Məhkəmə qərarları › İş №2(125)-2908/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2908/2024

06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2908/2024 06.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 sentyabr 2020-ci il tarixdə doğulmuş X1 və 05 dekabr 2022-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün cavabdehdən sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay, hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində müəyyən edilməsinə, 05 dekabr 2022-ci il tarixdə doğulmuş X2 3 yaşı tamam olanadək ayda 70 manat uşaq bezi (pampers) pulu, uşaqların müalicəsinə çəkilmiş 500 manat vəsaitin, mediasiya xidməti üçün ödədiyi 55 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər faktiki nikahda olmuş, faktiki nikahdan iki uşaq –25 sentyabr 2020-ci il təvəllüdlü X3 və 05 dekabr 2022-ci il təvəllüdlü X4 doğulmuşdur. Həmin uşaqların atasının Cavabdeh olmasına dair müvafiq olaraq xx.xx.2020-ci il tarixli, AZ-İ seriyalı, 402306 nömrəli və xx.xx.2023-cü il tarixli, AZ-İ seriyalı, 449668 nömrəli “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamələr verilmişdir. Uşaqlar hazırda iddiaçı ilə birgə yaşayır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4341/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının iddiası qismən təmin edilərək, Cavabdeh 25 sentyabr 2020-ci ildə anadan olmuş X1 və 05 dekabr 2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının 18 may 2023-cü il tarixdən X3 və X2 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh ilə 2019-cu ildə el adəti ilə ailə qurub, rəsmi nikaha daxil olmadan evlənmişlər. Bu evlilikdən Aylin və Ayla adlı uşaqları anadan olmuşdur. Sonradan cavabdehlə aralarında fikir ayrılıqları başlamış, ailə münasibətləri pozulmuşdur. Məhkəmə qətnaməsi ilə hər ay, hər uşağa 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh bir valideyn kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmir, uşağına maddi və mənəvi dəstək göstərmir, uşaqların saxlanılması üçün kəsilmiş cəmi 300 manat aliment isə uşaqların maddi tələbatını qarşılamır. Ayla körpə olduğundan daimi uşaq bezindən, Aylin isə yatarkən uşaq bezindən (pampersdən) istifadə olunur. Bir ayda uşaq bezinə 70 manatdan çox pul xərclənir. Son dövrdə uşaqlar arasında yayılan adı bilinməyən virus onun uşaqlarından da yan keçməmiş, onların müalicəsinə xeyli (500 manatdan çox) vəsait borclanaraq xərcləmişdir. Uşağın məsrəfləri ilə yanaşı, dünyada baş verən böhranlı vəziyyət ölkələrindən də yan keçməyib. Respublikada yaşayış minimumu hər il dəyişir, inflyasiya var. Uşaqlar körpə olduğundan o işləyə bilmir. Kəsilmiş aliment isə uşaqların maddi tələbatlarını ödəmir. Tək qadın kimi onların tərbiyəsi ilə yanaşı maddi tələbatlarını qarşılaya bilmir, ona çox çətindir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşaqlarını anasının köməkliyi ilə bir təhər yola verir, onların ehtiyaclarını qarşılaya bilmir. Cavabdeh 5 saylı marşurut xəttində sürücü işləyir, gəliri yaxşıdır, alimentdən savayı uşaqlarına başqa maddi kömək göstərmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin əlavə etdi ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş 300 manat aliment uşaqların ehtiyacını ödəmir. Uşaqların tələbatları artmışdır. Uşaqlar baxçaya gedir, xəstəliklərinə görə uşaqları daimi müayinələrə aparır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında qeyd etdi ki, 5 nömrəli marşrutda sürücü işləyir, işdən qalan asudə vaxtlarında fəhləlik edir, aylıq əmək haqqı 350 manatdır. Yenidən ailə qurmuşdur, hazırda arvadı hamilədir. Kirayədə yaşayır. Maddi imkanı zəif olduğundan təyin olunmuş 300 manat alimenti borc-xərclə, xalası və anasının köməkliyi ilə ödəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ uşaqların maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanunla valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin uşaqlarını saxlamalı olmasına dair qanunla müəyyən edilmiş vəzifəsinin icrasını tam əhatə etmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh edilənlərə əsasən məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmalıdır. İddiaçı tərəf məhkəməyə cavabdehin rəsmi gəliri barədə, o cümlədən onun maddi vəziyyətində dəyişikliyin baş verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəf ailə vəziyətinin dəyişdiyini, yenidən ailə qurduğunu bildirsə də bununla bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin maddi və ya ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsi iş materiallarından görünmür. Lakin məhkəmə qətnaməsi ilə aliment müəyyən edilməsindən sonra uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyi halda, 2023-cü il üçün bu məbləğ 220 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, habelə cavabdehin qazancının stabil olması barədə hər hansı sübutun olmamasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq artırılmalı və hər ay, hər uşaq üçün 165 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddəti barədə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, hazırki alimentin tutulma müddəti hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, yuxarıda qeyd olunan, Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 №-li qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, iddianın uşaqlaedan birinin üç yaşı tamam olanadək iddiaçıya kömək üçün hər ay sabit pul məbləğində 70 manat pulun tutulmasına və uşaqların müalicəsinə çəkilmiş 500 manat pulun tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunun mənasına görə, ərdən aliment almaq üçün Ailə Məcəlləsinin 84.2.2-ci maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. Lakin, məhkəmə iclasında cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olmasını, yəni onun uşaqların saxlanılmasından əlavə iddiaçıya maddi cəhətdən kömək göstərmək üçün hər ay aliment ödəməyə imkan verəcək dərəcədə qazancının olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddia tələbinin əlavə xərclərə cəlb edilmə hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. İddiaçı tərəfindən əlavə xərclərə cəlb etmənin əsası kimi müvafiq tibbi sənədlər təqdim edilməmiş, eyni zamanda iddiaçı tərəfindən çəkilmiş xərc barədə mötəbər sübutlar (ödəniş qəbzləri) təqdim edilməmişdir. Ona görə də iddia əlavə xərclərə dair hissədə də təmin edilə bilməz. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və bu halın üzrlü olması iş materiallarından görünmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olmaqla qismən əsaslı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4341/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, 25 sentyabr 2020-ci il təvəllüdlü X1 və 05 dekabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşaq üçün 165 (bir yüz altmış beş) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar