Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-262/2025 14.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (qızı) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindəki 8 saylı binanın 2 saylı mənzilindən istifadə hüququna ədalətli kompensasiya müəyyən edilərək xitam verilməsi və mənzilindən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Yeni Gəncə qəsəbəsində yerləşən 8 saylı binanın 2 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın dövlət reyestr xidmətindən alınmış çıxarış qeyd edilən faktı təsdiq edir. Mərhum oğlu X3 Cavabdeh ilə xx.xx.2000-ci il tarixdə Gəncə şəhəri Nizami rayonu Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Gəncə şəhər Məhkəməsinin 2(125)- 2759/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə oğlu X6, gəlini X7, nəvələri X8, X1 ona məxsus olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindəki 8 saylı binanın 2 saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. Ancaq qeyd edilən iddia tələbi qismən təmin edilərək Cavabdeh Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindəki 8 saylı binanın 2 saylı mənzilindən istifadə hüququna xitam verilməmişdir. Cavabdeh hazırda ona məxsus olan mülkiyyətindən istifadə edir və onun öz mülkiyyətindən istifadəni mümkünsüz hala gətirib. Belə ki, ona qarşı dözülməz şərait yaradıb, dəfələrlə təhqirlər edib və fiziki zorakılıq tətbiq edib. Bu səbəbdən dəfələrlə qorxu içərisində aylarla qızı Nümayəndə evində qalmağa məcbur olmuşdur. Son olaraq xx.xx.2024-cü il tarixdə o, Cavabdeh tərəfindən döyülmüşdür. Müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə tibb ekspertizasının rəyi ilə də bədən xəsarətləri müəyyən edilmiş, Gəncə şəhəri BPİ-nin 3-cü Polis bölməsində qeyd edilən iş davam edir. Hazırda cavabdeh ilə eyni mənzildə yaşamaqları faktiki mümkünsüz hala gəlib. Cavabdeh məktəbdə işləyir və 330 (üç yüz otuz) manat maaş alır. Gəncə şəhərində rahatlıqla 150-200 manat aralığında lalafo və tap.az kimi internet saytlarının köməyi vasitəsilə kirayə ev tapmaq mümkündür. Cavabdeh 3 il ərzində 150 manatlıq kirayə evdə qalarsa 5400 manat kirayə haqqı ödəyəcək. O, aylıq yaşlılıq üçün müəyyən edilmiş müavinətindən topladığı (4000-7200 aralığında) pulu Cavabdeh kompensasiya olaraq verilməsinə razıdır. Həyatının qalan hissəsinə öz əziyyəti ilə əldə etdiyi mülkiyyətində layiqli həyat yaşamaq istəyir. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia ərizəsinin məzmununda izahat vermis, cavabdehin ona qarşı dözülməz hərəkətlər etdiyini xüsusilə vurğulayaraq, onunla bir yerdə yaşamalarının mümkünsüz olduğunu bildirmiş, ona məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindəki 8 saylı binanın 2 saylı mənzilindən Cavabdeh istifadə hüququna 8000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi (qızı) Nümayəndə iştirak etmiş, iddia ərizəsinin məzmununda izahat vermis, tərəflərini bir yerdə yaşamalarının mümkünsüz olduğunu bildirmiş, İddiaçı məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindəki 8 saylı binanın 2 saylı mənzilindən Cavabdeh istifadə hüququna 8000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, həmin evin dəyəri təxminən 68000 manat civarındadır. Həmin məbləğ hesabına ona ya 30000 manat dəyərində 1 otaqlı mənzil alsınlar, ya da həmin 30000 manat məbləğdə pul versinlər. Başqa heç bir kompensasiya məbləği ilə razı deyildir. Sonda iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı mənzil Daşınmaz əmlakın Dövlət reyestrində mülk kimi İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Veto Consulting MMC-nin xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, İddiaçı mülkiyyətində olan, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 8 ünvanında yerləşən, çıxarış üzrə yaşayış sahəsi 84.60 kv.m olan, 4 otaqlı, 2 nömrəli mənzilin 25 iyun 2025-ci il tarixinə bazar dəyəri 68000 (altmış səkkiz min) manat təşkil edir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-2759/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər X1, X4, X2 və yetkinlik yaşına çatmayan övladı X5 Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, ev 8, 2 nömrəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddia tələbinin Cavabdeh münasibətdə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehə 8000 manat kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğ cavabdehin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 8, 2 nömrəli mənzilə olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Cavabdeh isə bildirmişdir ki, təklif olunan kompensasiya məbləği ilə razı deyildir. Məhkəmə ilkin olaraq iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olub-olmaması ilə bağlı qeyd edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, Cavabdeh isə mübahisəli evdə istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehin istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə subyektiv hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. İddia ərizəsində iddiaçı cavabdehin ona qarşı hətta fiziki zorakılıq etdiyini də qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehə təklif olunan kompensasiya məbləği onun birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağa imkan verməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Qeyd edilənləri diqqətdə saxlayan məhkəmə hesab edir ki, iddiaçı tərəfin təklif etdiyi 8000 manat kompensasiya məbləği iddianın təmin edilməsi üçün yetərli məbləğdir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə iddia təmin edilməli, İddiaçı tərəfindən 8000 manat kompensasiya verilməklə Cavabdeh Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 8, 2 nömrəli mənzilindən istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh ünvan 1 nömrəli mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-262/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-262/2025
14.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver