Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2692/2022 23.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 14 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3906,04 ABŞ dolları əsas borc, 6703,32 ABŞ dolları faiz borcu, 7304,92 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1898,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 19812,58 ABŞ dolları borcun və 191,04 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 14 mart 2013cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 30 faizlə 18 ay müddətinə 10150 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 14 mart 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 30 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 14 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 3906,04 ABŞ dolları əsas borc, 6703,32 ABŞ dolları faiz borcu, 7304,92 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1898,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19812,58 ABŞ dolları borcu vardır. Cavabdeh1 14 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 29219,7 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 7304,92 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən yayınır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2013-cü il tarixli, 10-M-1-0-447-13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) tərəfindən Cavabdeh1 illik 30 faizlə 18 ay müddətinə 10150 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli, 10-M-1-0-447-13 saylı kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 krediti hissə-hissə ödəmək şərti ilə xx.xx.2014-cü ilə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli, 10-M-1-0-447-13 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 10-M-1-0-447-13 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) 10150 ABŞ dolları məbləğində pulu qəbul etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3906,04 ABŞ dolları əsas borc, 6703,32 ABŞ dolları faiz borcu, 29219,67 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1898,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 41727,33 ABŞ dolları məbləğində borcu qalmışdır; xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 10150 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi tərəflər arasında xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanaraq Cavabdeh2 borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, dəbbə pulunun məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əldən çıxmış fayda formasında illik beş faiz hesabı ilə məbləğin də tutulmasını nəzərə alaraq əlavə olaraq yüksək məbləğdə dəbbə pulunun tətbiq edilməsinin cavabdehin vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 7304,92 ABŞ dolları dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 4,92 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın Cavabdeh2 yönəlmiş hissəsini isə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının son müddəti xx.xx.2014-cü il tarix olmuşdur. Həmin tarixdən iddianın verildiyi vaxtadək bir ildən artıq müddət ötmüşdür. Zaminlik müqaviləsində zaminliyin verildiyi müddət göstərilməmişdir. Müqavilənin 5.1-ci bəndində zaminlik müqaviləsinin kredit müqaviləsi üzrə borclunun həmin müqavilə üzrə öhdəliyini kreditor qarşısında tam icra edənədək qüvvədə olması göstərilsə də bu müddəa qeyri-müəyyən olmaqla tərəflərin hüquq və vəzifələrini tənzimləməyə xidmət etmir. Müddətin anlayışı Mülki Məcəllənin 367-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən: 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə mülki hüquq münasibətlərində müddət əqdlə və ya məhkəmə tərəfindən müəyyən edilə bilər. Müddət konkret zaman vahidi ilə ifadə oluna bilər və ya hökmən baş verməli hadisəyə bağlana bilər. Müddətin müəyyən edilməsinin başqa meyarı yoxdur. Əsas öhdəliyin icra edilməsi hökmən baş verməli hadisə deyildir. Aydındır ki, obyektiv və ya subyektiv səbəblərdən öhdəlik borclu tərəfindən uzun müddət və ya heç vaxt icra olunmaya da bilər. Buna görə də zaminlik müqaviləsində zaminliyin müddətinin əsas öhdəliyin icra edildiyi tarixədək müəyyən edilməsi Mülki Məcəllənin 367-ci maddəsinin tələbinə zidd olduğu üçün etibarsızdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh2 qarşı öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən iddia irəli sürülmədiyi üçün onun zaminliyinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3906,04 ABŞ dolları əsas borc, 6703,32 ABŞ dolları faiz borcu, 4,92 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1898,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12512,58 (on iki min beş yüz on iki ABŞ dolları 58 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 153,81 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 14 mart 2013-cü il tarixli 10-M-1-0-447-13 nömrəli kredit müqaviləsi üzrə 3906,04 ABŞ dolları əsas borc, 6703,32 ABŞ dolları faiz borcu, 4,92 ABŞ dolları cərimə və 1898,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 12512,58 (on iki min beş yüz on iki ABŞ dolları 58 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 153,81 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(125)-2692/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2692/2022
23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver