Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-266/2024 10.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8300 (səkkiz min üç yüz) AZN əsas borc, 623,56 (altı yüz iyirmi üç manat əlli altı qəpik) AZN faiz borcu və 143,68 (bir yüz qırx üç manat altmış səkkiz qəpik) AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 9067,24 (doqquz min altmış yeddi manat iyirmi dörd qəpik) AZN məbləğində borcun və 110,67 (bir yüz on manat altmış yeddi qəpik) AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 03 aprel 2023-cü il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16,7 faizlə 36 ay müddətinə 8300 AZN məbləğində kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü ilin sentyabrın 15-dək Cavabdeh banka 03 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 8300 AZN əsas, 623,56 AZN faiz borcu və 287,35 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 9210,91 AZN borcu vardır. Cavabdeh 03 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 287,35 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faiz miqdarında olmaqla, yəni 143,68 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, 15 sentyabr 2023-cü il tarixli maliyyə arayışında Cavabdeh banka olan cərimə borcu 287,35 (iki yüz səksən yeddi manat otuz beş qəpik) AZN olmasına baxmayaraq, iddia ərizəsi məhkəməyə verilən zaman qeyd edilən cərimə məbləği cavabdehə güzəşt edilib azaldılaraq, 143,68 (bir yüz qırx üç manat altmış səkkiz qəpik) AZN məbləğində müəyyən edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 03 aprel 2023-cü il tarixli “Bank xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər” müqaviləsinə əsasən ona illik 16,7 faiz olmaqla, 36 ay müddətinə 8300 AZN məbləğində kredit verilmişdir. Cərimə borcu ilə razı deyildir və onun azaldılmasını istəyir. Hal-hazırda “ANAMA”-da işləyir və 648 manat əmək haqqı alır. Maddi imkanı olduqda borcundan ödənişlər edəcəkdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2023cü il tarixli “Bank xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər” müqaviləsinə əsasən Cavabdeh illik 16,7 faiz olmaqla, 36 ay müddətinə 8300 AZN məbləğində kredit verilmişdir. 03 aprel 2023-cü il tarixli kassa məxaric orderinin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabından 8300 AZN məbləği imza edərək götürmüşdür. 15 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 aprel 2023-cü il tarixli “Bank xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər” müqaviləsinə əsasən Yelo Bank» Açıq Səhmdar Cəmiyyətinə 8300 (səkkiz min üç yüz) AZN əsas, 623,56 (altı yüz iyirmi üç manat əlli altı qəpik) AZN faiz və 287,35 (iki yüz səksən yeddi manat otuz beş qəpik) AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 9210,91 (doqquz min iki yüz on manat doxsan bir qəpik) AZN borcu vardır. 05 sentyabr 2023-cü il tarixli, HBD7320 nömrəli bildirişdən görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz məbləği hesablamışdır. Bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq cərimə (dəbbə pulu) tələb etmək hüququ yaranmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Belə ki, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 3 (üç) AZN məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8300 (səkkiz min üç yüz) AZN əsas, 623,56 (altı yüz iyirmi üç manat əlli altı qəpik) AZN faiz, 3 (üç) AZN borcu cərimə borcu olmaqla, cəmi 8926,56 (səkkiz min doqquz yüz iyirmi altı manat əlli altı qəpik) AZN pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 110,67 (bir yüz on manat altmış yeddi qəpik) AZN dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8300 (səkkiz min üç yüz) AZN əsas, 623,56 (altı yüz iyirmi üç manat əlli altı qəpik) AZN faiz, 3 (üç) AZN cərimə borcu olmaqla, cəmi 8926,56 (səkkiz min doqquz yüz iyirmi altı manat əlli altı qəpik) AZN pul və ödənilmiş 110,67 (bir yüz on manat altmış yeddi qəpik) AZN dövlət rüsumu tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-266/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-266/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver