Məhkəmə qərarları › İş №2(125)-2876/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2876/2022

26.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2876/2022 26.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Oqtay oğlundan xx.xx.2007-ci il təvəllüdlü Babaşova Gülcan Yayha qızının saxlanılması üçün alimentin artırılmasını, hər ay əmək haqqının 50 faiz tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək xx.xx.2007-ci il təvəllüdlü Babaşova Gülcan Yayha qızının saxlanılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1194/2021 saylı qətnaməsi ilə təyin olunmuş 200 (iki yüz) manat məbləğində alimentin artırılaraq 400 (dörd yüz) manat məbləğində müəyyən olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh Oqtay oğlu ilə 28 sentyabr 2004-ci il tarixdə nikahlarını rəsmiləşdirərək evlənmişlər. Birgə nikahlarından xx.xx.2004-ci il təvəllüdlü Babaşova Arzu Yahya qızı və xx.xx.2007-ci il təvəllüdlü Babaşova Gülcan Yahya qızı anadan olmuşdur. Cavabdeh ailəsinə qarşı laqeyd olmuş onlarla maraqlanmamışdır. O, azyaşlı övladlarını böyütməkdə çətinlik çəkir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(043)-1194/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, uşaqların saxlanılması üçün Cavabdeh Oqtay oğlundan hər ay hər uşağa görə 200 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaqlarından Arzunun 18 yaşı olduğundan aliment yalnız Gülcana ödənir. 200 manat aliment isə uşağın saxlanmasında kifayət etmir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, xx.xx.2007-ci il təvəllüdlü Babaşova Gülcan Yahya qızının yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq 400 manat ödəməyə razıdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV 171225 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-cı ildə Gülcan adlı uşaqları anadan olmuşdur; Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-1194/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 21 iyul 2004-cü il təvəllüdlü Babaşova Arzu Yahya qızının və 19 yanvar 2007-ci il təvəllüdlü Babaşova Gülcan Yahya qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli, MŞG/1-05574 saylı ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-1194/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh 21 iyul 2004-cü il təvəllüdlü Babaşova Arzu Yahya qızının və 19 yanvar 2007-ci il təvəllüdlü Babaşova Gülcan Yahya qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul miqdarında aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda 21 iyul 2004-cü ildə anadan olmuş Arzu 18 yaşına çatmışdır. Təyin olunmuş 200 manat məbləğində aliment azyaşlı Gülcanın saxlanılması üçün yetərli olmadığından və cavabdeh 200 manat alimentdən başqa uşağın saxlanılmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul edərək alimentin artırılmasına razı olduğunu bildirmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-1194/2021 nömrəli qətnaməsi ilə 19 yanvar 2007-ci ildə anadan olmuş Babaşova Gülcan Yahya qızının yetkinlik yaşına çatanadən saxlanması üçün təyin olunmuş alimentin məbləği artırılaraq, hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməklə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 44 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Tərəflərin birgə nikahlarından 19 yanvar 2007-ci ildə anadan olmuş Babaşova Gülcan Yahya qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-1194/2021 nömrəli qətnaməsi əsasında tutulan 200 manat alimentin məbləği artırılaraq, hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 44 (qırx dörd) manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar