Məhkəmə qərarları › İş №2(125)-2754/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2754/2025

02.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2754/2025 02.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürmə» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı İddiaçı cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun doğma atasıdır.Belə ki, atası Cavabdeh ilə anası N.N.Quliyeva nikahlarını 2003-cü il tarixdə qeydə aldırmışlar. Onların birgə nikahlarından xx.xx.2005-ci il tarixdə bacısı X8 və xx.xx.2006-cı il tarixdə isə o anadan olmuşdur.Anadan olduğu gündən bu günədək o, cavabdeh olan atasının mülkiyyətində olan, həmçinin anasının da gəlin köçdüyü ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Onun valideyinləri arasında olan nikah münasibətləri pisləşdiyindən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-663/2024 nömrəli qətnaməsinə əsasən onlar arasında olan nikah pozulmuşdur. Hazırda Cavabdeh ondan və anasından, bacısından sözügedən mənzildən çıxmalarını tələb edir. Çünki mənzili satmaq niyyətindədir. O və bacısı X8 tələbədir. ünvan 1 ünvanında yerləşən mənzildən çıxmaları onların vəziyyətlərini olduqca acınacaqlı vəziyyətə gətirib çıxaracaqdır. Onların kirayə mənzilə görə əlavə ödənişlər etməyə maddi imkanları yoxdur. Cavabdeh ata kimi ona maddi-mənəvi dəstək göstərmək əvəzinə, böyüdüyü və yaşadığı mənzildən onu çıxarır, süni maneələr yaradaraq həmin mənzildə yaşamasına maneçilik törədir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 825739 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş İddiaçı atası Cavabdeh, anası isə X3r. İşdə olan xx.xx.2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21- 3-33/2-5498/2025 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 6 saylı mənzil (89.3 kv.m ümumi sahə, 57.4 kv.m yaşayış sahəsi, 5 yaşayış otağı) 213 nömrəli order, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında 15 may 2017-ci il tarixli 769322 nömrəli arayışına əsasən (qeydiyyatda olanlar: 17 noyabr 2006-cı il təvəllüdlü X14, 14 fevral 2005-ci il təvəllüdlü X8, xx xxxxxxxx 2006-cı il təvəllüdlü İddiaçı, X17, X15, X12, X5) X9 Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusunun 24 may 2017-ci il tarixdə təsdiq edilmiş 7E-22007 saylı razılıq ərizəsinə, X6 Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusunun 24 may 2017-ci il tarixdə təsdiq edilmiş 7E-22008 saylı razılıq ərizəsinə, X4 Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusunun 24 may 2017-ci il tarixdə təsdiq edilmiş 7E-22006 saylı razılıq ərizəsinə və X2 Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusunun 24 may 2017-ci il tarixdə təsdiq edilmiş 7E-22062 saylı razılıq ərizələrinə əsasən Cavabdeh adına qeydiyyata alınmışdır və ona 01 iyun 2017-ci il tarixli, **********54-05101-093033 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-663/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh və X5 arasında xx.xx.2003-cü il tarixdə Gəncə şəhər Nikah Evində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 458 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2006-cı il tarixdə anadan olmuş İddiaçı anası X2 yanında qalması müəyyən edilmiş, xx.xx.2006-cı il tarixdə anadan olmuş İddiaçı yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh X2 xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2006-cı il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 36 nömrəli evin 6 nömrəli mənzilində anadan olmuş və həmin tarixdən valideynləri arasında münasibətlərin pisləşməsindən, anası X2 öz valideynlərinin yaşadığı ünvana köçməsinədək qeyd olunan ünvanda yaşamışdır. Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 36 nömrəli evin 6 nömrəli mənzili isə əvvəllər dövlət mülkiyyətində olmuş, xx.xx.2017-ci ildə evdə qeydiyyatda olan digər şəxslərlə yanaşı İddiaçı həmin mənzilin özəlləşdirilməsinə razılıq vermişdir. Həmin razılıq əsasında Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 36 nömrəli evin 6 nömrəli mənzili Cavabdeh adına özəlləşdirilməsi həyata keçmiş və V.A.Qasımovun həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin sonradan Cavabdeh və X5 arasında baş vermiş münaqişə ilə əlaqədar İddiaçı Vasis qızı X5 ilə birlikdə sonuncunun valideynlərinə məxsus ünvana köçmüşdür. X1 valideynləri arasında olan münaqişəli vəziyyətlə əlaqədar Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 36 nömrəli evin 6 nömrəli mənzilindən istifadə edə bilmir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətini və iddiaya etirazı olduğu halda etirazlarını, habelə etirazının əsası kimi istinad etdiyi halları və onları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Lakin hər bir halda bu, mütənasib şəkildə, özəlləşdirilən mənzilin mülkiyyətçisinin mülkiyyət hüquqları nəzərə alınmaqla həyata keçirilməlidir. Belə yanaşma həm konstitusiya prinsiplərinə, həm də «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun məqsədlərinə cavab verir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın qarşılıqlı əlaqədə olan 13, 15, 29 və 59-cu maddələrində təsbit edilmiş xüsusi mülkiyyət hüququ, azad sahibkarlıq hüququ, müqavilə azadlığı, habelə iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verilməməsi prinsipləri bazar iqtisadiyyatının konstitusiya əsaslarını təşkil edir. Bazar iqtisadiyyatının şərtlərindən biri olan çoxformalı mülkiyyətə keçid zamanı özəlləşdirmə institutu bazar münasibətlərinin yaranması və inkişafına xidmət edən ən mühüm vasitələrdən biridir. Bu konstitusion məqsədlərə nail olmaq üçün qanunverici mülkiyyət münasibətlərinin transformasiyasının hüquqi əsaslarını müəyyən etmişdir. Mənzil münasibətləri sahəsində belə hüquqi əsaslar «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunda nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə» 30 oktyabr 2000-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq münasibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir. Buna müvafiq olaraq qanunverici «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 3-cü maddəsində digər prinsiplərlə yanaşı, həmçinin yaşadıqları mənzillərin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması və özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsiplərini təsbit etmişdir. Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi – yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarının və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsi kimi qəbul edilməlidir. Qanunun yuxarıda qeyd olunan ikinci prinsipdən irəli gələn digər mühüm məqsədi isə özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinə yönəlmişdir. Məhz bu iki məqsədin qarşılıqlı təminatı baxımından qanunverici «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş qaydanı müəyyən etmişdir. Həmin maddənin birinci hissəsinin birinci cümləsinin məzmununa görə özəlləşdirilmiş mənzilin mülkiyyətçisi yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzilə öz mülahizəsinə görə sahiblik edir, istifadə edir və onun barəsində sərəncam verir: onu vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onun barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilər. Göründüyü kimi, şəxsin öz mülkiyyətində olan özəlləşdirilmiş mənzillə bağlı qanunvericiliyə zidd olmayan hər hansı əqd bağlaması mütləq şəkildə ailə üzvlərinin razılığı ilə şərtləndirilmişdir. Bununla da qanunverici ailə üzvlərinin özəlləşdirilmiş mənzilə əvvəllər əldə olunmuş və mahiyyətcə məhdud əşya hüququ olan yaşamaq hüququnu təmin etmək məqsədilə mülkiyyətçinin mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93) Buna müvafiq olaraq, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun məhdudlaşdırılması yalnız konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi məqsədi ilə mütənasib şəkildə tətbiq olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi, həmin Qanunun əsas məqsədlərindən biri özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsinə yönəlmişdir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Beləliklə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 12-ci maddəsinin birinci hissəsindən göründüyü kimi, özəlləşdirilmiş mənzilin mülkiyyətçisi həmin mənzilin mülkiyyətçisi olmayan ailə üzvlərinin razılığını almadan mənzillə bağlı heç bir əqd bağlaya və onu vəsiyyət edə bilməz. Bu məhdudiyyətin məqsədi mülkiyyətçi olmayan və özəlləşdirmə zamanı müvafiq mənzildə faktiki yaşayan mülkiyyətçinin ailə üzvlərinin həmin mənzildə yaşamaq hüququnun müdafiəsinə yönəlmişdir. Həmin məqsədə nail olunması, şübhəsiz ki, bütün cəmiyyətin maraqlarına cavab verir. ««Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Bundan əlavə ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan «hüquqdan sui-istifadə qadağası»na zidd olar. Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Nəzərə alınmalıdır ki, belə yanaşma özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsinə yönəlmiş və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsipindən irəli gəlir. Həmçinin ««Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, adına özəlləşdirilmə aparılmış şəxsin, buna razılıq vermiş ailə üzvlərinin ona olan güvən və etimadlarına zidd şəkildə öz mülkiyyət hüququndan istifadə etməsi hüquqdan sui-istifadə hesab olunur. Oxşar mövqe X11 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Romanalman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərtlərinin yerinə yetirilməsi tələb olunur. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi 01 sentyabr 2000-ci ildən 01 oktyabr 2009-cu ilədək olan müddət ərzində yaranmış mənzil münasibətləri ilə əlaqədar mübahisələrin məhkəmədə tədqiqi zamanı tərəflərin ailə üzvü, yaxud digər şəxs olub-olmaması, əgər eyni ailə üzvləridirsə mülkiyyətçi ilə birgə yaşayıbyaşaması, mülkiyyətçi ilə birlikdə yaşamayan ailə üzvlərinin və digər şəxslərin mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılıb-bağlanılmaması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması yoxlanılmalıdır. Belə ki, qanunverici ailə üzvü, birgə yaşayan ailə üzvü və digər şəxslərə dair fərqli tənziməetmə qaydaları müəyyənləşdirmiş, ailə üzvü və digər şəxslərə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin, birgə yaşayan ailə üzvlərinə isə həmin Məcəllənin 228.5-ci maddəsinin müddəalarının tətbiq edilməli olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə və eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri dedikdə, mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları başa düşülür. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2006-cı ildə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 36 nömrəli evin 6 nömrəli mənzilində anadan olmuş və həmin tarixdən qeyd olunan mənzillə onun arasında hüquq münasibəti yaranmışdır. Hazırda mənzilin mülkiyyətçisi Cavabdeh isə İddiaçı atasıdır. Buna görə də məhkəmə İddiaçı ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 36 nömrəli evin 6 nömrəli mənzili arasında hüquq münasibətinin yarandığı tarixi və mülkiyyətçi ilə qohumluq münasibətlərini, yəni mülkiyyətçinin qızı olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki mübahisənin maddi hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarını, habelə ««Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeni nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 36 nömrəli evin 6 nömrəli mənzilindən istifadə hüququ müəyyən edilməli və İddiaçı həmin mənzilə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 36 nömrəli evin 6 nömrəli mənzilindən istifadə hüququ müəyyən edilsin və İddiaçı həmin mənzilə köçürülsün. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar