Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2657/2025 23.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 23741 manat borcun və 162 manat dövlət rüsumunun; Cavabdeh2 4815 manat borcun və 69 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 və Cavabdeh2 sonuncunun onun etibarından sui-istifadə etməsi nəticəsində ümumilikdə 23741 manat borcu Cavabdeh1 vermişdir. Cavabdeh2 isə ümumilikdə 4815 manat məbləğində borc vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının anası tərəfdən uzaq qohumdur. 2020-ci ildə Gəncə şəhəri ermənilər tərəfindən bombalanan zaman cavabdehlər sığınmaq üçün ailə üzvləri il birlikdə Daşkəsən Rayonu Qabaqtəpə kəndinə gəlmişdilər. Bununla da Cavabdehlərlə səmimi münasibətləri yaranmışdır. Cavabdeh Eşqinlə bir qohum kimi səmimi münasibət yarandığı üçün arabir telefonla əlaqə saxlayıb danışırdılar. Eşqinlə danışıq əsnasında iddiaçını işə düzəltməkdə köməklik edə biləcəyini və yoldaşınında xəstəxanaya həkim köməkçisi düzəltdiyini bildirdi. İddiaçı isə diplomunun olmadığını və bu halda onu necə həkim köməkçisi düzəldəcəyini soruşub. Eşqin xəstəxanada etibarlı iş düzəldə biləcək adamının olduğunu və diplomsuzda onu işə düzəldə biləcəyini bildirib. Buna görə də ondan 2000 manat istəyib. İddiaçı isə cavabdehə inanaraq işə düzəlməyilə bağlı 2022-ci ilin oktyabr ayında 2000 manat pul verib. Cavabdeh işə düzəlməyilə bağlı ondan atestatını, şəxsiyyət vəsiqəsinin surətini, 3-4 foto şəkilləri götürüb. Bundan sonrada onunla birlikdə gedib mağazadan əmək kitabçası alıb və həmin sənədləri xəstəxanaya təqdim etmək üçün özü ilə aparıb. 2023-cü ilin yanvar ayında cavabdeh ona müraciət edərək alver etmək üçün əlində pulunun az olduğunu və alverinin daha yaxşı getməsi üçün ondan borca 1000 manat istəyib. İddiaçı isə cavabdehin anasının qohumu olduğu və ona yaxşlıq etmək üçün xx.xx.2023-cü il tarixdə "xxxx" MMC kredit təşkilatına qızıl zinət əşyalarını girov qoyub MQ-2846 saylı müqavilə bağlayaraq 1050 manat pul götürüb Eşqinə verib. Cavabdeh isə söz verib ki, həmin krediti özü ödəyəcək. Lakin cavabdeh aylıq krediti ödəməyib. Səbəbini isə alverin yaxşı getmədiyi ilə əlaqələndirib. Cavabdeh 2023-cü ilin yanvar ayında ona müraciət edərək bildirib ki, ona verdiyi 1050 manat pul alver etmək üçün kifayət etmir və ona əlavə 3000 manatda pulda lazımdır. İddiaçı yenə də cavabdehə inanıb Rabitə banka qızıl-zinət əşyalarını girov qoyaraq xx.xx.2023-cü il tarixdə 2995 manat pul götürüb Eşqinə verib. Eşqin həmin krediti ödəmədiyi üçün gecikmə fazi ilə birlikdə cəmi 3442 manat krediti tam şəkildə ödəyib bağlayıb. Cavabdeh2 2023-cü ilin aprel ayında ona müraciət edərək evinə sənəd düzəltmək üçün ona təcili 2000 manat pul lazım olduğunu və ona borc verməyini xahiş edib və bir aya borcunu tam şəkildə qaytaracağını bildirib. Cavabdeh ondan aldığı 2000 manat pulu 1 aydan sonra qaytarmış və bildirmiş ki, evin sənədini düzəldə bilməyib. Lakin Eşqin yenə də alver etməyə pul kifayət etmədiyi üçün ondan bankdan pul götürüb ona verməyini xahiş edib. İddiaçı yenədə ona inanıb Rabitəbankdan xx.xx.2024-cü il tarixdə 5600 manat kredit götürüb Eşqinə verib.Eşqin 5600 manat krediti ödəmədiyi üçün faiz borcu ilə birlikdə cəmi 6386 manat kredit borcunu tam şəkildə Sevinc ödəyib. Cavabdeh1 2023-cü ilin iyul ayında ona müraciət edib biznesini dahada çox inkişaf etdirib və pul qazanıb ona və başqa adamlara olan borclarını ödəmək istədiyi üçün İddiaçıə məxsus avtomaşını girov qoyub 10000 (on minə) yaxın kredit götürməkdə ona köməklik etməyini xahiş edib. İddiaçı isə cavabdehin biznesini inkişaf etdirib yaxşı pul qazanıb ona olan borcunu qaytarması üçün ona inanıb özünə məxsus **-CX-*** dövlət qeydiyyat nişanlı CHEVROLET markalı avtomaşını girov qoymağa razılıq verib. Bundan sonra xx.xx.2023-cü il GOLD SAPFİR MMC Cavabdeh1la kredit müqaviləsi bağlayaraq ona 8100 manat pul verib. Daha sonra cavabdeh iddiaçıya müraciət edərək bankdan götürdüyü 8100 manat pulu ödəməkdə çətinlik çəkdiyini və alver edib pul qazanıb bank pulunu ödəmək istədiyini və ödəmədiyi tədqirdə isə girovda olan maşın bank tərəfindən satılacağını bildirdi. Cavabdeh 8100 manat borcu ödəmədiyi üçün gecikmə faziləri ilə birlikdə cəmi 10863,79 manat kredit ödənişini tam olaraq İddiaçı ödəmişdir. Cavabdeh2 2023-cü ilin dekabr ayında ona bir daha müraciət edərək oğlunun ona olan borclarını bir dəfəyə ödəmək üçün evini kreditə qoyub pul götürmək istədiyini bildirdi. Lakin evinin sənədi düz olmadığına görə evi banka qoya bilmir. Buna görə də ona 5000 manat borca pul istəmiş, iddiaçıda ona inanıb Rabitə bankdan xx.xx.2023-cü il tarixdə 4470 manat kredit götürüb ona verib. Cavabdeh2 ona verilən pulu ödəmədiyi üçün gecikmə faizi ilə birlikdə cəmi 4815 manat pulu banka tam şəkildə İddiaçı ödəyib. Lakin cavabdeh pulu götürdükdən sonra evini banka girov qoyub oğlunun Sevincə olan borcunu və Cavabdeh2 verilən 4470 manat pulu qaytarmadı. Cavabdeh2 ona verilən 4815 manat pulu qaytarmağı dəfələrlə tələb etsə də, müxtəlif bəhanələr edərək qaytarmaqdan qərəzli olaraq yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbin təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, aldığı borclardan Cavabdeh1 cəmi 3259 manat geri ödəniş etmişdir, bank hesablarıyla edilmiş ödənişlər də həmin məbləğə daxildir; Cavabdeh2 aldığı 2000 manat borcu geri qaytarmışdır, video yazı həmin halı təsdiqləyir, lakin hazırda tələb etdiyi 4815 manat borcu isə daha sonra vermişdir və bu hal təqdim etdiyi audio yazılarla təsdiqlənir; Cavabdeh1 tələb edilən 11000 manat və 16000 manat ayrı-ayrılıqda borc məbləğləridir. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddiaya etiraz edərək bildirdi ki, iddiaçıdan təxminən 2023-cü ildə 3000 manat və 1000 manat borc almışdır; iş materiallarına əlavə olunmuş qəbzi imzalamışdır, qəbzi yazıb-yazmadığını xatırlamır; iş materiallarına əlavə olunmuş audio-video yazıdakı şəxs özüdür; iddiaçıya borclarını geri qaytarmışdır, bu hal bank hesablarından çıxarışlarla təsdiqlənir; iddiçıya 2350 manat geri ödəniş etmişdir; yay aylarında birgə istirahətdə olduqları dövrdə ona məxsus telefondan iddiaçı özü ilə yazışma apararaq sübut qismində məhkəməyə təqdim etmişdir, lakin bu halı təsdiqləyən dəlil təqdim edə bilmir, həmin yazışmalar yalandır. Cavabdeh1 əvvəlki məhkəmə iclasında bildirmişdi ki, qiyabi qətnamənin ləğvinə dair ilkin ərizələrinin üstündə qeyd olunmuş “***- ***-**-**” mobil nömrəsi onun adına qeydiyyata alınmışdır və məhkəmə icraatı zamanı azyaşlı oğlunun istifadəsində olmuşdur, buna görə həmin mobil nömrəyə göndərilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlərdən məlumatsız olmuşdur; “***-***-**-**” mobil nömrəsi onun istifadəsində olmuşdur və iddiaçı ilə həmin nömrə vasitəsiylə əlaqə saxlamışdır; anası əməliyyat olunduğu üçün məhkəmə iclaslarından iştirak edə bilməmişdir; iddiaçıdan 1000 manat və 3000 manat olmaqla iki dəfə borc götürmüşdür, borc aldığı tarixləri dəqiq xatırlamasa da təxminən 2020-2021-ci illərdə həmin borcları almışdır; həmin məbləğlərdən başqa, iddiaçıdan hər hansı məbləğdə borc almamışdır; iddiaçıdan aldığı borcları geri qaytarmışdır və bu hallar bank çıxarışlarıyla təsdiqlənir. Cavabdeh1 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz edərək bildirdi ki, iddiaçıdan 2000 manat borc almışdır, aldığı borcu təxminən 2 il sonra geri qaytarmışdır, bu hal təqdim edilən audio-video yazı ilə təsdiqlənir, geri qaytarılan məbləğdən başqa iddiaçıdan hər hansı borc almamışdır. Cavabdeh2 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzə əsasən, Cavabdeh1 İddiaçı 16 min borcu var, 6 ay ərzində hər ay 3 min qaytaracaq. İş materiallarında olan audio-video yazıdan görünür ki, “Mən Cavabdeh1 İddiaçı 11000 manat pul götürdüm, bugün xx.xx.2023-cü il tarixdə 1 il müddətinə xx.xx.2024-cü il tarixinə hər hansı pulu ödəməsəm, istənilən məhkəmə, polis orqanlarına verə bilər.” İş materiallarında olan video yazıdan görünür ki, Cavabdeh2 iştirakı ilə edilən ödənişi İddiaçı sayaraq qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (maddə 739). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740). Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Hazırkı iş üzrə iddiaçı Cavabdeh1 23741 manat borcun tutulmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 11000 manat borcunetirafına dair audio-video yazıyla və xx.xx.2024-cü il tarixdə 16000 manat borcun etirafına dair qəbzlə tələbini əsaslandırmışdır. Məhkəmə icraatı zamanı Cavabdeh1 həmin qəbzi imzaladığını və həmin yazıdakı şəxsin özü olduğunu bildirdiyindən qeyd edilən sübutlara əsasən (11000+16000=27000) cəmi 27000 manat borcun verildiyi etiraf olunmuşdur. Məhkəmə icraatı zamanı iddiaçı Cavabdeh1 ümumi borcundan cəmi 3259 manat ödəniş etdiyini bildirmişdir. Beləliklə, mülki işin tədqiq edilmiş halları əsasında qəbz və audio-video yazıyla verilməsi təsdiqlənən borcdan iddiaçının etiraf etdiyi ödənişi çıxmaqla (27000-3259=23741) Cavabdeh1 23741 manat borcun iddiaçının xeyrinə tutulması hissəsində iddia təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 iddiaçıdan 2023-cü ildə 1000 manat və 3000 manat məbləğlərində borc aldığını bildirsə də, məhkəmə tələb üzrə qətnamə çıxardığından, həmin məbləğlər iddianın təmin edilməli müvafiq hissəsini artıra bilməz. Bundan başqa, həmin cəmi 4000 manat borcun mötəbər sübutlarla təsdiqlənən borc həcminə daxil olubolmadığı müəyyən olunmur. Digər tərəfdən, Cavabdeh1 bank hesablarından çıxarışlar təqdim etməklə yanaşı iddiaçıya 2350 manat ödəniş etdiyini bildirmişdir, iddiaçı isə həmin cavabdehin borcundan 3259 manat ödəniş etdiyini etiraf etmişdir, məhkəmə həmin məbləğlər arasındakı fərqi nəzərə alaraq hesabdan çıxarışlar üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilməsinə zərurət olmadığını hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı həmçinin Cavabdeh2 4815 manat borcun tutulmasını xahiş edir və həmin tələbin audio yazılarla təsdiqləndiyinə əsaslanır. Məhkəmə araşdırması nəticəsində Cavabdeh2 izahatı və (ya) audio yazılarla bu hal müəyyən olunmur, buna görə iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 162 manat pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 23741 (iyirmi üç min yeddi yüz qırx bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 162 (yüz altmış iki) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2657/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2657/2025
23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver