Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2701/2022 28.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 52.887 manat 20 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 17.105 manat 03 qəpik və cərimə qismində 506 manat 44 qəpik, cəmi 70.498 manat 67 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 301 manat 50 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 52.887 manat 20 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 17.105 manat 03 qəpik və cərimə qismində 506 manat 44 qəpik, cəmi 70.498 manat 67 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 301 manat 50 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məhkəməyə daxil olmasından sonra məlumatların «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı İddiaçı açıq səhmdar cəmiyyəti ilə 20 sentyabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlamış Cavabdeh1 22 noyabr 2020-ci ildə öldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Cavabdeh1 22 noyabr 2020-ci ildə öldüyünə görə hazırki halda istər mülki prosessual hüquq və fəaliyyət qabiliyyətinə, istərsə də mülki hüquq və fəaliyyət qabiliyyətinə malik deyildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Həmçinin həmin Qərarda göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi borclunun ölümü ilə onun öhdəlikləri mirası qəbul etmiş vərəsələrə keçir və həmin vərəsələr qəbul etdikləri miras həcmində öhdəliklərin icrası vəzifəsini daşıyır. Miras əmlakın həcmi öhdəliklərin icrasına kifayət etmədikdə və ya mirası qəbul etmiş vərəsələr öhdəliklərin icrasından boyun qaçırdıqda kreditorun zamindən öhdəliklərin icrasını tələb hüququ yaranır. Hazırki halda isə İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh1 ölməsinə baxmayaraq, həmin şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, eləcə də Cavabdeh1 vərəsələrinin müəyyən edilməsinə və onların Cavabdeh1 öhdəliklərinin icrasına dair xəbərdar olunmalarına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, bununla yanaşı öz iddia tələbində borcun müştərək qaydada Cavabdeh1 və zaminlərdən tutulmasını xahiş etmişdir. Göründüyü kimi İddiaçı açıq səhmdar cəmiyyəti mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət və ya buna dair sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən ödənilmiş 301 manat 50 məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2022, qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı açıq səhmdar cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 52.887 manat 20 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 17.105 manat 03 qəpik və cərimə qismində 506 manat 44 qəpik, cəmi 70.498 manat 67 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 301 manat 50 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Ödənilmiş 301 (üç yüz bir) manat 50 (əlli) qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2022, qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı açıq səhmdar cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2701/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2701/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver