Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-271/2023 21.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X3, Cavabdeh iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evin giriş-çıxış yolunun zəbt olunmuş ümumi istifadədə olan hissəsinin açılması, maneənin aradan qaldırıldırılaraq gediş-gəliş yolunun bərpa edilməsi və zəbt edilən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililinin sökülməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qanunsuz tikilinin sökülərək fərdi yaşayış evinin qarşısında olan maneənin aradan qaldırılaraq gediş-gəliş yolunun açılması, ümumi istifadədə olan yolun və evin qarşısında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsi ünvanında yerləşən 52 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ona və cavabdehə məxsusdur. Belə ki, həmin evin iki hissədən çıxış ibarət yolu vardır. Hazırda cavabdeh tərəfindən onun mülkiyyətində olan və çıxış yolu kimi göstərilən evin giriş-çıxış yolu və ümumi istifadədə olan yol cavabdeh tərəfindən zəbt olunaraq giriş çıxış yolunun qarşısında qanunsuz olaraq tikili inşa edilmişdir. Həmin tikili ümumi istifadədə olan yolun içərisində inşa edilmiş və ümumi yolu zəbt etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X8 iddiaçının izahatını müdafiə edərək, bildirdi ki, sözügedən ev tərəflərin paylı mülkiyyətindədir. Lakin cavabdeh tərəf iddiaçıya məxsus hissədə hasar inşa etmiş onun giriş-çıxışına maneçilik törətmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) X8 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsi ünvanında yerləşən 52 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə onun da xüsusi mülkiyyətindədir. Buna görə də onun öz mülkiyyətində olan əmlakdan istədiyi qaydada istifadə etmək hüququ vardır. Digər tərəfdən evin iddiaçıya məxsus hissəsinin giriş-çıxış qapısı var və prospektə baxır. Bununla yanaşı iddiaçı ona məxsus giriş-çıxış qapısından da istifadə etmək istəyir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinin nümayəndəsi R.Ə.Hacıyev göstərdi ki, mübahisəli hasarın inşa edildiyi ərazi bələdiyyənin mülkiyyətindədir və həmin hasar Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinin icazəsi olmadan inşa edilmişdir. Sonda R.Ə.Hacıyev iddia təmin, yaxud rədd edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, onun vəkilini, cavabdehi və müstəqil tələb irəli sürməyən üçüncü şəxsi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, 4Ə-29 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsi ünvanında yerləşən 52 nömrəli fərdi yaşayış evinin tikili «A-da ümumi sahəsi 55 kv/m olan 3 yaşayış otağını və 58,6 kv/m olan köməkçi sahəsini» İddiaçı satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********93-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsi ünvanında yerləşən 52 nömrəli fərdi yaşayış evinin tikili «A-da ümumi sahəsi 55 kv/m olan 3 yaşayış otağı və 58,6 kv/m olan köməkçi sahəsi və 0,0164 ha olan torpaq sahəsi» paylı mülkiyyət hüququ üzrə İddiaçı, tikili «A-da ümumi sahəsi 31,5 kv/m olan 1 yaşayış otağı» paylı mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6959 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, daşınmaz əmlakın reyestrində **********93- 10301 nömrəsi ilə qeyd edilmiş, daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmış, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasport sənədində göstərilən 4 saylı tikilinin qarşısında 1,0 metr məsafədə hündürlüyü 2,0 metr olan hasar tikilisinin inşa edildiyi, sözügedən hasar tikilisinə hərhansı bir icazə sənədləri olmadığı üçün, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı və həmin bəndlərin tələbləri pozulduğu müəyyən edilmişdir. İddiaçı istifadəsində olan fərdi yaşayış evinin plan- ölçü sənədi üzrə müəyyən edilmiş giriş-çıxış yolu mülkiyyətin hansı növündə olmaqla kimə məxsus olmasını müəyyən etmək tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadı. İddiaçı istifadəsində olan fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasport sənədində göstərilən 7 saylı tikilinin qarşısından da giriş-çıxış yolunun olduğu müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4247 nömrəli ekspert rəyindən görünür ki, daşınmaz əmlakın reyestrində **********93-10301 nömrəsi ilə qeyd edilmiş, daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmış, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasport sənədində göstərilən 4 saylı tikilinin qarşısında 1 metr məsafədə hündürlüyü 2 metr olan hasar tikilisi İddiaçı mülkiyyətində olan əmlakdan istifadəyə mane olub-olmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. İşdə olan yerində baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasport sənədində göstərilən 4 saylı tikilinin 43 saylı tam orta məktəb istiqamətindəki qapısının qarşısında Cavabdeh tərəfindən inşa edilmiş hasar tikilisi həmin qapının qarşısındakı hissədə evə girişə mane törədir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsi ünvanında yerləşən 52 nömrəli fərdi yaşayış evinin tikili «A-da ümumi sahəsi 55 kv/m olan 3 yaşayış otağı və 58,6 kv/m olan köməkçi sahəsi və 0,0164 ha olan torpaq sahəsi» paylı mülkiyyət hüququ üzrə İddiaçı, tikili «A-da ümumi sahəsi 31,5 kv/m olan 1 yaşayış otağı» isə paylı mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Həmin evin İddiaçı aid olan hissəsində, yəni texniki pasport sənədində göstərilən 4 saylı tikilinin qarşısında Cavabdeh tərəfindən 1 metr məsafədə hündürlüyü 2 metr olan hasar inşa edilmişdir. Sözügedən hasar İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasport sənədində göstərilən 4 saylı tikilinin 43 saylı tam orta məktəb istiqamətindəki qapısından giriş-çıxışa maneçilik törədərək məhdudiyyət yaradır. Bununla yanaşı həmin tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmamışdır. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasport sənədində göstərilən 4 saylı tikilinin 43 saylı tam orta məktəb istiqamətindəki qapısının qarşısında Cavabdeh tərəfindən inşa edilmiş hasar tikilisi həmin qapının qarşısındakı hissədə evə girişə mane törətsə də, hasarın digər hissəsi iddiaçının evinin giriş qapısından cavabdehin öz evi istiqamətində yerləşir və iddiaçının evinə girişə mane törətmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2.-ci maddəsinə görə Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasport sənədində göstərilən 4 saylı tikilinin 43 saylı tam orta məktəb istiqamətindəki qapısının qarşısında Cavabdeh tərəfindən inşa edilmiş hasar tikilisi həmin qapının qarşısındakı hissədən dalanın girişi istiqamətində sökülməli, iddia qalan hissədə təmin təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 150 manat məbləğində pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasport sənədində göstərilən 4 saylı tikilinin 43 saylı tam orta məktəb istiqamətindəki qapısının qarşısında Cavabdeh tərəfindən inşa edilmiş hasar tikilisi həmin qapının qarşısındakı hissədən dalanın girişi istiqamətində sökülsün. İddiaçı və Cavabdeh müştərək qaydada tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-271/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-271/2023
21.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver