müqavilə üzrə 6 ay ödəniş etmiş, ikinci müqavilə üzrə isə cəmi bir ay ödəniş etmiş, sonradan ödənişi yerinə yetirməmişdir. Hazırda onun birinci müqavilə üzrə mağazaya 426 manat, ikinci müqavilə üzrə 1837 manant borcu qalıb. Bununla da, mal alan ”Nisyə alqı-satqı” müqaviləsinin şərtinə əməl etməmişdir. Cavabdehlərlə dəfələrlə əlaqə yaradılmasına baxmayaraq, mağazanın tələblərinə əməl etməmiş, üzərlərinə götürdükləri öhtəliyi yerinə yetirməkdən yayınmışlar. Ötən müddət ərzində cavabdehlərə xəbərdarlıq məktubu da göndərilmişdir. Lakin bunun da, heç bir müsbət nəticəs olmamışdır. Cavabdehin könüllü borcu ödəmək fikri yoxdur. Cavabdeh işləyir, maddi cəhətdən imkanı yaxşıdır. İstəsə qalan borcu da ödəyə blər. Müqavilə bağlanan zaman mal alanla mağaza arasında vaxtında öhtəliyi yerinə yetirməyəcəyi təqdirdə mağazaya vurduğu ziyana görə, dəbbə pulu kimi qeyd edilmiş (hər iki müqavilə üzrə) cəmi 300 manat məbləğin və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəmişdir. Buna görə də, məhkəmə xərcinin də cavabdehdən alıb, mənim xeyrimə verilməsini istəyir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “nisyə alqı-satqı” müqaviləsindən görünür ki, satıcı alıcıya dəyəri 852 manat olan TV-109 ekranlı televizoru; xx.xx.2023-cü il tarixli, 280 nömrəli “nisyə alqısatqı” müqaviləsindən görünür ki, dəyəri 2004 manat olan, 1 ədəd 24-lük Kondisaner AUX (ASVV-H24A4/FFRİ markalı) məişət avadanlığını hər ay ödəniş etmək şərti ilə satın və təhvil almış, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixli, 280 nömrəli “nisyə alqısatqı” müqaviləsindən irəli gələn öhdəliklərin icrasına görə zamin qismində üzərinə məsuliyyət götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki işin tədqiq edilmiş halları əsasında alqı-satqı müqavilələri üzrə alıcı üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün, xx.xx.2023-cü il tarixli müqavilə üzrə alıcının, xx.xx.2023-cü tarixli müqavilə üzrə alıcı və zaminin əsas borca görə məsuliyyəti yaranmışdır. Bundan başqa, iddiaçı gecikdirilmiş ödənişlərə görə 300 manat cərimə tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borc xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh1, xx.xx.2023-cü tarixli müqavilə üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 42.63 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh1 426 (dörd yüz iyirmi altı) manat pul tutularaq İddiaçı ödənilsin. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1837 (min səkkiz yüz otuz yeddi) manat pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 (qırx iki) manat 63 (altmış üç) qəpik pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2521/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2521/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver