Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2626/2024 03.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2018-ci il tarixli, 03/3789/KİK nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş vəsaitin əvəzi qismində 5.166 manat 65 qəpik, icra xərcinin əvəzi qismində 362 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş xidmət haqqının əvəzi qismində 18 manat, cəmi 5.546 manat 65 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, göstərdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 03/3789/KİK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC tərəfindən 12 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə faiz borcu hesablanmaqla 5.000 manat məbləğində kredit verilmişdir. O, "xxxx" ASC qarşısında qeyd olunan müqavilədən irəli gələn öhdəliklərini Cavabdeh icra etmədiyi halda həmin öhdəlikləri icra edəcəyinə dair "xxxx" ASC ilə eyni tarixli zaminlik müqaviləsi bağlamışdır. Lakin Cavabdeh sonradan həmin öhdəliklərini icra etməmişdir. Buna görə də Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1373/2019 nömrəli qətnaməsi əsasında 5.137 manat 70 qəpik məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun ondan və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh "xxxx" ASC qarşısında öhdəliklərini icra etmədiyindən qeyd olunan borc məbləği və icra haqqı olaraq 362 manat məbləğində pul vəsaitini Cavabdehun öhdəliklərinin icrası kimi zamin qismində onun əmək pensiyası hesabından tutmuşdur. Bundan başqa «Gəncə Avtomobil» zavodunda işlədiyi dövr ərzində əmək haqqından 295 manat 76 qəpik məbləğində pul vəsaiti tutularaq sözügedən borcun ödənişinə yönəlmişdir. O, əmək haqqından hər ay tutmalar aparılmasının qarşısını almaq üçün Cavabdeh öhdəliklərinin icra olunmamış hissəsi kimi 600 manat məbləğində pul vəsaitini də bir dəfəlik şəkildə "xxxx" ASC-yə ödəmişdir. Cavabdeh sonuncunun öhdəliklərinin icrası istiqamətində "xxxx" ASC-yə ödənilmiş vəsaitin əvəzi qismində 5.166 manat 65 qəpik, icra xərcinin əvəzi qismində 362 manat, "xxxx" ASC-yə ödənilmiş xidmət haqqının əvəzi qismində 18 manat, cəmi 5.546 manat 65 qəpik məbləğində pul vəsaitinin ona qaytarılması tələb etsə də, Cavabdeh müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. Qeyd olunan səbəbdən də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 03/3789/KİK nömrəli kredit müqaviləsindən görünür ki, 12 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə faiz borcu hesablanmaqla 5.000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, 03/3789/KİK nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli, 03/3789/KİK nömrəli kredit müqaviləsinin icrası üzrə "xxxx" ASC qarşısında Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1373/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 03/3789/KİK nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh və İddiaçı müştərək qaydada xx.xx.2018-ci il tarixli, 03/3789/KİK nömrəli kredit müqaviləsi üzrə 4.645 manat 69 qəpik əsas, 406 manat 63 qəpik faiz və 85 manat 38 qəpik penya olmaqla cəmi 5.137 manat 70 qəpik məbləğində kredit borcunun və ödənilmiş 30 manat 40 qəpik məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan LPO "xxxx" ASC Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********878 nömrəli məktubdan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1373/2019 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. İcra tədbirləri nəticəsindən xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı əmək pensiyasından ümumilikdə 5.168 manat 15 qəpik məbləğində pul vəsaiti tutularaq kredit öhdəliyinə yönəlmiş və borc öhdəliyi tam şəkildə icra olunmuşdur. İş materiallarından olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1373/2019 nömrəli icra sənədi Gəncə şəhəri üzrə İcra idarəsinin icraatında olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə İddiaçı əmək pensiyasından ümumilikdə 4.270 manat 89 qəpik məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC-nin hesabına İddiaçı tərəfindən 600 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli, 03/3789/KİK nömrəli kredit müqaviləsinin ödənişi üzrə hissə-hissə olmaqla cəmi 18 manat məbləğində xidmət haqqı ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 8086 nömrəli qəbzdən görünür ki, İddiaçı icra ödənişi üzrə 362 manat məbləğində pul vəsaitini Gəncə şəhəri üzrə icra İdarəsinə ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 556 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 03/3789/KİK nömrəli kredit müqaviləsinə əsasən İddiaçı «Gəncə Avtomobil» zavodunda işlədiyi dövr ərzində əmək haqqından 295 manat 76 qəpik məbləğində pul vəsaiti tutularaq LPO "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, Cavabdehun "xxxx" ASC ilə bağladığı və İddiaçı zamin qismində iştirak etdiyi kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, buna görə də İddiaçı əmək pensiyası hesabından xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 5.168 manat 15 qəpik məbləğində pul vəsaiti tutulmuş, xx.xx.2024-cü il tarixdə isə İddiaçı tərəfindən həmin öhdəliklərin icrası qismində 600 manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə ödənilmişdir. Bundan başqa, həmin öhdəliyin icra edilməsi üzrə icra ödənişi olaraq 362 manat məbləğində pul vəsaiti də İddiaçı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh əsas borcun əvəzi qismində 5.166 manat 65 qəpik, icra xərcinin əvəzi qismində 362 manat, xidmət haqqının əvəzi qismində 18 manat, cəmi 5.546 manat 65 qəpik məbləğində pul vəsaiti alınıb, İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, 03/3789/KİK nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş vəsaitin əvəzi qismində 5.166 (beş min bir yüz altmış altı) manat 65 (altmış beş) qəpik, icra xərcinin əvəzi qismində 362 (üç yüz altmış iki) manat, xidmət haqqının əvəzi qismində 18 (on səkkiz) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 (yetmiş yeddi) manat, cəmi 5.623 (beş min altı yüz iyirmi üç) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2626/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2626/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver