Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2522/2024 22.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2960 (iki min doqquz yüz altmış) manat məbləğində pulun və dövlət rüsumu olan 30 (otuz) manat cəmi 2990 (iki min doqquz yüz doxsan) manatın ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır. Bir yerdə çay içərək, domino oynayırlar. 2021-ci ilin aprel ayında cavabdeh onun evinə gələrək, arvadı doğum evinə getməsi üçün ondan 500 AZN borc pul istəmişdir. Hal-hazırda 500 AZN olmadığını, bir-iki günə pensiyasını aldıqdan sonra gəlib aparmasını demişdir. Cavabdeh səhəri gün gəlmiş, 500 AZN vermiş və əvəzində ekspress bankın kartını ona verərək, demişdir ki, maaş kartıdır, hər ayda kartdan 230 AZN pul çıxarsın və pin kodu ona vermişdir. O, cavabdehə 500 AZN məbləğində pulu təmənnasız, faizsiz vermişdir. 3 ay pulu çıxart 500 AZN götür, qalanını da ona verərsən demişdir. 2-3 gündən sonra cavabdeh təkrarən onun evinə gələrək, bildirmişdir ki, iş yoldaşı var ona 6-7 ay müddətinə 1000 AZN pul lazımdır, ona kart vermiş və borc ödənilənə qədər kart onda qalacağını bildirmişdir. Hər ay 230 AZN pul alır, maaş kimi borcdan əlavə ona 500 AZN hörmət edəcəkdir. Razılaşmışlar və o, cavabdehə 1000 AZN pul vermişdir. Ayın əvvəlində kartları bankomatdan yoxlayan zaman içərisində pul olmadığı müəyyən olunmuşdur. Bundan sonra cavabdehin ona verdiyi kart sahibinin Ramazanov Ələkbərin nömrəsini öyrənib ona zəng etmiş, Cavabdeh ona onun kartlarını verərək, onun adına 1000 AZN aldığını demişdir. And içmişdir ki, xəbəri yoxdur, Elvin kartı onun maaşından oğurlayıb, cavabdeh onu aldatmışdır. Bundan sonra cavabdehlə görüşmüşdür. Cavabdeh ona olan borcunu yaxın vaxtda ödəyəcəyini demişdir. Bir neçə vaxtdan sonra 240 AZN ödəmişdir. Sonra borcunu ödəmir. 34 ay vaxt keçməsinə baxmayaraq, 2021-ci ilin 8 ayı, 2022-ci ilin 12 ayı, 2023-cü ilin 12 ayı, 2024-cü ilin 2 ayı, 34 ayına dair borcu hər ay 50 AZN olur, 1700 AZN. Faiz cavabdehə verilən 500 AZN şamil edilmir. Aldığı 1500 AZN+ 1700 AZN faiz borcu olur. 3200 AZN 240 AZN verib borcu 2024-cü ilin martın 1-də olur, 2960 AZN cavabdeh Qarabağ müharibəsində iştirakına görə 80 AZN prezident pensiyası alır. Qeyd edir ki, bu barədə o vaxt Nizami Rayon polis idarəsinə, indiki 1 saylı polis bölməsi müraciət etmişdir. Cavabdeh polis idarəsində ona olan borcunu etiraf etmiş və hər ay 70 AZN söz versə də, verdiyi sözü tutmamışdır. Beləliklə, cavabdeh ona borc şəklində aldığı 1500 AZN və 34 ayda 1700 AZN dair borcunu, 3200 AZN verdiyi 240 AZN çıxaraq qalan 2960 AZN məbləğində pulu qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini yerinə yetirməkdən yayınaraq, icra etməkdən boyun qaçırır. Bu isə cavabdehin üzərinə götürdüyü öhdəliyi pozması deməkdir. Cavabdehlə aralarında olan razılaşmaya görə, könüllü şəkildə icra etmədiyi baxımından cavabdehin ona borclu olduğu 2960 AZN alınıb qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bundan sonra İddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, Cavabdeh 1500 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması hissəsi nəzərə alınaraq, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək, izahatında bildirdi ki, İddiaçı ona 2021-ci ildə hissə-hissə ödəmək şərti ilə ümumilikdə 1500 manat məbləğində borc pul vermişdir. İddiaçı olan borcunu müəyyənləşmiş müddətdə ödəyə bilməmişdir. İddiaçıya olan 1500 manat məbləğində borcunu hər ay 150 manat olmaqla, 10 ay müddətində tam şəkildə ödəyəcəyinə söz verir. Odur ki, iddia tələbinin təmin edilməsini, ondan 1500 manat pul tutulub iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 28 iyul 2022-ci il tarixli, ******* nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü İddiaçı, xx.xx.1977-ci il təvəllüdlü X5, xx.xx.2003-cü il təvəllüdlü X8, xx.xx.1966cı il təvəllüdlü X9, xx.xx.1982-ci il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.1968ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X1 şəhəri, Əli Nəzmi küçəsi, ev 62 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin 09 oktyabr 2021-ci il tarixli, 121-29541/Ş-322 nömrəli məktubunda ünvan 1 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, müraciət tərəflərindən araşdırılmış, aparılan araşdırma zamanı şikayətdə qeyd etdikləri xüsusatların məhkəmə orqanlarının səlahiyyətlərinə daxil olması izah edilməklə, toplanmış material Nizami RPİ-nin dəftərxanasında işə alınmışdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 2021-ci ildə ümumilikdə 1500 manat borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc kimi aldığı 1500 manat məbləğində pulu qaytarmamışdır. Belə olan halda iddiaçı cavabdehə qarşı mövcud tələblə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin həcminin azaldılması hissəsi nəzərə alınmaqla təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hazırkı iddia tələbinin düzgün həlli, yəni iddia tələbinin hüquqi əsası kimi aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Hazırkı mübahisə üzrə iddiaçı 1500 manat məbləğində pulu cavabdehə borc vermiş, lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmasına dair vəzifəsini icra etməyərək, iddiaçıya olan 1500 manat borcunu ödəməmişdir. Cavabdeh isə ona qarşı olan iddianı etiraf edərək, İddiaçı 1500 manat pulu borc aldığını, bugünə qədər iddiaçıya həmin pulu ödəmədiyini və iddiaçıya olan borcunu hər ay 150 manat olmaqla, 10 ay müddətinə ödəyəcəyini bildirmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən, iddia təmin olunmalı, Cavabdeh 1500 (bir min beş yüz) manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manatı olmaqla, cəmi 1535 (bir min beş yüz otuz beş) manat alınaraq, İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2522/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2522/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver