Məhkəmə qərarları › İş №2(125)-2625/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2625/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2625/2024 21.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən aldanaraq mənimsədiyi ümumilikdə 12800 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 129 manat məbləğində pulun və iddia ərizəsinin tərtibi üçün hüquqi xidmətə görə 80 manat məbləğində pulun Cavabdeh alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehlə birlikdə Göygöl rayonu Pənahlılar kəndində yerləşən məktəbdə müəllim işləmiş, yaxşı münasibətləri olmuşdur. Cavabdeh ondan borc pul istəmiş, kredit götürməsini və hər ay ödəyəcəyini demişdir. Notariusa gedərək cavabdehə 12800 manat məbləğində borc verməsinə dair müqavilə bağlamışdırlar. Lakin bu günədək cavabdeh 1 manat belə borcundan ödəniş etməmişdir. O, götürdüyü krediti faiz borcu da daxil olmaqla özü ödəmiş, borca görə mal-qarasını da satmışdır. Cavabdeh ona xeyli ziyan vurmuşdur. Notariusda bağladıqları müqavilənin vaxtı mart ayında bitmişdir. Dəfələrlə pulu ödəməsini tələb etmiş, valideynlərinin yanına getmiş, cavabdeh isə nə vaxt imkanı olsa ödəyəcəyini demişdir. Hazırda özünün də imkanı yoxdur, dolana bilmir. Tək maaşıdır ki, o da azdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhər 3 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, 3M-174 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 12800 manat məbləğində borc pul verməyi, borc alan Cavabdeh isə krediti xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 185453 nömrəli qəbzdən görünür ki, hüquqi xidmət göstərilməsinə görə X1 tərəfindən 80 manat məbləğində ödəniş edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 12800 manat məbləğində borc almış, lakin müqavilənin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında təqdiq edilmiş sübutlarla hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq, cavabdehdən 12800 manat pul və hüquqi yardıma görə ödənilmiş 80 manat alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 129 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 12800 (on iki min səkkiz yüz) manat pul, hüquqi yardıma görə ödənilmiş 80 (səksən) manat və 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar