Məhkəmə qərarları › İş №2(125)-2703/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2703/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2703/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9700 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iki ilə yaxındır ki, ona olan 9700 manat borcunu ödəmir. Cavabdehin borclu olduğu pulun 3000 manatlıq dəyərində Türkiyə firması olan “Çiydəm” paltaryuyan maye vermişdir, cavabdehin 1500 manat lombarda olan borcunu ödəmişdir, tanışından pendir almışdı 1000 manat dəyərində, 4200 manat Namiq adlı şəxsə olan borcunu ödəmişdir. Beləliklə cavabdehin ona 9700 manat borcu yaranmışdır. Hər dəfə borcunu qaytaracağını bildirsə də bu günə kimi qaytarmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, hazırkı iş üzrə təqdim etdiyi şahid ifadəsindən başqa tələblərini təsdiqləyən digər sübut təqdim edə bilmir, bundan başqa, həmçinin cavabdeh təhvil aldığı malın dəyəri qismində Hafiz Qoşalıyevə ödəniş üçün ona hər hansı pul məbləği verməmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək, tələbin əsassız olduğunu, habelə satış üçün Hafiz Qocalıyevdən təhvil aldığı malın dəyəri qismində hər dəfə 300 manat olmaqla, 2 dəfə iddiaçıya ödəniş etdiyini, iddiaçının həmin məbləğləri borcun ödənişi qismində hər dəfə təhvil verdikdən sonra Hafiz Qocalıyevlə telefon əlaqəsi saxlayaraq bu halı təsdiqlədiyini bildirmişdir. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Ariflə Gəncə şəhərindəki neft bazasında birgə işləmişlər, tanışlıqları 1994-cü ildən başlamışdır. Emini Arifə görə 6-7 ildir ki, tanıyır. Hər ikisiylə münasibəti normaldır. Arifə 11700 manat borcu var idi. O, dostunun zavodundan pendir, yağ götürüb mağazalara satış üçün verirdi. Həmin ərəfədə Emin ondan satış üçün yağ, pendir götürmək istədi. Emini dəqiq tanımırdı deyə bu barədə Arifə dedi, Arif də həmin malı Eminə verməyini dedi. O, Eminə satış üçün dəyəri təxmini 2000 manat olan holland pendiri verdi. Daha sonra Emin malın dəyərini ödəməyi gecikdirdi, Emindən malın dəyərini istəyəndə yenə gecikdirdi. Arifə bu barədə deyəndə Arif ona olan ümumi borcundan Eminin 1000 manat borcunun silinməsini dedi. Beləliklə, bir dəfə 300 manat, bir dəfə 500 manat olmaqla Eminin borcunu özünün Arifə olan borcundan çıxdı, sildi. Bir dəfə 300 manat, bir dəfə 500 manat olmaqla borcu silməsini öz dəftərində qeyd etdiyi üçün dəqiq bilir, amma qalan nə qədər məbləği sildiyini dəqiq xatırlamır, təxmini 150-200 manata yaxın məbləğ idi. Qalan 1000 manat borcunu Emin özü ona ödədi. Bu məsələ 2023-cü ilin sonuna yaxın baş vermişdi. Bundan başqa, Eminin Arifə hər dəfə 300 manat olmaqla, 2 dəfə ödəniş etməsini bilmir, bu barədə Eminlə aralarında telefon danışığı olmamışdır. Eminin borcuna dair sadəcə Ariflə aralarında telefon danışığı olmuşdur və Arif Eminin borcundan 1000 manat silməyi ona demişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 300.0. Girov aşağıdakı növlərdə ola bilər: 300.0.2. əşyanın lombardda girovu; 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Hazırkı iş üzrə iddiaçı 3000 manat, 1500 manat, 1000 manat və 4200 manat olmaqla, cəmi 9700 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı 1000 manat pulun tutulmasına dair tələbinin sübutu qismində şahid ifadəsini məhkəməyə təqdim etmişdir. Həmin sübutun tədqiqi zamanı müəyyən edilmişdir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə malın dəyərinin ödənilməsi öhdəliyinin icrası qismində iddiaçı 1000 manat pulun ödənilməsini öz üzərinə götürsə də, şahidin bildirdiklərinə əsasən, iddiaçı tərəfindən dəqiq olaraq cəmi 800 manat dəyərində öhdəlik icra edilmişdir. Şahid qalan məbləğə dair məlumatı dəqiq bildirə bilməmiş, habelə təxmini 200 manat yaxın borcun icra edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, sübutetmə yükü daşıyan iddiaçı bu qeyri-müəyyənliyi aradan qaldıran hər hansı sübut təqdim edə bilmədiyindən həmin hal cavabdehin ziyanına nəzərə alına bilməz. Beləliklə, iddia sübuta yetirildiyi hissədə - 800 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, sübutetmə yükü daşıyan iddiaçı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 3000 manat dəyərində mal təhvil verməsini, lombard girovu ilə təmin olunmuş kredit öhdəliyi üzrə cavabdehin əvəzinə 1500 manat ödəməsini, digər şəxslə bağlanmış borc müqaviləsi üzrə cavabdehin əvəzinə 4200 manat pul ödəməsini təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdeh ümumilikdə iddiaya etiraz edərək, hər hansı hissədə qəbul etməmiş, məhkəmə araşdırması zamanı qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Beləliklə, iddia qalan hissədə sübuta yetirilmədiyi üçün təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. MPM-in 204.1-ci maddəsinə əsasən, işdə olan sübutun saxtalığı barədə məlumat verildikdə, həmin sübutu təqdim etmiş şəxs onu sübutlar içərisindən çıxarmağı və işi başqa sübutlara əsasən həll etməyi xahiş edə bilər. MPM-in 204.2-ci maddəsinə əsasən, məhkəmə sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin edə bilər, habelə tərəflərə başqa sübutlar təqdim etməyi təklif edə bilər. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumu əvəzi qismində 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar