Məhkəmə qərarları › İş №2(125)-2836/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2836/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2836/2023 19.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2066 manat əsas borc, 200 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 99000665 saylı alğı-satqı müqaviləsinə əsasən sonuncu alğı-satqı qiyməti 2066 manat olan “Hisense 50A6100” markalı televizor və “Xiaomi Note 8” markalı telefon almışdır. Cavabdeh alınmış malların dəyərini 12 ay ərzində, hər ay üçün 172,17 olmaqla, cəmi 2066 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etməmiş, bununla da alğı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh maddi vəziyyətin pisləşməsini əsas gətirərək müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq, iddiaçının sahibkarlıq fəaliyyətinə ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 99000665 nömrəli alğı-satqı müqaviləsinə və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən satıcı (iddiaçı) “Hisense 50A6100” markalı televizoru və “Xiaomi Note 8” markalı telefonu alıcıya verməyi, alıcı isə həmin malı qəbul edib 2066 manat məbləği xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 12 ay ərzində hər ay 172,17 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.1-ci bəndinə əsasən alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1 faiz cərimə ödəyir. Maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2066 manat borcundan heç bir ödəniş etməmiş, 200 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı malların qiymətini müqavilə ilə müəyyən edilmiş vaxtda və qaydada ödəməyərək öhdəliyini icra etməmişdir. Öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Lakin borclu öhdəliyi icra etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə müqavilə üzrə 200 manat dəbbə pulu tələb etmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Buna baxmayaraq, məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən müqavilə üzrə 50 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 43 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 99000665 saylı alğı-satqı müqaviləsi üzrə 2066 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu olmaqla, cəmi 2116 (iki min yüz on altı) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar