Məhkəmə qərarları › İş №2(125)-2754/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2754/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2754/2024 10.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 1.850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Cavabdeh 19 noyabr 2021ci il tarixdə ondan 200 manat məbləğində pul vəsaitini borc almış, həmin borcunu 4 ay müddətində qaytaracağını və hər ay həmin məbləğin 10 faizi məbləğində əlavə vəsaiti qaytaracağına söz vermişdir. 05 yanvar 2022-ci il tarixdə isə Cavabdeh ona birlikdə kələm alıb-satmağı təklif etmişdir. O, Cavabdeh təklifini qəbul etmiş və onlar kələm almaq üçün birlikdə Gədəbəy rayonuna getmişlər. Burada onlar 330 manat məbləğinə kələm alıb, avtomobilə 20 manat məbləğinə də yanacaq tökərək, Gəncə şəhərinə qayıtmışlar. Bununla da 05 yanvar 2021-ci il tarixdə Gədəbəy rayonundan kələm alıb, Gəncə şəhərinə gətirilməsinə 350 manat məbləğində vəsait sərf etmişdir. Lakin Cavabdeh ona olan 550 manat borcunun 50 manat məbləğində hissəsini qaytarsa da, qalan 500 manat məbləğində borcunu hazırki tarixədək qaytarmamışdır. Qeyd olunan səbəbdən borcun verilməsindən ötən 27 ay müddətində Cavabdeh faiz borcu qismində əlavə 1.350 manat məbləğində borcu yaranmışdır. Bununla da Cavabdeh ona olan ümumi borcu 1.850 manat təşkil etmişdir. Onun tələblərinə baxmayaraq, Cavabdeh ona olan borcunu müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırmışdır. Lakin onun həmin borcu təsdiq edən hər hansı sübutu yoxdur. 30 aprel 2024-cü il tarixdə mülki işin məhkəmə hazırlıq iclasının keçirilməsindən sonra Cavabdeh ona olan borcundan 50 manat ödəniş etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddianı 600 manat məbləğində pul tələbinə dair hissədə etiraf etmiş, iddianın hüquqi nəticələrinin ona məlum olduğunu bildirmiş, bu barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmiş və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh tərəfindən iddianın etirafı qəbul olunmalıdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 200 manat məbləğində, xx.xx.2022-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən 350 manat məbləğində borc verilmiş, həmin borcun 50 manat məbləğində hissəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək, Cavabdeh tərəfindən İddiaçı qaytarılmışdır. İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 1.850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini təşkil edən 1.850 manat məbləğində pul vəsaitinin 500 manat məbləğində hissəsinin əsas borc, 1.350 manat məbləğində hissəsinin faiz borcu olduğunu göstərmiş, tərəflər arasında faiz borcunun hesablanmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə isə 350 manat məbləğində pul vəsaitini borc alması yalnız xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh etirafı ilə təsbit olunmuş, Cavabdeh borcun digər hissəsini, yəni faiz borcunun mövcudluğunu və buna dair hər hansı razılaşma olmasını qəbul etməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasından sonra Cavabdeh tərəfindən İddiaçı 50 manat məbləğində ödəniş edilmişdir. Halbuki, iddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün ilk öncə tərəflər arasında öhdəliklərin yaranma əsaslarını və cavabdehin öz öhdəliklərini icra etməməsinə dair sübutları məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlllənin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməməsini, cavabdehin isə iddia tələbinin 600 manat məbləğində hissəsini qəbul etməsini və sonradan həmin məbləğin 50 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 550 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissəsədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 550 (beş yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat, cəmi 580 (beş yüz səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar