Məhkəmə qərarları › İş №2(125)-256/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-256/2023

24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-256/2023 24.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 05 may 2022-ci il tarixində baş vermiş hadisə zamanı avtomobilinin əvvəlki vəziyyətinə uyğun bərpa edilməsinə görə (avtomobilin sıradan çıxmış ehtiyyat hissələrinə və usta xərcinə görə) 620 (altı yüz iyirmi) manat, avtomobilin orta bazar qiymətinin ucuzlaşmasına görə vurulmuş zərərin əvəzi kimi 1000 (min) manat məbləğində pulun və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək 05 may 2022-ci il tarixində baş vermiş hadisə zamanı avtomobilinin əvvəlki vəziyyətinə uyğun bərpa edilməsinə görə (avtomobilin sıradan çıxmış ehtiyyat hissələrinə və usta xərcinə görə) 620 (altı yüz iyirmi) manat, avtomobilin orta bazar qiymətinin ucuzlaşmasına görə vurulmuş zərərin əvəzi kimi 1000 (min) manat, onun yol, yemək və qalmaq xərclərinə görə 700 manat məbləğində pulun və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinə iddia həcminin artırılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 08 may 2022-ci il tarixində, saat 12:00 radələrində “Hundaı Tucson” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ilə hərəkətdə olarkən X1 idarə etdiyi “Ford Transit” yük markalı, 99RK785 dövlət qeydiyyat nişanlı avtomobili ilə qəflətən geriyə sürərək ona məxsus avtomobil ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə zamanı ona məxsus avtomobilin ön hissəsi əzilərək ona avtomobilin əvvəlki vəziyyətə uyğun bərpası üçün xərc kimi 620 manat məbləğində maddi zərər dəymişdi. Hadisənin baş verməsində Cavabdeh təqsirli hesab olunmuş, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab olunaraq barəsində 50 (əlli) manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Dəymiş ziyan təkcə avtomobilin əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilmiş xərclərdən ibarət deyildir. Cavabdehin təqsiri ucbatından sözügedən avtomobilə ciddi ziyan dəyməsi, hadisədən sonra avtomobilin satış qiymətinin kəskin ucuzlaşması hazırki iddianın mübahisəsiz halıdır. Belə ki, zədələnmiş və sonradan təmir olunmuş əmtəənin görüntüsü sağlam əmtəənin görüntüsündən kəskin fərqləndiyi üçün zədələnmiş əmtəənin bazar qiyməti sağlam əmtəənin bazar qiymətindən qat-qat ucuzdur. Cavabdehin hərəkətləri nəticəsində mülkiyyətində olan avtomobilin əmtəə görüntüsü korlanmış, bununla da avtomobilin bazar qiyməti kəskin təqribən 1000 manat ucuzlaşmışdır. Beləliklə işin faktiki hallarından görünür ki, baş vermiş hadisəni törətməkdə cavabdehdən başqa heç kim təqsirli hesab olunmamışdır. Hadisəni törətməkdə təqsirli bilinmiş cavabdehə qarşı inzibati protokol tərtib olunmuş və o, inzibati məsuliyyətə cəlb olunmuşdur. O, həmin protokolu mübahisələndirməmişdir. Bununla da cavabdeh mövcud hadisədə öz təqsirini etiraf etmişdir. Buna görə də cavabdeh avtomobilə dəymiş zərər və avtomobilin orta bazar qiymətinin ucuzlaşmasına görə təqsirkardır, vurduğu zərərin əvəzini ödəməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, BA172006 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 10LH959 qeydiyyat nömrəli, Hyundai Tucson minik markalı avtomobil İddiaçı məxsusdur. xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrini törətməkdə təqsirli bilinmişdir. xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələri ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli, 11561 seriyalı mədaxil qəbzindən görünür ki, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün cəmi 290 manat xərc çəkilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7923 nömrəli rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Az turbo) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən, “Hyundai Tucson” markalı, 2008ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 17000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 1% 16830,0 manat (17000,0 manat -1%) aşağı olması istisna edilmir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindəki məlumatlara əsasən 2008-ci il buraxılışlı “Hyundai Tucson” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 290,0 manat müəyyən edilir Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus 10LH959 qeydiyyat nömrəli, Hyundai Tucson minik markalı avtomobilə zərər dəymişdir. Cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM)14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq təmir bərpa xərclərinə görə 290,0 manat, əmtəə dəyərinin aşağı düşməsinə görə 170,0 manat olmaqla cəmi 460 (dörd yüz altmış) manat pul alınaraq İddiaçı verilməlidir. İddia tələbinin yol, yemək və qalmaq xərclərinə görə 700 manat məbləğində pulun tutulmasına qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı bu barədə hər hansı sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq təmir bərpa xərclərinə görə 290,0 manat, əmtəə dəyərinin aşağı düşməsinə görə 170,0 manat olmaqla cəmi 460 (dörd yüz altmış) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Büdcə təsnifatının kodu 142595,büdcə səviyyəsinin kodu3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir ) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar