Məhkəmə qərarları › İş №2(125)-28/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-28/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-28/2024 16.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə Fərhad oğlunun, Cavabdeh1 prosessual hüquqi varisi Atayeva Aygün Musa qızının, Cavabdeh4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası baədə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlərdən 400000 manat maddi ziyan, 39498,75 manat əldən çıxmış qazanc olmaqla, cəmi 439498,75 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə cavabdeh - Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixdə imzalanmış Baş kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə 40 ay güzəşt verilməsi şərtilə illik 7% hesablanmaqla 88000 manat, Bankla "xxxx" MMC arasında xx.xx.2006-cı il tarixdə imzalanmış Baş kredit müqaviləsinə əsasən 36 ay müddətinə 12 ay güzəşt verilməsi şərtilə illik 18 % hesablanmaqla 150000 ABŞ dolları və Bankla "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə imzalanmış Baş kredit müqaviləsinə əsasən 36 ay müddətinə, faiz və əsas hissənin rüblük qaytarılması şərtilə illik 18 % hesablanmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə öhdəliklərin təmin edilməsi məqsədilə Cavabdeh1, Cavabdeh2, X2 və qeyrilərinin paylı mülkiyyətində olan 0.0671 ha torpaq sahəsi üzərində yerləşən 130 saylı fərdi yaşayış evi müvafıq olaraq xx.xx.2006-cı il, xx.xx.2006-cı il və xx.xx.2008-ci il tarixli ipoteka müqavilələri ilə İddiaçı ASC-nin “Gəncə” fılialı qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 və "xxxx" MMC kredit öhdəliklərini müəyyən olunmuş qaydada və tam yerinə yetirmədiklərinə görə, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ASC-nin xeyrinə xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 cəmi 92246,57 manat pulun tutulması, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-dən cəmi 63495,42 ABŞ dolları pulun tutulması və xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-dən cəmi 119747 ABŞ dolları pulun tutulması, hər üç kredit üzrə öhdəliklərin Gəncə şəhəri, D.Bünyadzadə küçəsi 130 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 550000 manat müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə edilmiş gəlir borcdan artıq olarsa qalan məbləğin ipoteka qoyanlara qaytarılması, borcun ödənilməsi üçün yetərli olmazsa borcluların digər əmlakı hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi verilmişdir. İlkin və təkrar hərraclardan sözügedən əmlak satılmadığına görə xx.xx.2010-cu il tarixdə 15 faiz və 25 faiz aşağı qiymətə, yəni 350625 manata ipoteka saxlayan İddiaçı ASC-yə təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Lakin sonrakı dövrlərdə hazırki iddia üzrə cavabdehlər - Cavabdeh1 və onun ailə üzvləri İddiaçı ASC-yə qarşı əsassız iddialar qaldırmış və Banka hərracdan əldə etdiyi əmlakın öz adına rəsmiləşdirilməsinə mane olmuşlar. Sonuncu dəfə, Cavabdeh1 və qeyriləri İddiaçı ASC-yə və qeyrilərinə qarşı “ipoteka müqaviləsi üzrə tutma yönəldilmiş ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia etmişlər ki, D.Bünyadzadə 130 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini və əlavə tikintiləri ipoteka ilə yüklü etməmişlər. Halbuki, xx.xx.2010-cu il tarixli qətnamədə cavabdehlər ipoteka qoyulmuş əmlakın sərhədlərinin müəyyən edilməsi barədə hər hansı tələb irəli sürməmişdilər. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1201/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və müəyyən etmişdir ki, xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsi üzrə tutma yönəldilmiş ipoteka predmetinin sahəsi Gəncə şəhəri, Nizami rayonu, Dadaş Bünyadzadə küçəsi 130 saylı fərdi yaşayış evinin 118.1 kv.m. 4 yaşayış otağı, 69.4 kv.m. köməkçi sahə, 145.8 kv.m. yarım zirzəmi və 246 kv.m. torpaq sahəsindən ibarətdir. Həmin evin yerləşdiyi 11.2 kv.m. 2 yaşayış otağı, 25.3 kv.m. köməkçi sahə, 224.8 kv.m. mağaza və 425 kv.m. həyətyanı torpaq sahəsi iddiaçılara aiddir və çəpərlənərək bölünüb bir-birindən ayrılmalıdır. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Beləliklə, İddiaçı ASC "xxxx" MMC-nin hərracın yekunları barədə 06 iyul 2011-ci il tarixli 45/1-01 nömrəli Protokoluna və Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 06 iyul 2011-ci il tarixli Müqaviləyə əsasən Gəncə şəhəri, Nizami rayonu, D.Bünyadzadə küçəsi (indiki Turan küçəsi) 130 saylı fərdi yaşayış evini açıq hərracdan almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2017-cı il tarixli, ********** Qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı ASC ünvan 3 saylı fərdi yaşayış evinə tam mülkiyyət hüququnu əldə etmişdir. Həmin əmlak hazırda da iddiaçının mülkiyyətindədir. İddia ərizəsində qeyd edilmişdir ki, Gəncə şəhəri, Nizami Rayon Polis Şöbəsinin verdiyi arayışa əsasən Gəncə şəhəri, Nizami rayonu, D.Bünyadzadə küçəsi (indiki Turan küçəsi) 130 saylı fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X11 yaşayış yeri üzrə qeydiyyatda olsalar da, həmin evdə yeni mülkiyyətçi olan İddiaçı ASC-nin razılığı olmadan qanunsuz olaraq yaşayırlar. İddia tələbinə görə məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola, eyni zamanda iddiaçının mülkiyyət hüququnu əldə etməsinə baxmayaraq cavabdehlər sözügedən mənzildən çıxmaqdan və onu boşaltmaqdan imtina etmişlər. Bu da İddiaçı ASC-yə mülkiyyətçi kimi öz qanuni hüquqlarını həyata keçirməyə imkan vermir. Sözügedən evə İddiaçı ASC-nin mülkiyyət hüquqları qeydə alındıqdan sonra o cavabdehlər tərəfindən boşaldılmadığından, xx.xx.2017-ci il tarixindən indiyə qədər Banka 39498,75 manat maddi ziyan vurulmuşdur. Belə ki, cavabdehlər tərəfindən sözügedən əmlaka qanunsuz sahibliyə vaxtında son qoyulsa idi, həmin ev bank tərəfindən 150000 manata satıla bilərdi və bu iddia ərizəsinə əlavə edilmiş arayışa əsasən İddiaçı ASC həmin pulu öz vəsaiti kimi 2017-ci ildə ortalama 15,85 faizlə, 2018-ci ildə isə ortalama 19,26 faizlə müştərilərə kredit verə bilərdi. İddiaçı ASC həmin qazancdan cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhrum olduğu üçün, hazırda 39498,75 manat maddi ziyanı cavabdehlərdən tələb edir. Bundan başqa, sözügedən evin dəyəri Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-518/2010 saylı qətnaməsi ilə 550000 manat müəyyən edilsə də, xx.xx.2018-ci il tarixli, 2(044)-988/2018 saylı qətnaməsi ilə 150000 manat müəyyən edilmişdir ki, bu da onu deməyə əsas verir ki, evin dəyəri səkkiz il ərzində düşmüşdür. Cavabdehlər ünvan 1 saylı yaşayış evini vaxtında Banka təhvil versəydilər Bank həmin evin qiyməti 550000 olan zaman onu sataraq daha çox qazanc əldə edə bilərdi. Bununla da, Cavabdeh1 və onun ailə üzvləri Banka 400000 manat maddi ziyan vurublar. Göründüyü kimi, İddiaçı ASC yuxarıda göstərilmiş mənzilin mülkiyyətçisidir, lakin cavabdehin qanunsuz hərəkətlərinə görə İddiaçı ASC mülkiyyət hüququnun bütün elementlərini istifadə edə bilmədiyinə görə mülkiyyət hüququnu həyata keçirə bilmir və bu səbəbdən külli miqdarda maddi ziyan çəkmişdir. İşə baxılma ərəfəsində, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia verərək İddiaçı ASC-nin iddiasının rədd edilməsi, İddiaçı ASC-dən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xeyrinə 21951,96 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun tutularaq onlara verilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-518/2010 saylı qətnaməsi icraya yönəldilmiş və ipoteka bredmeti olan evin ilkin satış qiyməti 550000 manat dəyərində qiymətləndirilmiş, həmin qiymətə uyğun olaraq ev hərraca çıxarılmışdır. Birinci hərracda ev satılmadığından xx.xx.2011-ci il tarixdə keçirilmiş ikinci hərracda ev 25 faiz aşağı qiymətlə, yəni 350625 manatla hərraca çıxarılmışdır və İddiaçı ASC evi qeyd olunan qiymətlə almışdır. Qeyd olunan hərrac Bakı şəhərində yerləşən "xxxx" MMC tərəfindən həyata keçirilmiş və bundan sonra İddiaçı ASC sonuncuya və onlara qarşı hərracın yekunlarına dair müqavilənin ləğvi, əmlakın yenidən qiymətləndirilməsi və hərracın yenidən keçirilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış və pul tələbinə dair İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia qaldırmışdır. Qeyd olunan iddialar üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı ASC-nin ilkin iddiası rədd edilmiş və onun qarşılıqlı iddiası təmin edilərək İddiaçı ASC-dən 14793,7 manat məbləğində pulun tutularaq ipoteka predmeti olan ev üzrə paylı mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi hesab etmişdir ki, xx.xx.2012-ci il tarixdə hərracın yekunları ilə bağlı mübahisəyə son qoyulduğundan xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, 2 il 7 ay ərzində bank ipoteka qoyanlara 114 min 532 manat pulu qaytarmamışdır və həmin puldan yararlanmışdır. Məhkəmə qətnamələrindən, qararlarından və digər sənədlərdən göründüyü kimi xx.xx.2012-ci il tarixdə hərracın yekunları ilə bağlı mübahisəyə son qoyulmuş, mübahisəli ev bankın mülkiyyətinə keçmişdir. Bank evi 350 min 625 manata aldığı və ipoteka qoyanlara 114 min 532 manat qaytarmalı olduğu halda üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və ipoteka qoyanlara külli miqdarda ziyan vurmuşdur. Bank xx.xx.2012-ci il tarixdən hazırki vaxta qədər 114 min 532 manat pulu dövriyyə edərək, vətəndaşlara kredit verərək külli miqdarda qazanc əldə etmişdir. Belə ki, 114 min 532 manat illik faiz dərəcəsi 25 faizlə vətəndaşlara kredit şəklində verildikdə bank həmin puldan bir il ərzində 28 min 633 manat əldə etmişdir ki, həmin məbləğdə 6 il ərzində 171 min 798 manat təşkil edir. Hazırda Azərbaycan Respublikası üzrə bank uçot dərəcəsi 2015-ci il tarixdən hazırki vaxta qədər 5 faizdən 15 faizə qədər yüksəlmişdir, hazırkı vaxtda isə 9.25 faizdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi 19 yanvar 2016-cı il tarixli qətnaməsi üzrə İddiaçı ASC tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 2 il 7 ay ərzində 0,05 faiz bank uçot dərəcəsini əsas götürərək bank tərəfindən ipoteka qoyanlara qaytarılmamış 114 min 532 manat pul üzrə 14793,7 manat pulun İddiaçı ASC-dən tutulması qərarına gəlmişdir. Buna baxmayaraq, hazırkı iddia üzrə ilkin İddiaçı ASC üzərinə düşən öhdəliyi təkrarən yerinə yetirməmiş və 114 min 532 manat puldan bir manat da olsun qaytarmamış və hazırki vaxta qədər də yararlanmışdır. Ona görə də xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək keçən 3 il 10 ay ərzində 114 min 532 manat pul üzrə 0.05 faiz bank uçot dərəcəsi ilə 21951.96 manat pul İddiaçı ASCdən tutularaq onlara, yəni paylı mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 ödənilməlidir. Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, həmçinin Cavabdeh2 ayrılıqda ərizə ilə müraciət edərək iddia tələbi əsassız olduğundan, o cümlədən iddiaçı tərəf iddia müddətini buraxmaqla məhkəməyə müraciət etdiyindən iddia müddətinin tətbiq edilib iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ölmüşdür, buna görə də məhkəmə gedişində Cavabdeh1 prosessual hüquqi varisi qismində Atayeva Aygün Musa qızı cəlb edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə Fərhad oğlu qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək hesablama 0,05 faizlə deyil, illik 5 faiz tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə Fərhad oğlu qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 prosessual hüquqi varisi Atayeva Aygün Musa qızı qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. İşin hallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli 2(044)-518/2010 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası təmin edilmiş, Cavabdeh1 xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əsasən 92246,57 manat, "xxxx" MMC-dən xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əsasən 63495,42 ABŞ dolları və xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən 119747 ABŞ dolları borcun tutulması, tutmanın ipoteka predmeti olan Gəncə şəhəri, D.Bünyadzadə küçəsi 130 saylı fərdi yaşayış evinə yönəldilməsi, borc üzrə ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin ipoteka qoyanlara – Cavabdeh1, Cavabdeh2, X6, X4 və Cavabdeh3 ödənilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1201/2013 nömrəli, 05 avqust 2013-cü il tarixli qətnaməsi ilə tutma yönəldilmiş ipoteka predmetinin sahəsi müəyyən edilmiş, tutma yönəldilmiş ipoteka predmetinin dairəsi Gəncə şəhəri D.Bünyadzadə küçəsi 130 saylı fərdi yaşayış evinin 118.1 kv.m 4 yaşayış otağına, 69.4 kv.m köməkçi sahəsinə, 145.8 kv.m yarım zirzəmiyə və 246.0 kv.m torpaq sahəsinə aid edilmiş, həmin sahədə yerləşən 11.2 kv.m 2 yaşayış otağı, 25.3 kv.m köməkçi sahə, 224.8 kv.m mağaza və 425.0 kv.m həyətyanı torpaq sahəsi ayrılaraq bölünmüş və həmin sahələr arasında bölgü aparılmaqla sahələr biri-birindən təcrid olunaraq çəpərlənməsi qət edilmişdir. Sözügedən qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli qətnaməsi ilə, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2389/2015 nömrəli, 23 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin ilkin iddiası qismən təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-518/2010 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə uyğun olaraq Gəncə şəhəri İcra idarəsinin sifarişi ilə Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair 06 iyul 2011-ci il tarixli, 45/1-01 nömrəli protokol və 06 iyul 2011-ci il tarixli bağlanmış əmlakın alqı-satqısı barədə müqavilə ləğv edilmiş, tələbin yönəldiyi əmlakın sərhədləri yenidən müəyyən edildiyi üçün, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli 2(044)-1201/2013 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş sərhədlər daxilində Gəncə şəhəri, Nizami rayonu, D.Bünyadzadə küçəsi 130 saylı fərdi yaşayış evinin (yeni sərhədlərlə 246.0 kv.m torpaq sahəsinə aid edilmiş, 118.1 kv.m 4 yaşayış otağı, 69.4 kv.m köməkçi sahəsi, 145.8 kv.m yarım zirzəmi) yenidən qiymətləndirilməsi, yeni qiymətlə sözügedən əmlakın yenidən hərracdan satışının həyata keçirilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-827/2016 nömrəli, 19 yanvar 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər Aydın, Solmaz, Cavabdeh2lər və Aynurə Əhmədovanın nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli 2(005)-2389/2015 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə və başqalarına qarşı hərracın yekunlarına dair alqı-satqı müqaviləsinin ləğvi və s. tələbinə dair ilk iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ASC-dən 14793,7 manat məbləğində pul vəsaitinin paylı mülkiyyətçilər Cavabdeh1, X9, Cavabdeh2 və Cavabdeh3 xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2698/2016 nömrəli, 16 iyun 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-988/2018 nömrəli, 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC“-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “evin boşaldılması və evdən çıxarılma” tələbinə dair ilkin iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsi 130 saylı evdə olan ev əşyaları çıxarılaraq boşaldılmış vəziyyətdə İddiaçı ASC“-yə təhvil verilməsi, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, X12, Cavabdeh1 və Cavabdeh4 Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsi 130 saylı evə dair istifadə hüquqlarına xitam verilməklə həmin evdən çıxarılmaları, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh İddiaçı ASC“-yə qarşı “hərracın nəticəsi üzrə evin satılması ilə bağlı artıq qalmış və ödənilməmiş 114532 manat pulun ödənilməsinin təmin edilməsi, artıq qalmış pulun ödənilməsinin gecikdirilməsi nəticəsində qeyd edilən məbləğdə faizlərin tutulması, gecikdirilmiş 114532 manat pulun istifadəsi nəticəsində əldən çıxmış faydanın ödənilməsi, ipotekaya qoyulmuş evin təmirinə çəkilmiş 80000 manat pulun tutulması, tutulmalı olan və gecikdirilmiş 114532 manat pulun ödənilməsi təmin edilmədiyindən icra hərəkətləri tam başa çatmadığıdan evdən çıxarılma tələbinin təmin edilməməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-100/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-988/2018 nömrəli, 03 sentyabr 2018-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2333/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərarı ilə Cavabdeh1 prosessual hüquqi varisi Atayeva Aygün Musa qızının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-100/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 prosessual hüquqi varisi Atayeva Aygün Musa qızının mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş **********83-10301 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,0185 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.metr olan fərdi yaşayış evi İddiaçı ASC“-nin xüsusi mülkiyyətindədir. İddiaçının iş materiallarına əlavə etdiyi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən İddiaçı ASC“-yə verilmiş 01/1387 nömrəli, 18 fevral 2017-ci il tarixli “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 18 fevral 2017-ci il tarixinə olan bazar dəyəri 110000 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2017-ci il tarixli 739959 nömrəli arayışından görünür ki, Atayeva Aygün Musa qızı, X7, X14, Cavabdeh2, X12, Cavabdeh5 oğlu, Cavabdeh1 və Cavabdeh4 Gəncə şəhəri, D.Bünyadzadə küçəsi, ev 130-da qeydiyyatdadırlar. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dəyəri barədə mövcud ekspert rəyinə əsasən “Rabitəbank ASC-yə məxsus olan və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın - fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmiş, bazar dəyəri 150000 manat, likvid dəyəri 140000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının 26 dekabr 2016-ci il tarixli, SA/065 saylı İcazə qeydiyyatı ilə fəaliyyət göstərən sərbəst auditor X10 25 oktyabr 2018-ci il tarixində tərtib etdiyi müstəqil auditor rəyində qeyd etmişdir ki, 25 oktyabr 2018-ci il tarixinə bütün mövcud aspektlərdə apardığı yoxlama ilə müəyyənləşdirilmişdir ki, ”Termal” MMC və Cavabdeh1 kredit öhdəliklərini müəyyən olunmuş qaydada və vaxtında təmin edilməməsi səbəbindən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 400000 manat məbləğində maddi ziyan əmələ gəlməsi müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı ASC tərəfindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış RB-02/3159 nömrəli, xx.xx.2018-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı ASC“-nin öz vəsaiti hesabına müştərilərə verdiyi kreditlər üzrə 2017ci ildə ortalama illik faiz dərəcəsi 15,85 faiz, 2018-ci ildə isə ortalama illik faiz dərəcəsi 19,26 faiz təşkil etmişdir. İş materiallarına əlavə edilmiş elektron sorğu məlumatarından görünür ki, Mərkəzi Bankın uçot faiz dərəcəsi xx.xx.2017-ci il tarixdə 15%; xx.xx.2018-ci il tarixdə 13%; xx.xx.2018-ci il tarixdə 9,75%; xx.xx.2023-cü il tarixdə 8,5%; xx.xx.2023-cü il tarixdə 8%; xx.xx.2024-cü il tarixdə 7,75% və xx.xx.2024-cü il tarixdə 7,25% olmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir (MPM-in 9.3cü maddəsi). MPM-in 77.1-ci maddəsi sübut etmə yükünün tələb (yaxud tələbə etiraz) edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri və buna uyğun olaraq tərəflər arasında sübut etmə yükü müəyyən edilmədən, işin mübahisəsiz və məhkəmə baxışı zamanı sübutların tədqiqi əsasında müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırkı iş üzrə iddiaçı cavabdehlərdən mülkiyyətində olan evdən çıxmaqdan və onu boşaltmaqdan imtina etdiklərinə görə, habelə cavabdehlərin qanunsuz hərəkətlərinə görə vurulmuş zərəri (əldən çıxmış faydanı); cavabdehlər isə iddiaçıdan pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb edir. Bu cür mübahisənin qanuni həll edilməsi ilk növbədə tərəflər arasında etibarlı müqavilənin bağlanıb-bağlanmamasından asılıdır. Çünki mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları məhz bunun nəticəsindən asılı olaraq (qanundan, yaxud müqavilə öhdəliklərinin pozulmasından irəli gələn zərər) müəyyən edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında etibarlı ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, Gəncə şəhəri, D.Bünyadzadə (hazırda Turan) küçəsi 130 saylı fərdi yaşayış evi əvvəllər mülkiyyət hüququna əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və qeyrilərinin paylı mülkiyyətlərində olmuş, onlar həmin evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmiş, həmin fərdi yaşayış evi 550000 manat dəyəri ilə hərraca çıxarılmış və 06 iyul 2011-ci il tarixdə keçirilmiş hərracda ev 25 faiz aşağı qiymətlə - 350625 manata İddiaçı ASC-yə satılmış və ASC-nin adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, ipoteka predmetinə tutma yönəldilərkən evi boşaldacaqları barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 üzərinə öhdəlik götürmələri işin müəyyən edilmiş mübahisəsiz halıdır. Tərəflər arasında bağlanılmış həmin müqavilədən irəli gələn zərərlə bağlı iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 443-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən isə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Mülki Məcəllənin 443.7-ci maddəsi isə nəzərdə tutur ki, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il qərarında ifadə edilmiş hüquqi mövqelərə görə müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Digər tərəfdən, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu baxımdan hazırkı iş üzrə ipoteka müqaviləsi tərəflərinin biri-birilərinə qarşı zərər tələbinə dair mübahisənin həlli ilk növbədə hansı tərəfin müqavilə üzrə öhdəliyini pozmasından asılıdır. Müəyyən edilir ki, həm iddiaçı, həm də cavabdehlər sözügedən ipoteka müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmişlər. Belə ki, ipoteka predmeti olan fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətinə keçdikdən sonra cavabdehlər yeni mülkiyyətçinin razılığı olmadan, qanunsuz olaraq mübahisəli evdə yaşamağa davam etmiş, evdən çıxmaqdan və onu boşaltmaqdan imtina etmişlər. İddiaçı bank evin mülkiyyətinə keçdiyi vaxtdan, yəni xx.xx.2017-ci il tarixindən iddia ərizəsi verilənədək, yəni 2018-ci ilin dekabr ayınadək müddət ərzində Banka 39498,75 manat maddi ziyan vurulduğunu bildirir və hesab edir ki, cavabdehlər tərəfindən sözügedən əmlaka qanunsuz sahibliyə vaxtında son qoyulsa idi, həmin ev bank tərəfindən 150000 manata satıla bilərdi və bu iddia ərizəsinə əlavə edilmiş arayışa əsasən İddiaçı ASC həmin pulu öz vəsaiti kimi 2017-ci ildə ortalama 15,85 faizlə, 2018-ci ildə isə ortalama 19,26 faizlə müştərilərə kredit verə bilərdi. Ona görə də İddiaçı ASC həmin qazancdan cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhrum olduğu üçün, hazırda 39498,75 manat maddi ziyanı cavabdehlərdən tələb edir. Məhkəmə bu hissədə ilk iddianı qismən əsaslı hesab edir və qeyd edir ki, qanunsuz olaraq mübahisəli evdə yaşamağa davam etməklə cavabdehlər xx.xx.2017-ci il tarixindən 2018-ci ilin dekabr ayınadək, yəni bir il səkkiz ay ərzində iddiaçı banka 39498,75 manat deyil, 21250 manat zərər vurmuşlar. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mərkəzi Bankının 2017, 2018, 2023 və 2024-cü illər üzrə uçot faiz dərəclərini nəzərə alır və İddiaçı ASC-nin 150000 manat məbləğində pulu öz vəsaiti kimi ortalama 8,5 faizlə müştərilərə kredit verə biləcəyini ağlabatan və inandırıcı hesab edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bank məhz 2017-ci ildə ortalama 15,85 faizlə, 2018-ci ildə isə ortalama 19,26 faizlə konkret hansısa müştəriyə kredit verdiyini təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. İddiaçı bankın digər tələbi cavabdehlərdən 400000 manat maddi ziyanın tutulması barədədir. İddiaçı qeyd edir ki, sözügedən evin dəyəri Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-518/2010 saylı qətnaməsi ilə 550000 manat müəyyən edilsə də, xx.xx.2018-ci il tarixli, 2(044)-988/2018 saylı qətnaməsi ilə 150000 manat müəyyən edilmişdir ki, bu da onu deməyə əsas verir ki, evin dəyəri səkkiz il ərzində düşmüşdür. Cavabdehlər ünvan 1 saylı yaşayış evini vaxtında Banka təhvil versəydilər Bank həmin evin qiyməti 550000 olan zaman onu sataraq daha çox qazanc əldə edə bilərdi. Bununla da, Cavabdeh1 və onun ailə üzvləri Banka 400000 manat maddi ziyan vurublar. İddiaçı hesab edir ki, İddiaçı ASC yuxarıda göstərilmiş evin mülkiyyətçisidir, lakin cavabdehlərin qanunsuz hərəkətlərinə görə İddiaçı ASC mülkiyyət hüququnun bütün elementlərini istifadə edə bilmədiyinə görə mülkiyyət hüququnu həyata keçirə bilmir və bu səbəbdən külli miqdarda maddi ziyan çəkmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ilk iddiası 400000 manat maddi ziyan tələbi hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı 400000 manat pulu əldən çıxmış fayda, yəni ona dəymiş maddi ziyan olaraq tələb edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsində göstərilən müddəa zərərin həm real, həm də əldən çıxmış fayda formasında olmaqla, iki növünü müəyyən etmişdir. Hər bir halda, açıq göstərilməsə də, adı çəkilən müddəa zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsin ona dəymiş zərəri sübut etmək vəzifəsinin də olmasına işarə edir. Lakin iddiaçı ipoteka predmetini 550000 manata sata bilməməsinə görə cavabdehlərin ona real, yaxud da əldən çıxmış fayda formasında zərər vurduğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Məhkəmə sözügedən hissədə ilk iddianı rədd edərkən həm də onu qeyd edir ki, iş materiallarından da göründüyü kimi, ipoteka predmeti olan fərdi yaşayış evi 550000 manat dəyəri ilə hərraca çıxarılmış və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-518/2010 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə uyğun olaraq Gəncə şəhəri İcra idarəsinin sifarişi ilə Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən 06 iyul 2011-ci il tarixdə keçirilmiş hərracda ev 25 faiz aşağı qiymətlə - 350625 manata İddiaçı ASC-yə satılmış və ASC-nin adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, iddiaçı bank həmin hərracın nəticələrinə dair 06 iyul 2011-ci il tarixli, 45/1-01 nömrəli protokolun və 06 iyul 2011-ci il tarixli bağlanmış əmlakın alqı-satqısı barədə müqavilənin ləğvi barədə iddia ilə 2015-ci ildə məhkəməyə müraciət etməklə sözügedən hərracı özü mübahisələndirmişdir, bu da onu göstərir ki, iddiaçı bank əmlakın vaxtında satılmasına özü maneə olmuşdur. Digər tərəfdən, iş materiallarında həmin əmlakın 400000 manat zərərinə satılması, habelə bunda cavabdehlərin təqsirinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəni əsassız hesab edir və bununla bağlı qeyd edir ki, tərəflər arasında ipoteka müqaviləsi münasibətlərindən irəli gələn hazırkı mübahisə üzrə üç illik iddia müddəti müəyyənləşdirilsə də ilk iddia üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, tərəflər arasında ipoteka müqaviləsi üzrə ipoteka predmeti ilə bağlı uzun müddətdir, yəni 2010-cu ildən müxtəlif məhkəmə çəkişmələri davam edir və iddiaçı bank hazırkı ilk iddia ilə həmin ərəfələrdə məhkəməyə müraciət etmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçılar Bankdan pul vəsaitindən faydalanmağa görə 21951,96 manat məbləğində pulun tutulması tələbini irəli sürmüşlər. Məhkəmə hesab edir ki, qarşılıqlı tələbin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Yuxarıda adıçəkilən xx.xx.2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə görə ...Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarında da qeyd olunduğu kimi Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma Mülki Məcəlləni 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik bir qayda olaraq zərərin ödənilməsi tələbinin təmin olunması üçün tələb edən şəxs tərəfindən sübutların təqdim olunması qaydasını müəyyən etsə, başqa sözlə bununla bağlı sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, Məcəllənin 447.5-ci maddəsi həmin qaydadan istisna nəzərdə tutur. Bu istisnaya əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edir. Hazırkı işin hallarından müəyyən edilir ki, xx.xx.2012-ci il tarixdə hərracın yekunları ilə bağlı mübahisəyə son qoyulmuş, mübahisəli ev Bankın mülkiyyətinə keçmişdir. Bank evi 350625 manata aldığı və ipoteka qoyanlara 114532 manat qaytarmalı olduğu halda üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsi 19 yanvar 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ASC tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 2 il 7 ay ərzində 0,05 faiz bank uçot dərəcəsini əsas götürərək bank tərəfindən ipoteka qoyanlara qaytarılmamış 114532 manat pul üzrə 14793,7 manat pulun İddiaçı ASC-dən tutulması qərarına gəlmişdir. Buna baxmayaraq, hazırkı iddia üzrə ilkin İddiaçı ASC üzərinə düşən öhdəliyi təkrarən yerinə yetirməmiş və 114532 manat pulu ipoteka qoyanlara qaytarmamışdır. Sözügedən məbləğdə pulun ipoteka qoyanlara qaytarılıb-qaytarılmaması barədə Banka məhkəmə tərəfindən müvafiq sorğu göndərilmiş, lakin Bank sorğuya cavab verməmişdir. Ümumiyyətlə, məhkəmə iclası Bankın qarşılıqlı iddiaya öz mülahizələrini və etirazını bildirmək və sübutlarını məhkəməyə təqdim etmək üçün dəfələrlə təxirə salınsa da, cavabdeh işin hallarından məlumatlı olan nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmiş və qarşılıqlı iddiaçıların dəlillərini təkzib edən sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 106.2-ci maddəsinin tələbinə görə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Cavabdeh tərəfin təqdim etdiyi kassa məxaric orderinin surətinə görə sözügedən məbləğin 64587,80 manat hissəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 verilmişdir. Göründüyü kimi, bank sözügedən 114532 manat pul məbləğini qarşılıqlı iddia ərizəsi verilənədək qaytarmamaqla qeyd edilən dövr üzrə həmin puldan yararlanmışdır. Beləliklə, Bank qarşılıqlı iddiaçıların dəlillərini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etmədiyindən, məhkəmə iş materiallarında olan sübutlar və qarşılıqlı iddiaçıların irəli sürdüyü dəlillər əsasında qarşılıqlı iddianın qismən əsaslı olması qənaətinə gələrək hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək keçən 3 il 10 ay ərzində 114532 manat pul üzrə 5 faiz ilə 21951.9 manat İddiaçı ASC-dən tutularaq ipoteka qoyanlara - (əvvəlki paylı mülkiyyətçilər) Cavabdeh1 (prosesual hüquqi varisi Atayeva Aygün Musa qızına), Cavabdeh2 və Cavabdeh3 ödənilməlidir. Məhkəmə bu zaman qarşılıqlı iddiaçıların digər paylı mülkiyyətçinin da xeyrinə hərəkət etdiklərini nəzərə almışdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ilk və qarşılıqlı iddiaların verildiyi vaxtı nəzərə almaqla hesab edir ki, hər iki iddia qismən əsaslı olduğundan iddiaçı və cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 prosessual hüquqi varisi Atayeva Aygün Musa qızından müştərək qaydada 21250 (iyirmi bir min iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 21951,90 (iyirmi bir min doqquz yüz əlli bir manat doxsan qəpik) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Hər iki tələb üzrə pulun tutulması eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar