Məhkəmə qərarları › İş №2(125)-2773/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2773/2023

24.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2773/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 000(on min) manat əsas borc, 100 manat hüquqi xidmətə görə, 121 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə, cəmi 10 224 (on min iki yüz iyirmi dörd) manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəblərdən məhkəmədə iştirak edə bilməyəcəyini, iddianı tam müdafiə etdiyini və işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh bu münasibətlərindən sui-istifadə etmişdir. Cavabdeh 2022-ci ilin mart ayında ona müraciət edib pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. O, bankdan kredit götürüb borcu qaytaracağını söyləmişdir. 22 mart 2022-ci il tarixdə Kamilə cəmi 10.000 manat pul borc vermişdir. O, borcu 2022-ci ilin may ayının sonundan ona qaytarmalı idi. Kamil bu barədə öz xətti ilə şəxsiyyət vəsiqəsinə qəbz yazıb ona vermişdir. Lakin vaxt keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. O, iddiaçıdan gizlənir, telefon zənglərinə cavab vermir və borcun qaytarılmasından boyun qaçırır. Buna görə də borcun məhkəmə qaydasında alınması zəruridir. İddiaçı hüquqi xidmət məqsədi ilə Bakı şəhəri, Q.Qarayev prospekti 52 ünvanda yerləşən "xxxx" MMC-yə müraciət etmiş və 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq ün 121 manat və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu ödəmişdir, həmin məbləğlər də cavabdehdən tutulub ona ödənilməlidir. Mübahisəni məhkəmədən kənar həll etmək üçün cavabdehə pretenziya məktubu göndərmişdir. Lakin, cavabdeh pretenziya məktubuna cavab verməmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini, 10 000 manat məbləğində pulun ödənilməsinə etirazı olmadığını bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 10 000 (on min) manat borc pul aldığını və aldığı 10 000 (on min) manat pulu 2022-ci ilin may ayının sonuna kredit götürüb tam şəkildə ödəyəciyini göstərmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi olmuş, cavabdeh iddiaçıdan 10.000 manat borc pul almışdır. Cavabdeh iddiaçıdan aldığı pulu qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq 10 000 (on min) manat məbləğində borc, 100 manat hüquqi xidmətə görə və 3 manat notariat hərəkətlərinə görə ödənilmiş xərc cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 121 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 10 000 ( on min) manat əsas borc, 100 manat hüquqi xidmətə görə və 3 manat notariat hərəkətlərinə görə ödənilmiş xərc və 121 (bir yüz iyirmi bir) manat dövlət rüsumu olmaqla, cəmi 10 224 (on min iki yüz iyirmi dörd) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar