Məhkəmə qərarları › İş №2(125)-2651/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2651/2023

14.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2651/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6500 manat borcun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə sadə yazılı “borc müqaviləsi” bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan 6500 manat məbləğində borc almış, borcunu 2 aya tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdehə 23 iyul 2022-ci ildə 6500 manat borc pul vermişdir, cavabdeh borcunu 2 ay müddətinə qaytarmasına söz versə də, qaytarmamışdır. Buna görə də hesab edir ki, 6500 manat pul cavabdehdən tutulub ona ödənilməlidir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh 2022-ci ilin iyul ayında Rusiyaya gedəcəyi üçün ondan çayxanada şahidlərin yanında borc istəmiş, 2 ay müddətinə ödəyəcəyini demişdir. İddiaçı da ona çayxanda şahidlərin qarşısında 6500 manat borc vermiş və cavabdehdən borcu alması barədə iltizam almışdır. Borcu verdikdən sonra 2 aydan çox müddət keçməsinə baxmayaraq cavabdeh telefonlara cavab verməmiş, borcu ödəməmişdir. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin baxışında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, iddiaçıdan yox, Emin Məmmədov adlı şəxsdən 1800 manat məbləğində pul almışdır, həmin şəxs də hazırda pulu ondan tələb edir. İddiaçının məhkəməyə təqdim etdiyi iltizamla bağlı isə qeyd edir ki, iltizamı Töhfəddin dediyi kimi yazmış və ona qol çəkmişdir. Cavabdeh məhkəmə baxışının növbəti iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlı olsa da məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, iddiaçını tanıyır, onun qonşusu ilə yaxındır, hətta onun evlərində qonaq da olmuşdur. Keçən ilin iyul ayında Töhfəddinlə bir yerdə parkda oturanda Töhfəddin ona bir yoldaşa Rusiyaya getməsi ilə əlaqədar borc verəcəyini, həmin yoldaşın da ona manqal hədiyyə edəcəyini demişdir. Töhfəddinin 6500 manat məbləğində pulu cavabdehə verdiyini və cavabdehin iltizamı yazıb verdiyini görmüşdür. Cavabdeh pulu aldıqdan sonra qaytaracağını demişdir. Cavabdeh Rusiyadan qayıtdıqdan sonra iddiaçı ondan pulu istəyəndə işinin alınmadığına görə borcu qaytara bilməyəcəyini bildirmişdir. Məhkəmə, iddiaçının izahatını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə tərəflər arasında “borc müqaviləsi” adlanan xx.xx.2022-ci il tarixli sadə yazılı müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçı, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2022-ci il tarixli yazılı kredit müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən 6500 manat pulun iki ayadək qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı çatmışdır. İddiaçı yazılı müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdeh həmin müqaviləni bağladığını və imzaladığını bildirsə də əslində iddiaçıya deyil, başqa bir şəxsə cəmi 1800 manat borcunun olduğunu qeyd etmiş, lakin bu qeyd etdiklərini təsdiq edən, o cümlədən iddianı aradan qaldıran hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia təmin edilməli, 6500 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 85 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 85 (səksən beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar