Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2830/2023 08.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1600 manat ödənilməmiş əsas, 100 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2021-ci il tarixdə Samsung markalı televizorun nisyə alğı-satqısı barədə 99004828 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ödəniş cədvəlinə əsasən ümumi dəyəri 1800 manat olan və 200 manat ilkin ödəniş edilmiş əşyaya görə cavabdehin müqavilə üzrə borcu - ödəniş müddəti 8 ay, aylıq ödəniş 200 manat olmaqla 1600 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, qalıq borcdan hər hansı ödəniş edilməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qalıq qalmış 1600 manat pul qaytarılmamışdır. Cavabdehə gecikdirdiyi günlərə görə 100 manat cərimə hesablanmışdır. Beləliklə, cavabdehin iddiaçıdan aldığı əşyaya görə 1600 manat əsas, 100 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinin 1-ci bəndinə görə satıcı alıcıya qeyd olunan bənddə göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Eyni zamanda, müqavilənin 8.1-ci bəndində nəzərdə tutulmuşdur ki, alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1 (bir) % cərimə ödəyir. İddia tələbinə, iddiaçının verdiyi arayışa, müqaviləyə və ödəniş cədvəlinə görə cavabdehin sözügedən müqavilə üzrə borcu - əsas məbləğ üzrə 1600 manat, cərimə üzrə 100 manat olmaqla, cəmi 1700 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə sözügedən müqavilə üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə təhvil verilmiş, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Bununla belə, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi maliyyə sənədinə əsasən sözügedən müqavilə üzrə cavabdeh tərəfindən gecikmələrlə qismən ödəniş edilmiş, bu ödəniş iddiaçı tərəfindən cərimə kimi qəbul edilmişdir. Cavabdeh bu hissəni mübahisələndirməmiş, ümumiyyətlə cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Müqavilə üzrə qalıq borcdan cavabeh tərəfindən hər hansı başqa ödəniş aparılması iş materiallarından görünmür. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 1600 manat və cərimə üzrə 100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 37 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1600 manat əsas və 100 manat cərimə olmaqla, cəmi 1700 (bir min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37 (otuz yeddi) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2830/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2830/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver