Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2805/2023 08.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə 1731.88 manat əsas borc, 11.59 manat faiz borcu olmaqla cəmi 1743.47 manat pul vəsaitinin, 0,40 manat xidmət haqqının və 37.44 manat dövlət rüsumunun əvəzinin tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, "xxxx" KB ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında 2443rstKPZ/19 nömrəli, xx.xx.2019-cu il tarixli Güzəştli Kredit və Bank hesabı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restruktrizasiya olunan kredit borcunun 2671.68 manat qalıq məbləğinin, 60 ay müddətinə, 12 ay güzəşt müddəti olmaqla, illik 1 faiz ödəmək şərti ilə qaytarılmasını borcalanla razılaşdırmış, borcalan krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bankla borcalan arasında bağlanmış kredit müqaviləsinin şərtləri vaxtında və lazımi qaydada yerinə yetirilməmişdir. Cavabdehin Banka 1731.88 manat əsas borcu, 11.59 manat faiz borcu olmaqla cəmi 1743.47 manat borcu vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, bankla borcalan arasında bağlanmış müqavilənin 3.5.1-ci bəndinə əsasən “Müştəri” kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə beş təqvim günündən çox pozduqda bank bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını tələb edə bilər. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən “Müştəri” kredit üzrə faizləri bu müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, faizlərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin illik 0.02% miqdarında cərimə tətbiq edilir. xx.xx.2023-cü il tarixli elektron arayışdan görünür ki, cavabdehin 2443rstKPZ/19 nömrəli kredit müqaviləsi üzrə Banka 1731.88 manat əsas borc, 11.59 manat faiz borcu olmaqla, cəmi 1743.47 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və öhdəliyi pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə iddia tələbini, habelə borcun düzgün hesablanmadığını təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, kredit müqaviləsi üzrə yaranmış 1731.88 manat əsas borc, 11.59 manat faiz borcu olmaqla, ümumilikdə 1743.47 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 37.44 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2443rstKPZ/19 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1731.88 manat əsas borc, 11.59 manat faiz borcu olmaqla, cəmi 1743.47 (bir min yeddi yüz qırx üç manat, qırx yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun, eləcə də bank xidmət haqqının əvəzi kimi 37.84 (otuz yeddi manat, səksən dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2805/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2805/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver