Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2687/2025 23.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların iddiaçının himayəsində saxlanılması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış xx.xx.2011-ci il tarixli, AZ-İ 667635, 533 saylı nikahın pozulmasına, həmçinin birgə nikahdan olan azyaşlı uşaqlar xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmasının müəyyən edilməsinə, həmin uşaqların saxlanılması üçün Cavabdeh hər ay uşaqların saxlanılmasına görə sabit pul məbləğində alimentin, mediasiya və məhkəmə ödənişinin cavabdehdən tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh ilə aralarında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqları Zeynəb və Mələyin onun yanında saxlanılmaları və həmin uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2011-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci ildə Zeynəb və xx.xx.2015-ci ildə Mələk adlı uşaqları anadan olmuşdur. Cavabdehlə yola gedə bilməmiş, aralarında tez-tez yaranan söz-söhbətlər ailə münasibətlərinin pozulmasına səbəb olmuşdur. Artıq nikahları formal xarakter daşıyır. Uşaqların ataları ilə görüşmələrinə heç bir etirazı yoxdur. Barışmaq üçün vaxt verilmədən nikahlarının pozulmasını, uşaqlar onun himayəsində saxlanılmaqla cavabdehdən hər uşağa görə 200 manat məbləğində aliment tutulmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, nikahlarının pozulmasına və uşaqları ilə görüşməsinə heç bir maneə yaradılmayacağı şərtilə uşaqların analarının yanında qalmasına heç bir etirazı yoxdur. Hazırda işsiz olduğuna görə iki uşağın saxlanılması üçün cəmi 300 manat məbləğində aliment ödəməyə maddi imkanı çatır. Barışmaq üçün vaxt verilmədən nikahlarının pozulmasını və işsiz olması məhkəmə tərəfindən nəzərə alınaraq iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İ 667635 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahları xx.xx.2011-ci ildə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 533 nömrə ilə qeydə alınmışdır. AZ-İİ 977024 nömrəli və AZ-İİİ 645909 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə Zeynəb və xx.xx.2015-ci ildə Mələk adlı uşaqları anadan olmuşdur. xx.xx.2025-ci il tarixli, MŞG/MTO33/2025-00157 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2025-ci il tarixdə, saat 11:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasının müəyyən edilməsi və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasının müəyyən edilməsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.4-cü bəndi yeni redaksiyada verilmiş, həmin bəndin 8.4-1-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Qeyd olunan qərarın 8.4-2-ci yarımbəndəində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti(borclunun qəsmi iş yerinin olduğu halda işəgötürən,rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində tərəflərin birgə yaşamasının və ailənin qorunub saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildi. Belə olan halda tərəflər arasında olan nikah pozulmalı, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2015-ci ildə anadan olmuş X2 mənafelərini, cavabdehin etirazının olmamasını, nəzərə alaraq məhkəmə hesab edir ki, onlar, anaları İddiaçı yanında saxlanılmalı və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən xx.xx.2025-ci il tarixdən hesablayaraq İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 55 manat mediasiya xərcinin yarısı 27,5 manat və 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin həmin Qərarda məhkəmələrə nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda ərarvadın ümumi əmlakının bölünməsi haqqında iddia tələbi mövcud deyildir. Buna görə də tərəflərə izah edilməlidir ki, onlar Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaqda haqlıdırlar. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci ildə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 533 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olmuş X3 və xx.xx.2015-ci ildə anadan olmuş X4 anaları İddiaçı yanında saxlanılsınlar. xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh iş üzrə ödənilmiş 55 manat mediasiya xərcinin yarısı 27,5 manat və 50 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Tərəflərə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malik olmaları izah edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2687/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2687/2025
23.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver