Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-262/2024 04.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 1167 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus Toyota Prado markalı, 77CB967 dövlət nömrə nişanlı avtomaşını Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə D.Qorqud küçəsinin kəsişməsində yerləşən işıqfordan keçən zaman, sol istiqamətdən D.Qorqud küçəsi ilə hərəkət edən 10VH949 nömrə nişanlı Hyundai SANTAFE minik markalı avtomaşın işıqforun qadağanedici, yəni qırmızı işıqda keçərək iddiaçını vurmuşdur. Yol hərəkəti qaydalarını pozmaqla qəza törətməsi nəticəsində iddiaçıya məxsus Toyota Prado markalı, 77CB967 dövlət nömrə nişanlı avtomaşına ziyan dəymişdir. Dəymiş ziyan "xxxx" ASC-nin nümayəndəsi tərəfindən qiymətləndirilərək dəymiş zərər məbləği 6010 manat müəyyən edilsə də, iddiaçıya 4842,97 manat ödənilmişdir. İddiaçının avtomaşınına daha çox zərər dəydiyini "xxxx" ASC-nin sifarişi ilə “İndividual Servis” şirkətində müraciət edərək sıradan çıxmış hissələrə dəymiş zərər qiymətləndirilərək 6010 manat müəyyən edilmişdir. Sığorta şirkəti 5000 manatdan artıq ödəniş edə bilmədiyi üçün 4842,97 manat məbləğində ödəmişdir. İcbari Sığortalar haqqında qanunun 13.1-ci bəndinə əsasən İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Odur ki, mülkiyyətində olan Toyota Prado markalı, 77CB967 dövlət nömrə nişanlı avtomaşına dəymiş zərər nəticəsində 1167 manat ziyan və 100 manat məbləğində ödənilmiş rüsumun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, sürücü Cavabdeh İXM-nin 327.2-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. İşdə olan "xxxx" ASC-nin sifarişi əsasında icraçı fiziki şəxs Dadaşov Tacəddin tərəfindən tərtib edilmiş yekun qüsur aktından görünür ki, 2007-ci ildə istehsal olunmuş “Toyota Prado” markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomaşının ehtiyyat hissələri və görülən işlərə görə təmir xərci 6010.00 manat təşkil edir. İşdə olan "xxxx" ASC-nin kassa məxaric orderindən görünür ki, müştəri X1 4842.97 manat pul ödənilmişdir. İşdə olan 9/9344 saylı xx.xx.2024-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “İndividual Serviseces” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Prado” markalı, **- CB-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4950.0 manat müəyyən edilir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə D.Qorqud küçəsinin kəsişməsində yerləşən işıqfordan keçən zaman, sol istiqamətdən D.Qorqud küçəsi ilə hərəkət edən Cavabdeh idarə etdiyi **-VH- *** nömrə nişanlı Hyundai SANTAFE minik markalı avtomaşın işıqforun qadağanedici, yəni qırmızı işığında keçərək İddiaçı idarə etdiyi ona məxsus “Toyota Prado” markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobilə dəyərək zərər vurmuşdur. İddiaçı hadisə nəticəsində ona məxsus “Toyota Prado” markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobilə 6010.00 manat zərər dəydiyini, həmin zərərin 4842.97 manatının sığorta şirkəti tərəfindən ödənildiyini qeyd edərək, qalan 1167 manat ziyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin yüksək təhlükə mənbəyinin vurduğu ziyanla bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçı baş vermiş hadisə nəticəsində ona məxsus avtomobilə 6010 manat maddi ziyan dəydiyini qeyd etsə də, 9/9344 saylı xx.xx.2024-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddiaçıya məxsus 2007-ci il buraxılışlı “Toyota Prado” markalı, **- CB-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4950.0 manat təşkil etdiyi müəyyən edilmişdir ki, həmin ziyanın da, 4842.97 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qismən, 107.3 manat hissəsində təmin edilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 33 manat dövlət rüsumu 3 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməli, 50 manat ekspertiza xərcinin 4.6 manatı cavabdehdən 45.4 manatı iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 107.3 (bir yüz yeddi manat otuz qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 33 manat dövlət rüsumunun 3 (üç manat) manatı Cavabdeh alınaraq İddiaçı verilsin, 50 manat ekspertiza xərcinin 45.4 (qırx beş manat qırx qəpik) manatı İddiaçı, 4.6 (dörd manat altmış qəpik) manatı Cavabdehndаn alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-262/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-262/2024
04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver