Məhkəmə qərarları › İş №2(125)-2821/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2821/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2821/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 17 yanvar 2022-ci il tarixli, 67nkKPZ/22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.988 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 953 manat 54 qəpik, cərimə qismində 94 manat 25 qəpik, cəmi 8.036 manat 69 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 manat 77 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında 17 yanvar 2022-ci il tarixdə bağlanmış 67nkKPZ/22 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 16 yanvar 2025-ci il tarixədək, illik 18% ödəmək şərtilə 7.300 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə iddiaçı Bank müqavilədə qeyd olunan müddətdə və faizlə krediti Cavabdehnın mülkiyyətinə vermişdir və Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə 02 fevral 2023-cü il tarixə Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə 6.988 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 953 manat 54 qəpik, cərimə qismində 94 manat 25 qəpik məbləğində borcu yaranmışdır. Sonda «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti iddianın təmin olunması barədə qətrnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. 23 may 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi T.İ.Piriyeva mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim etməklə, iddianı qismən etiraf etdiyini, iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmiş, iddia tələbinin əsas borc və faiz hissəsində təmin edilməsini, geri qalan hissədə isə rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 yanvar 2022-ci il tarixli, 67nkKPZ/22 saylı kredit müqaviləsinin surətindən görünür ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 16 yanvar 2025-ci il tarixədək illik 18% ödəmək şərtilə 7.300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin 02 fevral 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh borcu əsas borc qismində 6.988 manat 90 qəpik, 02 fevral 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 953 manat 54 qəpik, cərimə qismində 94 manat 25 qəpik, cəmi 8.036 manat 69 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 6.988 manat 90 qəpik, 02 fevral 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 953 manat 54 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh iddianı etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 94 manat 25 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh tərəfindən qismən etiraf olunması təsdiq edilməli, Cavabdeh 17 yanvar 2022-ci il tarixli, 67nkKPZ/22 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 6.988 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 953 manat 54 qəpik, cərimə qismində 5 manat, cəmi 7.947 manat 44 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 manat 77 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın qismən etiraf olunması təsdiq edilsin. «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 17 yanvar 2022-ci il tarixli, 67nkKPZ/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.988 (altı min doqquz yüz səksən səkkiz) manat 90 (doxsan) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 953 (doqquz yüz əlli üç) manat 54 (əlli dörd) qəpik, cərimə qismində 5 (beş) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 (bir yüz) manat 77 (yetmiş yeddi) qəpik, cəmi 8.048 (səkkiz min qırx səkkiz) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti tutulsun. «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar