Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2896/2024 17.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş maddi ziyana və mənəvi zərərə görə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən, özünəməxsus olan fərdi yaşayış evinin yanması nəticəsində ona dəymiş 230454,4 manat maddi ziyanın və mənzilin yanması nəticəsində onun keçirdiyi sarsıntıya görə cavabdehdən 20000 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən özünəməxsus olan fərdi yaşayış evini 2013-cü ildə inşa edərək həmin evdə yaşamışdır. 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində evin yataq otağında pəncərənin şüşəsinin partlaması nəticəsində yuxudan oyanmış və evin yanmasının şahidi olmuşdur. Yanğın nəticəsində evi və içərisində olan əşyalar yanaraq yararsız hala düşmüşdür. Yanğına səbəb cavabdehin yol verdiyi səhlənkarlıq olmuşdur. İddiaçı hesab edir ki, onun evinin yanması cavabdehin səhlənkarlığı nəticəsində baş vermişdir. İddiaçının evində olan kamera çəkilişlərinə diqqət yetirdikdə yanğının məhz elektrik sayğacından baş verməsi aydın görünür. Evdə olan sayğac X7 işçiləri tərəfindən dəyişdirilmiş, lakin heç bir təhvil təslim aktı tərtib edilməmişdir. Elektrik şəbəkəsinin işçisi Gülər Sadıqova ifadəsində bildirmişdir ki, yanğının elektrik enerjisi ilə heç bir bağlılığı yoxdur. Onun ifadəsində qeyd edilir ki, iddiaçı ondan smart kart ilə bağlı olan müqavilə tələb etmiş, lakin ərazidə olduğundan o, müqaviləni aparıb verə bilməmişdir. Sonra ünvanı soruşmuş, lakin ünvanı ona deməmişdir. Sonradan müqaviləni imzalatdırmağa gedən zaman yanğının olmasının şahidi olmuşdur. Bu ifadədə olan zidiyyətlər onu deməyə əsas verir ki, elektrik enerjisində baş verən qüsur zamanı yanğın baş vermişdir. Bütün bunlar hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı nəticəyə gəlməyə əsas verir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyə əsasən yanğının baş verməsinin səbəbi elektrik naqillərində baş verən yüklənmə olmuşdur. Həmçinin, Fövqəladə Hallar Nazirliyi DYNX-in Gəncə Regional DYNİ-nin xx.xx.2022-ci il tarixli Yanğın haqqında aktında göstərilmişdir ki, 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində Gəncə şəhəri 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı məxsus yaşayış evində baş vermiş yanğına səbəb qonşunun kamera görüntülərinə əsasən elektrik paylayıcı qutusunda qısaqapanmanın yaranması qeyd edilmişdir. Fövqalədə Hallar Nazirliyi X14 Xidmətinin Yanğınların Təhqiqatı və Sınaq Laboratoriyasının xx.xx.2022-ci il tarixli 573 saylı protokoluna əsasən yanğından sonrakı qalıqlar üzərində elektotexniki qəza hallarından olan artıq dövrə yüklənməsi işlərinə oxşar işlər aşkar edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən yanğın nəticəsində iddiaçıya dəymiş, əmtəə üzrə ziyanın məbləği 142470 manat olduğu müəyyən edilmişdir. Bundan başqa, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən mənzilin təmir tikinti, usta fəhlə pulu ilə birlikdə evin əvvəlki vəziyyətə gətirilməsi üçün 87984,40 manat tələb olunur. İddiaçının evinə elektrik sayğacının düzgün quraşdırılmaması və elektrik enerjisinin verilməsində baş vermiş qüsurlar nəticəsində iddiaçının mülkü onun gözləri qarşısında yanmış və yanğın baş verən zaman o qorxmuş, bu hal isə onda narahatlıq hissi yaratmış, məyusluq və stress hissləri yaşatmışdır. Bu narahatlıq və stress zamanı ona dəymiş mənəvi ziyanın dəyərini iddiaçı 20000 manat məbləğində qiymətləndirir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iş üzrə toplanmış sənədlərlə təsdiq olunur ki, Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində 29 oktyabr 2022-ci il tarixdə yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi ilə əlaqədar olaraq Gəncə şəhər DYMH-nin zənginə əsasən xətt açılmış, yanğın hadisəsi söndürüldükdən sonra xətt bərpa edilmişdir. Fərdi yaşayış evində baş vermiş yanğın hadisəsinin elektrik enerjisi ilə heç bir əlaqəsi olmamışdır. Dayaqdan sayğaca düşən 0,4 kv-lıq 2*10 SİP xəttində və sayğacda heç bir qüsur olmamışdır. Sayğacın işlək vəziyyətdə, istismara yararlı olduğu məlum olmuşdur (sayğacın şəkili əlavə edilib). Belə olan halda İddiaçı iddia edir ki, onun evinin yanması cavabdehin səhlənkarlığı nəticəsində baş vermişdir. Halbuki, İddiaçı özünün evində təmir – bərpa aparan zaman ehtiyatsız davranması nəticəsində qəza baş vermişdir. Belə ki, evinin girişində yerləşən talvarın üzərinə vurulmuş taxta materiallara bitişik çəkilmiş elektrik xətlərində baş vermiş qəza halında yaranmış istiliyin təsirindən yaxınlıqda yerləşən materialların alışması nəticəsində yanğın hadisəsi baş vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, istehlakçıların aylıq enerji sərfinin miqdarını, dəyərini və ödənişini özündə əks etdirən abunə haqqında dövriyyə cədvəlindən göründüyü kimi, abonent kodu **********0131317 olan İddiaçı Tasim qızının X5 etməsi ilə bağlı fərdi yaşayış evinin elektrik sayğac uçot dəstinə baxış keçirilmiş, baxış keçirilən zaman abonent tərəfindən enerji sərfiyyatının göstərişini qəsdən azaltmaq məqsədi ilə sayğacdan “kənar xətt” aşkar edilmişdir. Aşkar edilmiş faktla bağlı abonent İddiaçı barəsində “EEİQ” nin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli AKT R 179016 № li akt tərtib edilmiş və həmin akt dövriyyə cədvəlində öz əksini tapmışdır. "xxxx" ASC Qərb RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən tərtib olunmuş akta əsasən “Qaydalar”ın 8.17-ci bəndinin tələblərinə uyğun hesabat aparılmışdır. 3587,40 manat dəyərində borc məbləğini iddiaçı düz evi yanana qədər ödəmişdir, həmin məbləğdən 362,66 manat qalmışdır. Bu da onu göstərir ki, abonent kənar xəttdən istifadə edib, hesablanan cəriməylə razılaşıb və ödənişlər edibdir. xx.xx.2020-ci il tarixdə quraşdırılmış MP-106 tipli, zavod nömrəsi **********23 olan yeni sayğac baş vermiş yanğın hadisəsi ilə əlaqədər Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq idarəsinin tətqiqatçısı Zaur İslamova akt əsasında təhvil verilmişdir. İddiaçı çoxsaylı instansiyalara müraciətlər etmiş və hər bir quruma şikayət etdikdə əvvəlki iddiasından fərqli rəqəm qeyd etmişdir. Dəymiş ziyanın 7000 manat iddiasından başlayaraq, süni 230454 manata qədər yüksəlməsiə əsas olmaması açıq-aydın görünür. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin katibliyinə ünvanladığı şikayət ərizəsində qeyd edir: “Mən demirəm ki, maddi kömək edilsin, heç olmasa inşaat materialları verilsin.” (H/5716/1 saylı, xx.xx.2022-ci il tarixli şikayət). Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq idarəsinin qərarından aydın görünür ki, 29 oktyabr 2022-ci il tarixdə, saat 06:00 radələrində Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı Nadir qızına məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsində evdə usta işləyən X1 və ehtiyatsızlığından baş vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, 1 il 8 ay bundan qabaq ona məxsus fərdi yaşayış evi qısaqapanma nəticəsində yanmışdır, dəfələrlə sayğacın yan tərəfinin açıq olması ilə bağlı cavabdeh təşkilata məlumat versə də, cavabdeh təşkilat səhlənkarlıq etmiş, heç bir tədbir görməmişdir. Qiymətləndirmə nəticəsində dəymiş ziyanın məbləği 230454,4 manat hesablanmışdır. Evi yanandan bəri ekspert rəyi üç dəfə dəyişilibdir. Birinci dəfə ziyanın məbləği 29000 manat hesablanmışdır, lakin o, həmin məbləğlə razı olmadığı üçün qərardan şikayət vermiş, ekspert tərəfindən evə yenidən baxış keçirilərək, hesablamalar aparılmış, həmçinin qonşulardan izahat alınmışdır. Bundan sonra ziyanın məbləği 230000 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, cavabdeh tərəfindən elektrik sayğacının qoyulmasına baxmayaraq iddiaçı ilə heç bir müqavilə bağlanmamışdır, hansı ki, müqavilə bağlanmalı, sözügedən məsələlər orada tənzimlənməli idi. Yanğının elektrik naqillərinin yaxşı çəkilməməsi nəticəsində baş verməsi əsasını qəbul etmir. Belə ki, yanğının suvağın altından çəkilən naqillərdən yaranması mümkün deyil. İlkin vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin məktubları, həmçinin mütəxəssis rəyləri sübut edir ki, yanğın elektrik sayğacında başlamışdır. Bir neçə dəfə ekpertiza keçirilmiş, ekspert rəyləri tərtib olunmuş, sadəcə sonuncu ekspert rəyi onlara təqdim edilmişdir. Ekspert rəyi sübut növlərindən biri olsa da, birincisi deyil, belə ki, rəy formal mülahizələrə əsaslanır, həmin ekspert rəyi işin digər materialları ilə təkzib edilir. İşin faktiki hallarına əsasən hüquqi nəticəyə gəlmək mümkün deyil. Təqdim etdikləri video-görüntülərdən də görünür ki, yanğın elektrik sayğacından başlayıb, yanğının elektrik xətləri ilə bağlılığı yoxdur. Həmin gün iddiaçı ilə qonşu olan digər evlərdə də elektrik enerjisində problem yaranmış, həmin evlərdə naqillərdə yanma baş vermişdir. Bu isə həmin gün elektrik enerjisinin verilməsində ümumi problemin olduğunu sübut edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən ayda bir-iki dəfə işıq sayğaclarına baxış keçirilir, iddiaçıya məxsus fərdi yaşayış evində baş verən yanğın barədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilərək müvafiq sənədlər tərtib olunmuşdur, həmin sənədlərin heç birində yanğının səbəbinin işıqla əlaqədar olması sübuta yetməyib. Elektrik sayğacı quraşdırıldıqdan sonra istifadəçi ilə müqavilə bağlanır, müqavilələr bir ildən bir yenilənir, odur ki, 2022-ci ildə iddiaçı ilə müqavilə bağlanıb-bağlanmaması barədə məlumatı vardır. Sayğac quraşdırılana qədər cavabdehlik "xxxx" ASC-yə, sayğac quraşdırıldıqdan sonra isə istifadəçinin özünə aiddir. Bundan başqa, iddiaçının 2020-ci ilin iyun ayının 22-də kənar xətlərdən istifadə edərək “X5 Qaydalarını” pozmasına görə ona akt əsasında təxminən 3461 manat məbləğində cərimə hesablanmış, iddiaçı isə həmin cəriməni mübahisələndirməyərək qəbul etmiş, ev yanan günə qədər həmin cərimədən ödənişlər etmişdir. Hazırkı günə iddiaçının 362,66 manat cərimə borcu qalıb. Yanğın hadisəsinin baş verdiyi məlumdur, lakin Fövqəladə Hallar Nazirliyinin məktubları, mütəxəssis rəyləri, həmçinin ekspert rəyi sübut edir ki, yanğın iddiaçının səhlənkarlığına görə elektrik xətlərində yaranmış qısaqapanma nəticəsində baş vermişdir. Ekspert komissiyasının əməkdaşları tərəfindən sayğac rəsmi təhvil alınmış, sayğacın normal vəziyyətdə olduğu aşkarlanmışdır. Həmçinin, iddiaçı şikayət etdiyi bütün orqanlarda ona dəymiş ziyanın məbləğini müxtəlif rəqəmlərdə göstərmişdir, bu isə onu bir daha sübut edir ki, iddia əsassızdır. Hadisə günü "xxxx" ASC-nin əməkdaşları mübahisəli evdə kənar xəttin olmasını aşkarlamamışlar. Belə ki, hadisə baş verən gün əməkdaşlar hadisə yerinə gedərək yanğının evin daxilindən – evin yataq otağından başladığını, sayğacın yerində olduğunu, heç bir problem olmadığını müəyyən etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, yanğın baş verən ünvanın qonşuluğunda yerləşən evdə 4-5 ay kirayə yaşamışdır. Keçən ilin elə bu vaxtlarında evdə olarkən səs-küy eşidərək məhəlləyə çıxmış, çıxdıqda qonşusu olan iddiaçının evində yanğın hadisəsinin baş verdiyini görmüşdür. Həmin günün səhərisi onun öz evində də soyuducu və internet modeminin gərginliyin artıb-azalması nəticəsində yandığını görmüşdür. Hadisə ilə əlaqədar "xxxx" ASC-yə müraciət etməsə də, həmin ərəfələr elektrik enerjisinin verilişində gərginliyin artıb-azalması hallarının tez-tez baş verməsi nəticəsində "xxxx" ASC-yə müraciət olunmuşdur, lakin bununla bağlı heç bir tədbir görülməmişdir. Məhkəmə, iddiaçının, onun vəkilinin, eləcə də cavabdehin nümayəndəsinin izahatlarını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində elektrik sayğacının fotoşəkillərini təqdim etmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1073 nömrəli, 05 iyul 2013-cü il tarixli fərdi yaşayış evinin yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilməsi haqqında sərəncamına əsasən Gəncə şəhəri, 3-cü mikrorayonun şimal-şərq hissəsində 200,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (lahiyyələndirilməsinə) icazə verilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı, leytenant X9 tərəfindən 1591 saylı material üzrə qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 29 oktyabr 2022-ci il tarixdə, saat 06:00 radələrində Gəncə şəhəri, 3 -cü mikrorayon, H.Arif küçəsində yerləşən, İddiaçı və Zakir Rzayevə məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar X6 əməlində cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, material üzrə araşdırma zamanı izahatı alınmış İddiaçı ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən, özünə məxsus fərdi yaşayış evini 2013-cü ildə inşa etdirərək ailə üzvləri ilə həmin evdə yaşayır. 29 oktyabr 2022-ci il tarixdə, saat 06:00 radələrində evdə yanğın iyisinin olduğunu hiss edərək evin birinci mərtəbəsinin yataq otağının pəncərəsinin çatlaması səsinə yuxudan oyanmış və dərhal otağın qapısını açaraq “naves”in altında yanğın hadisəsinin baş verdiyini görmüşdür. Ailə üzvlərini yuxudan oyadaraq və nəvələrini götürüb eyvandan çölə çıxmışlar. Qonşularını köməyə çağıraraq onlarla birlikdə yanğını söndürməyə çalışmış, lakin buna nail ola bilməmişdir. Yanğınsöndürmə xidmətinə zəng edərək məlumat vermiş və bir müddətdən sonra gələn yanğınsöndürənlər tərəfindən yanğın söndürülmüşdür. Xəsarət alan olmamış, yanğından əvvəl “Ariston” markalı su qızdırıcı və soyuducu elektrik şəbəkəsinə qoşulu olmuşdur. Yanğın nəticəsində özünə məxsus fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə, qonşusu X10 məxsus fərdi yaşayış evinin çardağı və tavanı yanaraq yararsız vəziyyətə düşmüşdür. Xəsarət alan olmamış, evin elektrik sayğacı X7 işçiləri tərəfindən dəyişdirilmiş, hər-hansısa təhvil-təslim aktı tərtib olunmamışdır. X7 rəhbərliyindən və işçilərindən şikayətçidir. Belə ki, onların səhlənkarlıqlarından evində yanğın baş vermiş, fərdi yaşayış evi isə sığortalanmamışdır. Qonşunun evinin kamerasındakı görüntülərindən göründüyü kimi elektrik enerjisinin verilişində gərginliyin artıb-azalmasından evin çöl hissəsinə çəkilmiş elektrik naqillərində qısaqapanmanın yaranmasından yanğın hadisəsi baş vermişdir. Dəymiş maddi ziyanın "xxxx" ASC tərəfindən ödənilməsini xahiş edir. Yanğın hadisəsi nəticəsində tikinti və əmtəə üzrə ona ümumilikdə 200000 manat maddi ziyan dəymişdir. Təxminən 2014-cü ildə özünə məxsus fərdi yaşayış evinin daxili elektrik xətləri X11 tərəfindən çəkilmişdir. Sonuncu dəfə 2022-ci ilin may ayında F.Hüseynov tərəfindən elektrik yuvası dəyişdirilmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış X4 göstərmişdir ki, 29 oktyabr 2022ci il tarixdə, saat 06 radələrində Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yaşdığı fərdi yaşayış evində olarkən səs eşidərək məhəlləyə çıxdıqda qonşusu İddiaçı məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verdiyini görmüşdür. Dərhal yanğın yerinə gəlmiş, qonşuları köməyə çağıraraq onlarla birlikdə yanğını söndürməyə çalışmış, lakin buna nail ola bilməmişdir. Yanğınsöndürmə xidmətinə zəng olunaraq hadisə barədə məlumat verilmiş, bir müddətdən sonra gələn yanğınsöndürənlər tərəfindən yanğın söndürülmüşdür. Xəsarət alan olmamış, elektrik enerijisinin verilişində gərginliyin artıbazalması nəticəsində elektrik naqillərində qısaqapanmanın yaranmasından yanğın hadisəsi baş vermişdir. Elektrik eneriisinin verilişində gərginliyin artıb-azalması halları teztez baş verir, bu barədə elektrik şəbəkəyə müraciət olunmuş, lakin heç bir tədbir görülməmişdir. 29 oktyabr 2022-ci il tarixdə qonşusu İddiaçı evində yanğın hadisəsi baş verdiyi zaman qonşuların evində də məişət avadanlıqlarının yanıb-yanmaması barədə heç nə deyə bilmir, lakin öz evində soyuducu və internet modemi gərginliyin artıbazalmasından yanmış, soyuducunu təmir etdirmiş, lakin modem istifadəyə yararsız olmuşdur. Material üzrə araşdırma zamanı izahatı alınmış X11 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı 2009-cu ildən tanıyır. Tanışlıqları ünvan 1 ünvanda yerləşən ünvan 2 işini bəyəndiyindən ünvan 1 ünvanda yerləşən özünə məxsus 62 saylı mənzildə görüləcək təmir işlərini ona həvalə etmişdir. 29 oktyabr 2022-ci il tarixdə Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar məlumatı vardır. Həmin evdə bütün təmir və elektrik işlərini özü görmüşdür. Bununla əlaqədar aralarında hər hansı rəsmi müqavilə olmamış, şifahi razılıq əsasında işləri görmüşdür. Gördüyü təmir işləri müqabilində İddiaçı tərəfindən ona 17000 manat pul verilmişdir. Gördüyü təmir-bərpa və elektrik xətlərinin çəkilməsinə dair heç bir təhsili yoxdur. Evin elektrik xətləri mis materialından olmaqla suvaq altı çəkmişdir. Gərginliyin artıb-azalması zamanı yarana biləcək fəsadların qarşısını almaq üçün evin bütün otaqlarında 25 amperlik qoruyucular quraşdırmışdır. Gördüyü təmir işlərini bitirdikdən sonra İddiaçı ilə aralarında təhvil-təslimə dair hər hansı rəsmi sənədləşmə olmamışdır. Özünün məsləhəti ilə İddiaçı ilə birlikdə təmir zamanı lazım olacaq elektrik kabel və xətlərini almışlar. Yanğına səbəb evin divarına Gəncə şəhər elektrik şəbəkəsinin işçiləri tərəfindən quraşdırılmış elektrik sayğacında gərginliyin artıb-azalması nəticəsində elektrik naqillərində yaranmış qısaqapanma olmuşdur. Yanğın hadisəsindən 5 ay əvvəl İddiaçı müraciəti əsasında evin 2-ci mərtəbəsində yerləşən mətbəx otağında elektrik “rozetka”sını dəyişmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1591 nömrəli material üzrə 3-16-16/2-10/6146 nömrəli, 09 oktyabr 2023-cü il tarixli məhkəmə yanğın texniki ekspert rəyində qeyd olunmuşdur ki, Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı məxsus 2 mərtəbəli fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin girişində yerləşən talvarda olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək evin digər hissələrinə yayılmışdır. Hazırki iş üzrə təyin edilmiş ilkin ekspertiza rəyi verildikdən sonra təhqiqat tərəfindən müəyyən edilmiş halları, yanğından sonrakı qalıqların üzərində tez alışan neft məhsulları izlərinin aşkar edilmədiyini, hadisə yerindən nümunə kimi götürülmüş elektrik qurğularının üzərində elektrik təbiətli qəza izlərinin (artıq dövrə yüklənməsi) yaranmasını nəzərə aldıqda, yanğın-talvarın üzərinə vurulmuş taxta materiallara bitişik çəkilmiş elektrik xətlərində baş vermiş qəza halından yaranmış istiliyin təsirindən yaxınlıqda yerləşən materialların alışması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10 bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs tərəfindən pozulmuşdur. Fərdi yaşayış evinin elektrik xətti yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkildiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerləri sıxaclama üsulu ilə birləşdirilmədiyinə görə “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10 bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs tərəfindən pozulmuşdur. Beləliklə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırılmış 1591 saylı material üzrə müəyyən olunmuşdur ki, Faiq Hüseynov 2014-cü ildə İddiaçı məxsus fərdi yaşayış evində elektrik xətlərini çəkərək istismara vermişdir. 2022-ci ilin may ayında isə İddiaçı məxsus həmin evdə elektrik yuvasını dəyişmişdir. 29 oktyabr 2022-ci il tarixdə fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir. Beləliklə, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, yanğın haqqında aktla, ekspert rəyləri və həmçinin yoxlama zamanı toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, X3 şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində elektrik xətti yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkildiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerləri sıxaclama üsulu ilə birləşdirilmədiyinə görə elektrik xətlərini çəkən şəxs kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10 bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən 29 oktyabr 2022-ci il tarixdə, saat 06 radələrində fərdi yaşayış evinin girişində yerləşən talvarın üzərinə vurulmuş taxta materiallara bitişik çəkilmiş elektrik xətlərində baş vermiş qəza halından yaranmış istiliyin təsirindən yaxınlıqda yerləşən materialların alışması nəticəsində yanğın hadisəsi baş vermişdir. Qərarda qeyd edilmişdir ki, yoxlama materialından göründüyü kimi yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, İddiaçı və Z.Rzayevaya dəymiş maddi ziyan ağır nəticə kimi qiymətləndirilmir, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. X2 əməlində Azərbaycan Respublikası CM-nin 187-ci maddəsinin tərkib əlamətləri vardır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən, əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 il keçdikdə cinayət məsuliyyətinə cəlb etmə müddəti başa çatır. Göründüyü kimi, X11 2017-cü ildə İddiaçı məxsus fərdi yaşayış evində təmir-bərpa işləri aparan zaman ehtiyatsız davranma nəticəsində sonuncunun əmlakına maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin 179016 №-li, 02 iyun 2020-ci il tarixli aktına əsasən abonent İddiaçı məxsus, abonent kodu **********01317 olan ünvan üzrə evə aid elektrik sayğacına baxış keçirilmiş, yoxlama zamanı adı gedən ünvanda kənar xətt aşkarlanmış, “EEİQ”in tələblərinin pozulmasına görə hesabat naqilin en kəsiyinə görə aparılmışdır (S=10 mm2, P=50A x 0,22 kv.t= 11 kv.t (on bir kvt)). Tələb hesablanacaq məbləğin ödənilməsi, kənar xəttin ləğv edilməsi, əks halda EVX şəbəkədən açılması olmuşdur. Həmin aktdan görünür ki, aktda məişət abonenti kimi İddiaçı adı qeyd edilsə də, ona məxsus imza yoxdur. İş materiallarında olan 336491 №-li, 26 yanvar 2023-cü il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, akta əsasən abonentə məxsus mənzildə yanğın hadisəsi baş verdiyi üçün abonentin elektrik sayğacı sökülərək qutuya qablaşdırılmış və möhürlənmişdir. Sayğac qablaşdırılmış qutu FHN-in Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı Zaur İslamova təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası FHN-nin Əməliyyat-istintaq idarəsinin tətqiqatçısı Zaur İslamovun, Gəncə şəhər DYMX-nin müfəttişi Elmar Verdiyevin, X18 Təchizatı və Satışı İdarəsinin X7 baş mühəndisi Ramiz Allahverdiyevin, Gəncə şəhəri 3-cü mikrorayon, H.Arif küçəsində yaşayan İddiaçı və "Qərb" RETSİ-nin Sayğacquraşdırma və Uçota Nəzarət sektorunun texniki Şahin Həsənovun iştirakı ilə tərtib edilmiş 26 yanvar 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar onun şikayəti ilə bağlı Azərbaycan Respublikası FHNnin Əməliyyat-istintaq idarəsinin təhqiqat şöbəsində aparılan təhqiqatla bağlı zərurət olduğundan İddiaçı yaşayış evi üçün quraşdırılmış MP-106 tipli, zavod nömrəsi **********23, göstəricisi ******* olan sayğac Sayğacquraşdırma və Uçota Nəzarət sektorunun texniki Şahin Həsənov tərəfindən çıxarılmış, möhürlənmiş və qablaşdırılaraq götürülüb FHN-nin İstintaq-əməliyyat idarəsinin təhqiqatçısı Zaur İslamova təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan əmələ gələn öhdəliklərə (özgə işlərini tapşırıqsız aparma və əsassız varlanma) bölünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096 və 1097-ci maddələri təşkil edir. Qeyd olunan maddələrin dispozisiya şərtlərinə görə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu şərtlər mövcud olduğu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilən müddəların və iddianın dəlillərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya həqiqətən də zərər vurulması, zərər vurulduğu halda isə cavabdehin təqsirli olub-olmamasının müəyyən edilməsi mübahisənin qanuni həlli üçün əhəmiyyət kəsb edir. Lakin iddiaçı ona məhz cavabdeh tərəfindən hər hansı maddi və mənəvi zərər vurulduğunu təsdiq edən konkret mötəbər dəlil gətirməmiş, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Məhkəmə, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla qeyd etməyi zəruri hesab edir ki, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində yanğın hadisəsinin baş verməsini sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçının iddiasının əsası kimi məhkəməyə təqdim etdiyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısının 30 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından aydın olur ki, cavabdeh "xxxx" ASC-nin təqsiri nəticəsində iddiaçıya zərər vurulmamışdır. Eyni zamanda, həmin materiallara əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6146 nömrəli yanğıntexniki ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin daxilində elektrik xətti yolverilməz üsullarla, yəni “Elektrik qurğularının qurlaşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15 və 2.1.2.10-cu bəndlərinin tələbləri pozulmaqla çəkilmişdir və baş vermiş yanğında cavabdehin təqsiri müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı şahid ifadəsinə istinad edir. Lakin məhkəmə, iddiaçının təqdim etdiyi və məhkəmənin iclasında dindirilmiş şahidin ifadəsinə tənqidi yanaşaraq onları mötəbər sübut kimi qəbul etmir. Məhkəmə bununla bağlı nəzərə alır ki, MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biridir. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadəsini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Belə ki, yanğının ilkin araşdırılması zamanı şahid Minarə Novruzovanın izahatı alınmış və o izahatında gərginliyin artıb-azalmasını bildirmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 30 oktyabr 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından isə görünür ki, şahid Minarə Novruzovanın məhkəmədə qeyd etdiyi xüsusatlar üzrə araşdırma aparılmış və həmin xüsusatlar öz təsdiqini tapmamışdır. Beləliklə, mülki işin məhkəmə tədqiqi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş maddi ziyana və mənəvi zərərə görə pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2896/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2896/2024
17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver