Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2673/2025 09.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan borcun, yəni 2200 (iki min iki yüz) manatın və 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu olmaqla, cəmi 2322 (iki min üç yüz iyirmi iki) manat alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh hazırda ona borclu olduğu 2100 manatın və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 43 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi üzrə işin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə uzun illərdir ki, ünvan 1 ünvandan ailəsi ilə birgə başqa ünvana köçmüşdür. 2022-ci ilin axırları Cavabdeh onun yaşadığı ünvana qızı Musayeva Günel ilə gəlmişdir. Vüsalə ona «Dardayam səni deyib gəlmişəm. Mənə təcili olaraq 3000 manat pul lazımdır. Narahat olma, pulunu qaytaracam.» - demişdir. O da Vüsaləyə inanıb onunla razılaşmışdır. Səhəri gün Cavabdeh qızı Günel ilə yenə də onun evinə gəlmişdir. O, cavabdehin borc kimi istədiyi məbləği, yəni 3000 manatı cavabdehin qızı Günel və öz həyat yoldaşı X1 iştirakı ilə cavabdehə vermişdir. Pulu alarkən cavabdeh dönə-dönə həmin məbləği tezliklə qaytaracağını söz vermişdir. Cavabdeh sözünü tutaraq, bir il ərzində ona 800 manat pul qaytarmışdır. Həmin gündən bu günə qədər isə cavabdeh borcun qalan hissəsini, yəni 2200 manatı qaytarmır. Bununla bağlı dəfələrlə cavabdehin yaşadığı ünvana getmiş, müxtəlif vaxtlarda telefon vasitəsi ilə ondan borcun qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək ona olan borcunu qaytaracağına söz verir. Lakin, bu günə kimi verdiyi sözə əməl etmir. Ona görə də Cavabdeh ona olan borcunun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin iddia ilə bağlı izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh 2022-ci ildə ona müraciət edərək, borc pula ehtiyacı olduğunu bildirmiş və ondan 3000 manat məbləğində pul istəmişdir. O da öz növbəsində Cavabdeh 3000 manat məbləğində pulu borc vermişdir. Həmin vaxt Cavabdeh anasına məxsus pensiya kartını ona vermiş və o hər ay cavabdehin ona olan borcunun əvəzi kimi kartdan pul çıxarmışdır. O, cavabdehin ona verdiyi plastik kartdan ümumilikdə 900 manat pul çəkmişdir. Lakin cavabdeh ona girov kimi hər hansı qızıl-zinət əşyası verməmişdir. Beləliklə cavabdehin ona hal-hazırda 2100 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən borcu tələb etsə də, cavabdeh 2100 manatı ona qaytarmamış və qaytarmaqdan boyun qaçırmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 2023-cü ilin mart ayının 29-da 3000 (üç min) manat məbləğində deyil 3500 (üç min beş yüz) manat məbləğində hər ay 100 manata 15 manat məbləğində faiz ödəməyinə razı olaraq pul almışdır. Təkcə 3500 manatın aylıq sələm faizi 425 (dörd yüz iyirmi beş) manat məbləğində təşkil edir. Ancaq Dürdanə ilə aralarında olan razılaşmaya görə o, hər ay ona 450 manat ödəməli idi. İddiaçıya ayda 450 manat olmaqla 2 ay qaynanasının kartı vasitəsilə 900 (doqquz yüz) manat məbləğində ödəmiş, yəni kart Dürdanədə olduğuna görə pulu özü kartdan çıxarmışdır. Bundan sonra qaynanası narazılıq etdiyinə görə, anası X3 pensiya kartını Dürdanəyə vermişdir. Anasının pensiyası 371 manat olmuş və hər ay 79 manat da nağd pulu iddiaçıya vermişdir ki, aylıq 450 manat ödəniş məbləği düzəlsin. Bu minvalla 4 ay anasının kartından 371 manat iddiaçı özü çıxarıb əlavəsi olan 79 manat isə ona əli ilə aparıb vermişdir. Beləliklə iddiaçıya 2700 (iki min yeddi yüz) manat pul qaytarmışdır. Bundan sonra kartın elektron tətbiqi özündə olduğuna görə iddiaçı pul çıxarmaması üçün kartın aktivliyini dayandırmışdır. Sonra 8 ay hər ay 79 manat olmaqla İddiaçı faiz borcu hesab etdiyi pulu vermişdir. Beləliklə, 8 ay ərzində 632 manat məbləğində iddiaçıya pul ödəmişdir. Ümumilikdə cavabdehə 3032 (üç min otuz iki) manat nağd pul verilmişdir. Bundan başqa o, cavabdehdən borc alan zaman qızıl-zinət əşyalarını girov qoymuşdur. Həmin qızıl-zinət əşyaları haqqında məlumat aşağıdakı kimidir: - qızına məxsus 700 manat dəyərində pandora markalı bilərzik, qızına məxsus 800 manat dəyərində “Mismar” adlanan boyunbağı və 500 manat dəyərində kulon. Həmin qızılları Univermaqdan almışdır. Həmçinin özünə məxsus olan “Qarintur” komplekt boyunbağıdan, üzük və sırğalardan ibarətdir ki, onu da 2200 (iki min iki yüz)manata almışdır. İddiaçı onun iştirakı ilə komplektini Univermaqda 1100 manata satmışdır. Hazırda 2500 manat dəyərində qızıl-zinət əşyaları iddiaçıdadır və onları girov saxlayır. O, ümumiyyətlə qızılları Dürdanəyə ödəniş vasitəsi kimi deyil, yalnız girov kimi vermişdir. İddiaçıya 3032 manat məbləğində pul vəsaitini qaytardığı halda, əlavə 2200 manat dəyərində qızıl-zinət əşyaları ilə birlikdə 5232 (beş min iki yüz otuz iki) manat məbləğində pul ödənilmişdir. Lakin iddiaçı ona qarşı məhkəmədə əsassız iddia qaldırmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı vəkil) Nümayəndə onunla eyni məzmunlu izahat verərək iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Şahidlərin ifadələri: 16 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı onun arvadıdır. Cavabdeh əvvəllər onlarla qonşu olmuşdur. 2022-ci ildə Cavabdeh onların evinə gələrək, pula ehtiyacı olduğunu bildirmiş, iddiaçı isə onun yanında cavabdehə 3000 manat məbləğində pul vermişdir. Cavabdeh borclu olduğu məbləğdən 900 manatı iddiaçıya ödəmiş, 2100 manat borcu qalmışdır. 16 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, İddiaçı onun anasıdır. İddiaçı tərəfindən Cavabdeh pulun verilməsi zamanı orada olmasa da, iddiaçının cavabdehə 3000 manat məbləğində pulu borc verməsini eşitmişdir. Cavabdeh həmin puldan 900 manatı qaytarmış, qalıq qalan 2100 manatı isə iddiaçıya ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Cavabdeh xalası qızıdır. İddiaçı isə atasının qonşusudur. Vüsaləyə pul lazım olduğu üçün təxminən 2 il əvvəl qızıl qoyub sələmə pul götürmüşdür. Həmin qızıl zinət əşyaları mismar boyunbağı və komplektdən ibarət idi. Vüsalə Dürdanədən iki – üç min manat pul borc almışdır. Həmin vaxt orada Dürdanə, Vüsalə, anası və o olmuşdur. O, özü də əvvəllər Dürdanədən borc almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Cavabdeh xalası qızıdır. Eşitdiyinə görə Vüsalə keçən ilik avqust ayında Dürdanədən qızıl girov qoyub 3200 manat borc almışdır. Ancaq o, şəxsən Dürdanənin Vüsaləyə borc pul verməsini və qızılın girov qoyulmasını görməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Gəncə Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(125)-5040/2024 nömrəli qiyabi qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmış və iddia tələbi təmin edilmişdir. Qətnaməyə əsasən Cavabdeh 2100 (iki min yüz) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu olmaqla, cəmi 2142 (iki min yüz qırx iki) manat pul alınaraq, İddiaçı ödənilməsi qət olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(125)-5040/2024 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5040/2024 nömrəli qiyabi qətnaməsi ləğv edilməsi və işə tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı 2022-ci ilin axırlarında Cavabdeh 3000 manat məbləğində borc vermişdir. Tərəflər arasında bununla bağlı şifahi müqavilə bağlanmışdır. Cavabdeh borcundan 900 manatını qaytarmış, lakin hal-hazıra kimi iddiaçıya olan 2100 manat borcunu ödəməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh isə iddiaya etiraz edərək borcun əslində 3500 manat olduğunu və həmin borcun təminatı kimi iddiaçıya girova qızıl-zinət əşyaları verdiyini, borcunu isə sonradan tamamilə ödədiyini bildirmişdir. Məhkəmənin gəldiyi nəticə və tətbiq olunan hüquq: Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehə borc verməsi işin mübahisəsiz halı olmuşdur. Lakin iddiaçıdan fərqli olaraq cavabdeh iddiaçıdan 3500 manat borc aldığını bildirsə də həmin məbləğ hazırkı iddia tələbini aşdığı üçün məhkəmə hesab edir ki, həmin xüsusatın özü iddiaçının öz izahatı, şahidlərin ifadəsi və cavabdehin bildirklərinə əsasən təsdiq edilir. Bu baxımdan məhkəmə iddiaçının cavabdehə vermiş olduğu borcun məbləğinin məhz 3000 manat olması qənaətinə gəlir. Digər tərəfdən iddiaçı cavabdehin ona olan borcundan 900 manatı qaytardığını bildirərək iddia tələbinin həcmini azaltmış və sonuncudan 2100 manat pul tələb etmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçıya olan borcunu tamamilə ödədiyini bildirsə də buna dair məhkəməyə mötəbər və tutarlı sübutlar təqdim edə bilməmişdir. Həmçinin cavabdeh öhdəliyin təmin üsulu kimi iddiaçıya qızıl-zinət əşyalarını girova qoymasını bildirsə də həmin xüsusatı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə həmin məsələ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280.1-ci maddəsinə görə girov müqaviləsi yazılı formada bağlanmalıdır. Cavabdeh isə iddiaçıdan borc alan zaman qızıl-zinət əşyalarını ona girova qoyması barədə yazılı müqaviləni məhkəməyə təqdim edə bilməmiş, yalnız iki nəfər xalası qızının şahid qismində məhkəmədə dəvət olunması ilə bağlı vəsatət vermişdir. Məhkəmə həmin şahidlərin - X4 və X2 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onlar cavabdehlə qohum olduğu üçün və tərəflər arasında olan hazırkı borc müqaviləsi ilə bağlı tutarlı məlumatlara (borcun götürüldüyü vaxt, məbləğ və.s) malik olmadıqlarına, habelə tərəflər arasından yazılı girov müqaviləsi bağlanmadığına görə onların ifadələri sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibət borc müqaviləsindən irəli gəlir. Tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, iddiaçı cavabdehə 2022-ci ildə qaytarmaq şərti ilə 3000 manat məbləğində pul vermiş, cavabdeh sözügedən məbləğdə puldan 900 manatı qaytarmış, lakin, cavabdeh iddiaçıdan borc kimi aldığı puldan qalıq qalan 2100 manat məbləğində borcunu qaytarmamışdır. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində pulun verilməsi və həmin məbləğdən 2100 manat pulun qalıq qalması şahid ifadələri ilə təsdiqini tapmışdır. Lakin, cavabdeh, borc kimi aldığı puldan qalıq qalan 2100 manat məbləğin iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2100 (iki min yüz) manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, məhkəmədə iddia qaldırmaq üçün hökumət ödəniş portalına iddiaçı tərəfindən ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu da Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 2100 (iki min yüz) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu olmaqla, cəmi 2142 (iki min yüz qırx iki) manat pul alınaraq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2673/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2673/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver