Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2751/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 manat borcun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan aldığı 6000 manat pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh onun həm qohumu, həm də qonşusudur, münasibətləri yaxşı olduğu üçün 23 avqust 2021-ci ildə cavabdehlə birgə Gəncə şəhəri 05 saylı Notariat ofisinə gedərək, notarial qaydada təsdiq edilməklə ona 6000 manat pul vermişdir, cavabdeh həmin borc pulu 23 oktyabr 2021-ci il tarixə qədər qaytarmalı idi. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq cavabdeh onu aldadaraq borclu olduğu pulu qaytarmır, müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Məhz buna görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı bildirdi ki, o, cavabdehə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2 aylıq borc kimi 6000 manat məbləğində verdiyi pulu uzun müddətdir ki, ala bilmir. Odur ki, cavabdehdən ona borc kimi verdiyi cəmi 6000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışında iştirak edən cavabdeh izahatında iddiaçıdan aldığı pulu üzürlü səbəbdən qaytara bilmədiyini, banklara borcunun və zaminliyinin olduğunu və borcunu hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçı, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Belə ki, müqaviləyə əsasən 6000 manat pulun xx.xx.2021-ci ilədək qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı çatmışdır. İddiaçı notarial qaydada təsdiq edilmiş müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdeh iddianı aradan qaldıran hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia təmin edilməli, 6000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 (səksən) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2751/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2751/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver