Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2866/2024 18.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Barat-zadə Ruzugar Zülfiqar oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Barat-zadə Ruzugar Zülfiqar oğluna qarşı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.479 manat 69 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 76 manat 13 qəpik, cəmi 6.555 manat 82 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 85 manat 56 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məhkəməyə daxil olmasından sonra məlumatların «Elektron məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı İddiaçı QSC BOKT ilə xx.xx.2021-ci il tarixdə zaminlik müqaviləsi bağlamış Barat-zadə Ruzugar Zülfiqar oğlunun xx.xx.2022-ci il tarixdə öldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Barat-zadə Ruzugar Zülfiqar oğlu xx.xx.2022-ci ildə öldüyünə görə hazırki halda istər mülki prosessual hüquq və fəaliyyət qabiliyyətinə, istərsə də mülki hüquq və fəaliyyət qabiliyyətinə malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Barat-zadə Ruzugar Zülfiqar oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığına görə həmin iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı QSC BOKT tərəfindən ödənilmiş 85 manat 60 qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı QSC BOKT-na qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Barat-zadə Ruzugar Zülfiqar oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qaytarılsın. Ödənilmiş 85 (səksən beş) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2866/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2866/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver