Məhkəmə qərarları › İş №e-2(011)-3659/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3659/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3659/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Bakı Nikah evində akt qeydləri kitabında 2459 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından iki övladları - xx.xx.2011-ci il təvəllüdlü X3 və X4 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşayırlar.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

2. İddiaçı cavabdehlə aralarında Bakı Nigah Evində xx.xx.2010-cu il tarixdə bağlanmış 2459 sayla qeyd edilmiş nikahın pozulması, birgə nigahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və X2 yetginlik yaşına çatanadək saxlanmasına görə cavabdehdən hər ay bir uşağa görə 220 manat cəmi 440 manat alimentin tutulması və uşaqların onun himayəsində saxlanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri əvvəllər normal olub, lakin, müəyyən müddətdir ki, münasibətləri pozulmuşdur, ailəni bərpa etmək, birgə yaşayış qaydalarını qorumaq mümkün deyildir. Uşaqların hər ikisi onun himayəsində yaşayır. İş üzrə xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş 11 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından iştirak edilməməsi barəsində xx.xx.2023-cü il tarixli, MŞB/11-2023-00535 saylı Arayış verilmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdeh məhkəmə baxışı zamanı izahat verərək iddia tələbini tam qəbul etdiyini bildirdi. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

8. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

9. Maddə 22.2.1. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir.

10. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

11. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

13. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

14. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.

16. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

18. İşin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh faktiki olaraq ayrı yaşayırlar. Onlar ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq mövcud olan tərəflərin nikahlarının davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Məhkəmə qeyd edir ki, iddia həm də ona görə təmin edilməlidir ki, hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyi kimi cavabdeh də nikahın pozulmasına razıdır.

19. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan tərəflər arasında olan nikah pozulmalıdır.

20. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında qalmalıdırlar.

21. Qanunvericilikdə valideynlər ayrı yaşadıqları halda uşaqların yaşayış yerinin müəyyən edilməsinin iki qaydası nəzrədə tutulmuşdur: birincisi, valideynlərin razılığı ilə onlardan birinin yanında qalmaqla; ikincisi, məhkəmə tərəfindən. Bu qayda uşaqların yaşayış yeri ilə bağlı valideynlər arasında razılıq olmadıqda mümkündür. Bu zaman məhkəmə uşaqların hüquq və məafelərini, uşaqlarla valideynləri, digər qardaş-bacıları ilə bağlılığını, onların rəyini, habelə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyi əsasında uşaqların yaşayış yerini müəyyən edilməsi barədə qərar qəbul edir.

22. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşaların hal-hazırda iddiaçının yanında olmasını, uşaların kiçik yaşlarında olmasını, cavabdehin uşaqların iddiaçının himayəsində qalmasına etiraz etmədiyini, yetkinlik yaşına çatmayan uşağın anasının yanında saxlanılmasına maneə ola biləcək halların müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın faktiki vəziyyətə uyğun olaraq iddiaçının yanında saxlanılmaları daha məqsədəuyğundur.

23. Məhkəmə, həmçinin hesab edir ki, iddia alimentin tutulması hissəsində də təmin edilməlidir.

24. Valideynlərin uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıması (AM-nin 58.2-ci maddəsi), habelə uşaqlarına görə aliment ödəməklə onları saxlamaq vəzifəsi (AM-nin 75.1-ci maddəsi) qanunda imperativ qaydada müəyyən edilmişdir.

25. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasının 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə atanın-cavabdehin rəsmi iş yeri olmadığından və alimentin sabit pul məbləğində tutulması tələbi olduğundan ikinci qayda tətbiq ediləcəkdir.

26. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, əvvəlki səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət etməlidir. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu həm valideynin uşağı saxlamaq vəzifəsinə, həm də uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

27. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları, həmçinin cavabdehin iddianın alimentə dair hissəsini də nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 220 manat məbləğində müəyyən edilməlidir.

28. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır (Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsi).

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı Nikah evində 2459 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2011-ci il təvəllüdlü X3 və X4 anaları İddiaçı yanında saxlanılsınlar. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar