Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2702/2025 03.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Quliyeva Günay Elbrus qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su çəninin götürülməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su çəninin götürülməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 onun Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 15 ünvanında yerləşən 10 nömrəli mənzilə suyun axıdılmasına görə dəymiş maddi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun onlardan alınaraq ona verilməsinə və ünvan 1 ünvanında yerləşən mənzilə aid olan həmin binanın üzərində yerləşən su çəninin götürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 15 ünvanında yerləşən 10 nömrəli mənzilinə suyun axıdılmasına görə dəymiş maddi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə və ünvan 1 ünvanında yerləşən mənzilə aid olan həmin binanın üzərində yerləşən su çəninin götürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 15 ünvanında yerləşən 10 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə ünvan 1 ünvanında yaşayırlar və onunla qonşudurlar. Belə ki, o sözügedən ünvanda, yəni, ona məxsus mənzildə 2024-cü ilin yay aylarından təmir işlərinə başlamışdır. Niyyəti odur ki, həmin mənzil təmir olunduqdan sonra köçüb orada yaşasın. Belə ki, ona məxsus mənzil beş mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Təxminən 2025-ci ilin fevral ayının ortalarında ünvan 2 ünvanında yaşayan cavabdehlərə məxsus olan su çəni daşaraq onun hal-hazırda təmir olunan mənzilinə ziyan vurmuşdur. Belə ki, 1,5 tonluq su demək olar ki, mənzilə axmış və həmin mənzilə ziyan vurmuşdur. O bunu bildikdən sonra həmin mənzilə gedib baxan zaman hər yeri su içində görmüşdür. Belə ki, mənzilinə 1.000 manat məbləğində ziyan dəymişdir. Daha sonra vurulan zərərin bir qismini öz hesabıyla aradan qaldırmışdır. Belə ki, divarlara su düşdüyü üçün təmir etdiyi yeri yenidən təmir etmişdir. Bundan başqa isə mənzilə su axıdıldığı üçün hal-hazırda təmir işi dayanmışdır. Bununla bağlı dəfələrlə cavabdehlərlə əlaqə saxlamışdır. Onlardan sözügedən su çənini ya başqa yerə keçirmələrini, ya da çənin ətrafının hörülməsini xahiş etmişdir. Lakin cavabdehlər bununla razılaşmamışdırlar və məsələnin həll olunmasına heç bir cəhd göstərməmişlər. Çünki qonşulardan da eşitdiyinə görə bu hal dəfələrlə yaşanmışdır. Cavabdehlərə məxsus 5-ci mərtəbədə yerləşən su çəni daşaraq, aşağı mərtəbələrdə yerləşən mənzillərə ziyan vurmuşdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Çünki cavabdehlərlə bu barədə heç cürə razılığa gələ bilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etiraz verərək, bildirmişlər ki, Gəncə şəhəri, Məhrəsə bağı, bina 15-də yerləşən 15 saylı mənzil onun yəni Cavabdeh1 xüsusi mülkiyətidir. Digər cavabdeh onun anasıdır. İddia tələbini qəbul etmirlər, iddia tələbinə etirazlarını aşağıdakılarla bildirirlər. İddiaçı 2025-ci ildə onların binanın damında olan su çəninin daşması nəticəsində iddiaçının mənzilinə ziyan dəydiyini bildirmişdir. Onlar öz növbələrində mənzilə baxmaq istədiklərini və dəymiş bütün ziyanın istər iddiaçının ustaları istərsədə öz ustaları tərəfindən tam şəkildə təmir olunması öhdəliyini öz üzərlərinə götürdükləri bildirmişlər. Lakin, iddiaçı heç bir halda mənzilə baxış keçirməkləri üçün onlara şərait yaratmamışdır. Dəymiş ziyanın dəyərinin simvolik olaraq 1000 manat dəyərləndirmişdir, eləcə də mənzili öz hesabına təmir etdirdiyini bildirmişdir. Ehtiyatsızlığları nəticəsində əgər kiməsədə ziyan vurmuş olarlarsa öz məsuliyyətlərini anlayırlar və bundan boyun qaçırmırlar. Uzun müddətdir ki həmin mənzil onlarındir hələ heç bir qonşu ilə pis münasibətləri olmamışdır. Onların mənzilləri çox mənzilli binadır heç kəs öz marağına uyğun binada əlavə dəyişiklik eləcədə damda hörgü və digər konstruksiya dəyişikliyi edə bilməz, çünki bu hal yol verilməzdir. Təcrübələrindən görünür ki belə əməllər dəfələrlə faciələrin olmasına gətirib çıxarmışdır. Nəzərə çatdırmaq istəyir ki, həmin binada yaşayan insanların su çənlərinin hamısı binanın damında yerləşir. Buna səbəb binalarda daimi su anbarının mövcud olmamasıdır. Yaranmış hal soyuqda suların donması nəticəsində baş verə bilərdi ki, onunda damda hansı çəndən gəldiyini dəqiq müəyyən etmək lazımdır. Qeyd etmək istəyir ki, onların çəni yeni kapron su çənidir. Həmin su çənindən heç bir mənzilə zərər gəlməyəcəyini istənilən insanın baxış keçirməyindən, eləcədə ekspertin rəyindən açıq aşkar görmək olar. Qeyd edək ki, çənə daxil olma 20 lik, sliv borusu isə 25 lik boru ilə birinci mərtəbəyə qədərdir. Ona görə də, iddianın təmin edilməməsini xahiş edirlər. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbini Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 15 saylı evin dam örtüyü üzərində quraşdırılmış su çənlərinin götürülməsi tələbi hissədə müdafiə etmiş, cavabdehlər tərəfindən onun mənzilinə vurulmuş maddi zərərin əvəzinin ödənilməsini hazırda cavabdehlərdən tələb etmədiyini bildirmiş və sonda irəli sürdüyü iddianın Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 15 saylı evin dam örtüyü üzərində quraşdırılmış su çənlərinin götürülməsi tələbi hissədə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iştirak etmiş və etirazın dəlillərinə uyğun izahat vermiş və bildirmişdir ki, iddianı əsassız hesab edir. Belə ki, iddiaçının evinə axan su onun çənindən axmamışdır. Həmçinin bildirmişdir ki, artıq həmin binaya daimi su xətti çəkilib. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iştirak etmiş və etirazın dəlillərinə uyğun izahat vermiş və bildirmişdir ki, iddianı əsassız hesab edir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Məhrəsə bağı, 15 saylı evin 10 saylı mənzili xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3254 saylı 20 avqust 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 15 saylı evin 10 saylı mənzilə dəymiş ziyan, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 15 saylı binanın dam hissəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yerləşdirilmiş böyük tutumlu su çənlərindən suyun axıdılması nəticəsində yarana bilər. Lakin binanın damında quraşdırılmış su çəninin konkret hansı hissəsindən suyun axmasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekpert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Məhrəsə bağı, ev 15, mənzil 10 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bina hazırda ümumi su xətti vasitəsilə su ilə təchiz edilmiş binadır. Cavabdehlər isə iddiaçının mülkiyyətində olan mənzilin dam örtüyü üzərində, buna heç bir icazə olmadan su çəni quraşdırmışlar. İddiaçı bu çənlərin onun mülkiyyətində olan mənzilə ziyan vurduğunu bildirərək, hazırki iddianı qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər binanın dam örtüyündə cavabdehlər tərəfindən icazəsiz quraşdırılmış su çənlərinin götürülməsi ilə bağlı olduğundan, həmin münasibətlərə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti obyektlərinin mühəndiskommunikasiya təminatı qaydalarını tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən, tikinti obyektlərinin mühəndiskommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən, mühəndis-kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və sair fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydalarında nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir. Göründüyü kimi, mövcud qanunvericilik çoxmənzilli binaların dam örtüyü üzərində fiziki şəxslər tərəfindən özbaşına su çənlərinin quraşdırılmasını qadağan edir. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzilin də yerləşdiyi binanın dam örtüyü üzərində cavabdehlər tərəfindən özbaşına quraşdırılmış su çənlərinin götürülməsi tələbinə dair iddia əsaslı sayılmalı və təmin edilməlidir. Pul tələbi hissədə iddiaçı tələbini davam etdirmədiyindən, məhkəmə hesab edir ki, həmin hissədə araşdırmaların aparılmasına zərurət qalmamışdır və iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binanın dam örtüyü üzərində cavabdehlər tərəfindən quraşdırılmış su çənlərinin götürülməsi tələbinə dair iddia qiymətləndirilməyən iddiadır və Dövlət rüsumu haqqında Azərbaycan Repsublikası Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddianın qaldıırılıması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İrəli sürülən iddia, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binanın dam örtüyü üzərində cavabdehlər tərəfindən quraşdırılmış su çənlərinin götürülməsi tələbi hissədə əsaslı sayıldığından, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınaraq, iddiaçıya verilməli, bundan başqa, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Məhrəsə bağı, 15 nömrəli evin (binanın) dam örtüyü üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən quraşdırılmış su çənləri Cavabdeh1 və Cavabdeh2 öz vəsaitləri hesabına binanın üzərindən götürülsün. Pul tələbi hissədə iddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınaraq, İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-2702/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2702/2025
03.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver