Məhkəmə qərarları › İş №2(125)-2681/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2681/2023

02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2681/2023 02.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 21 may 2005-ci il təvəllüdlü Nurtac və 07 sentyabr 2007-ci il təvəllüdlü Nuran adlı uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh onun xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2768/2020 saylı mülki iş üzrə çıxarılmış xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün hər ay müəyyən edilmiş 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına və ödədiyi 50 (əlli) manat mediasiya xərci cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti üzrə evlənərək nikaha daxil olmuşlar və sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahlarından 21 may 2005-ci ildə Nurtac və 07 sentyabr 2007-ci ildə Nuran adlı uşaqları doğulmuşdur. Nikahları pozulan zaman uşaqlar onun himayəsində saxlanılmış və uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment təyin edilmişdir. Cavabdeh ona aliment pulundan başqa uşaqların saxlanılması üçün heç bir köməklik etmədiyi və uşaqlar böyüdüyü, onların tələbatları artdığı üçün o, məcbur olmuş alimentin artırılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-2768/2020 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşaq üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat edilmişdir. Uşaqlar böyüyür, tələbatları artır. Hətta böyük uşaqları ödənişli əsaslarla Universitetə qəbul olunmuş və onun yetkinlik yaşına çatmasına 2-3 ay qalmışdır. Cavabdeh ona uşaqların saxlanılması üçün aliment pulundan başqa ödəniş etmir, uşaqların digər xərclərində iştirak etmir. Bu və sair səbəbdən o, uşaqların saxlanılmasında çətinlik çəkir. Cavabdehin ödədiyi aliment uşaqlara baxılması üçün yetərli deyildir. Cavabdeh fərdi əməklə məşğul olur. Onun kifayət qədər qazancı vardır, o, normal aliment ödəmək iqtidarındadır. O, alimentin miqdarının artırılması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh İlkin Mediasiya Sessiyasına gəlsə də, onlar mediasiya sessiyasında hər hansı razılığa gələ bilməmişlər. Ona görə də mediator onlara prosesin davam etdirilə bilməməsi barədə arayış vermiş və məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Ona görə də o, məcbur olmuş və hazırki ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)- 2768/2020 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 130 manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində təyin olunmuş alimentin artırılaraq hər ay hər uşaq üçün 250 (iki yüz əli) manat, cəmi 500 (beş yüz) manat miqdarında edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hazırda Kəlbəcər Rayon İcra Hakimiyyəti İstisu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş mühasib-baş məsləhətçi vəzifəsində işləyir. Aylıq əmək haqqı 790 manatdır. Həqiqətlə boşanandan sonra ikinci dəfə evlənmiş və həmin evlilikdən uşağı vardır. Maddi imkanı aşağı olduğundan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini güclə ödəyir. Bundan başqa Nurtac adlı uşağı məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək yetkinlik yaşına çatacaqdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; AZ-İV seriyalı, 580284 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 may 2005-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası – X1r. AZ-İV seriyalı, 580285 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07 sentyabr 2007-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası – X1r. AZ-İ seriyalı, 149503 nömrəli, 26 fevral 2013-cü il tarixli, Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh və vətəndaş X2 arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 26 fevral 2013-cü il tarixində 10 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “İbadullayev”, qadına “Hacıyeva” soyadı verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2768/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 21 may 2005-ci il təvəllüdlü X4 və 07 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması, 21 may 2005-ci il təvəllüdlü X4 və 07 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləği ilə aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 06 mart 2023-cü il tarixli, 00632 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, bu arayış İddiaçı və Cavabdeh 24 fevral 2023-cü il tarixində, 11:00 saatlarında “alimentin artırılması” mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında işirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2768/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 21 may 2005-ci il təvəllüdlü X4 və 07 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması, 21 may 2005-ci il təvəllüdlü X4 və 07 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləği ilə aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “aliment miqdarının artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 21 may 2005-ci il təvəllüdlü Nurtac və 07 sentyabr 2007-ci il təvəllüdlü Nuran adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh onun xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2768/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün hər ay müəyyən edilmiş 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına və ödədiyi 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin mövcud gəlirləri barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh isə ikinci dəfə evləndiyini, həmin evlilikdən də uşağının olduğunu və maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini güclə ödədiyini, bu səbəbdən də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin birgə ailə münasibətlərindən doğulmuş 21 may 2005-ci il təvəllüdlü Nurtac adlı uşağın yetkinlik yaşına çatmasına 19 gün qalmışdır. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması nəzərə alındıqda iddia tələbi Nurtac adlı uşağa münasibətdə təmin edilə bilməz. Başqa sözlə, Nurtac adlı uşaq hazırki məhkəmə qətnaməsi qanuni qüvvəsini alacağı zaman artıq yetkinlik yaşına çatacağından bu zaman Cavabdeh Nurtac adlı uşağa münasibətdə ümumiyyətlə aliment öhdəliyinə xitam veriləcəyindən iddia tələbi Nurtac adlı uşağa münasibətdə təmin edilməsi mümkün deyildir. Məhkəmə həmçinin iddianın 07 sentyabr 2007-ci il təvəllüdlü X5 münasibətdə aliment miqdarının artırılması hissəsinə qiymət verərək qeyd edir ki, aliment miqdarının artırılması iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən təxminən 2 il 8 ay vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, hazırda uşağın azyaşlı olmasını, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməsə də ötən vaxt nəzərə alınmaqla hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş 07 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2768/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməsinə baxmayaraq mediasiya xərcini ödəməmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 70 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 840 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2768/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 07 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar