Məhkəmə qərarları › İş №2(125)-2682/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2682/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2682/2023 15.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh rəsmi nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan uzun müddətdir ki, ayrılmışlar. Uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-606/2009 saylı qətnaməsi ilə Cavabdeh bütün növ qazancının ¼ hissəsi miqdarında alimentin tutulması müəyyən edilmişdir. Cavabdeh bir ildən çoxdur ki, işləmir, uşağın saxlanılması üçün hər ay 135 manat ödəniş edir. Həmin məbləğ uşağın saxlanılması üçün yetərli deyil. Uşaq artıq böyümüş və xərcləri də artmışdır. Uşağın məktəb və hazırlıq xərcləri təyin edilmiş alimentin miqdarından dəfələrlə artıqdır. O, uşağa təkbaşına baxmaqda çətinlik çəkir, cavabdeh isə əlavə heç bir köməklik göstərmir. Cavabdehin isə kifayət qədər gəliri var. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, hazırda X13 Teatrında işləyir və hər ay 400 manat maaş alır. xx.xx.2006-cı il təvəllüdlü qızı Şəbnəm məktəbdə oxuyur, hazırlıqlara və idman məşğələlərinə gedir, onun tələbatlarını isə çətinliklə ödəyir. Cavabdeh hər ay 135 manat aliment ödəsə də son beş aydır ki, aliment ödəmir. Bundan başqa ödənilən aliment uşağın maddi təminatı üçün kifayət etmir. Cavabdeh əvvəllər işləsə və qazancı yaxşı olsa da sonradan alimentin əmək haqqından tutulmaması üçün işdən çıxmışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, cavabdehlə 2007-ci ildə ailə qurmuşdur və birgə nikahlarından iki azyaşlı övladları vardır. Cavabdeh hazırda Rusiya Federasiyasındadır, orada əvvəlcə ticarətlə məşğul olmuşdur, lakin hazırda səhhətində ciddi problemlər olduğundan işləyə bilmir. Cavabdehin əvəzindən hər ay 135 manat alimenti o ödəmişdir. Cavabdehin himayəsində iki azyaşlı uşağı olduğundan və gəlirləri olmadığından aliment artırılmamalıdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: Əsli məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 sentyabr 2006-cı il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-606/2009 saylı, 18 may 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 13 aprel 2009-cu ildən başlayaraq Cavabdeh 15 sentyabr 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan alimentin miqdarının artırılaraq cavabdehin bütün növ qazancının ¼ hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-353/2015 saylı, 15 yanvar 2015ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-606/2009 saylı, 18 may 2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməklə tutulan alimentin miqdarı artırılaraq 75 manat sabit pul məbləğində müəyyən edilməsi, Cavabdeh 15 sentyabr 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 75 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Əsli məhkəmə iclasında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 19 dekabr 2007-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Salahov, arvada Daşdəmirova soyadı verilmişdir. Əsli məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 08 avqust 2007-ci il təvəllüdlü X5 və 01 noyabr 2010-cu il təvəllüdlü X6 ataları Cavabdeh, anaları X2r. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 02 mart 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Valideynin rəsmi gəlirlərinin az və ya çox olmasından, yaxud ümumiyyətlə qazancının və ya gəlirinin olub-olmamasından asılı olmayaraq uşağın maddi təminatının əvvəlki səviyyəsinin maksimal saxlanılması və minimum dolanacaq xərclərindən az olmayaraq verilməsi valideynin vəzifəsidir. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi cavabdehin maddi vəziyyəti ilə mütənasib deyildir. Belə ki, cavabdeh sonradan nikaha daxil olmuşdur və həmin nikahdan da iki övladı vardır. Bu isə cavabdehin ailə vəziyyətində dəyişiklik olmaqla onun üçün əlavə öhdəliklər yaranmasına səbəb olmuşdur. Eləcə də iddiaçı cavabdehin gəlirlərinə dair sübutlar təqdim etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 165 (bir yüz altmış beş) manat müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normaya uyğun olaraq ilkin mediasiya prosesində iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 165 (bir yüz altmış beş) manat aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış miqdarda aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar