Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2793/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15 aprel 2013-cü il tarixli, 10-M-1-0-575-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.537 ABŞ dolları 31 sent, müqavilənin bitdiyi tarixdən – 15 aprel 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 865 ABŞ dolları 15 sent, cəmi 2.402 ABŞ dolları 46 sent və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 60 manat 18 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 27 oktyabr 2022-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti 15 aprel 2013-cü il tarixli, 10-M-1-0-575-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.537 ABŞ dolları 31 sent, müqavilənin bitdiyi tarixdən – 15 aprel 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 865 ABŞ dolları 15 sent, cəmi 2.402 ABŞ dolları 46 sent və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 60 manat 18 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 28 oktyabr 2022-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 aprel 2013-cü il tarixli, 10-M-1-0-575-13 saylı kredit müqaviləsindən görünür ki, «Nikoyl» X1 açıq səhmdar cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə illik 28% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 6.350 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 15 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 1.537 ABŞ dolları 31 sent, müqavilənin bitdiyi tarixdən – 30 sentyabr 2022-ci il tarixdən 05 avqust 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 865 ABŞ dolları 15 sent, cəmi 2.402 ABŞ dolları 46 sent təşkil edir. İş materiallarında olan 15 aprel 2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 «Nikoyl» X1 açıq səhmdar cəmiyyətindən 15 aprel 2013-cü il tarixdə 6.350 manat məbləğində pul vəsaitini almışdır. İşdə olan 15 aprel 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Babayev X2 Şəmsi Əsəd oğlunun eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, «Nikoyl» X1 açıq səhmdar cəmiyyəti hazırkı adı İddiaçı açıq səhmdar cəmiyyətidir. İşdə olan sübutlarla Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə borcu, əsas borc qismində 1.537 ABŞ dolları 31 sent borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cu il tarixli qərarında qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 15 aprel 2013-cü il tarixli, 10-M-1-0-575-13 saylı krediti müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.537 ABŞ dolları 31 sent məbləğində borcunun yarandığı təsdiq olunur. Lakin İddiaçı açıq səhmdar cəmiyyəti zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 15 aprel 2015-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 aid hissədə iddia rədd olunmalı, Cavabdeh1 15 aprel 2013-cü il tarixli, 10-M-1-0-575-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə əsas borcun əvəzi qismində 1.537 ABŞ dolları 31 sent, müqavilənin bitdiyi tarixdən – 15 aprel 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 865 ABŞ dolları 15 sent, cəmi 2.402 ABŞ dolları 46 sent məbləğində pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat 18 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 15 aprel 2013-cü il tarixli, 10-M-1-0-575-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.537 (bir min beş yüz otuz yeddi) ABŞ dolları 31 (otuz bir) sent, müqavilənin bitdiyi tarixdən – 15 aprel 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 865 (səkkiz yüz altmış beş) ABŞ dolları 15 (on beş) sent, cəmi 2.402 (iki min dörd yüz iki) ABŞ dolları 46 (qırx altı) sent məbləğində pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2793/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2793/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver