Məhkəmə qərarları › İş №2(125)-292/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-292/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-292/2023 30.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, X1 iştirakları ilə İddiaçı, Cavabdeh, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.168 manat məbləğində verdiyi borc pulun, 62 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə hazırlıq iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən qızıl-zinət əşyaları və ya dəyəri 2905 manat və 1500 manat məbləğində pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, nikah pozulduqdan sonra himayəsində 7 yaşında az yaşlı sudurqalı qız övladı olmaqla az təminatlı ailə olaraq ibtidai sinif müəllimi kimi işləyir. Hal-hazırda yaşlı anası himayəsində yaşayır. Anası Şəhid ailəsidir. Bildirir ki, cavabdeh olan əmisi arvadı Cavabdeh 2019-cu ilin aprel ayında ona məxsus 1740 manat dəyəri olan 1 ədəd 30 qramlıq boyunbağı, 348 manat dəyəri olan 1 ədəd sırğa və 580 manat dəyəri olan çəkisi 10 qram olan üzükləri aldadaraq ümumi dəyəri 2.668 (iki min altı yüz altımış səkkiz) manat məbləğində qızıl-zinət əşyalarını lombarda girov qoyaraq pul götürmüşdür. Həmin qızıl-zinət əşyalarını o, şəxsən özü Gəncə şəhərində yerləşən Univermağının qarşısında cavabdehin özünə vermişdir. Onlar Cavabdehlə şifahi qaydada razılığa gəlmişlər ki, o, götürdüyü pulu bir il ərzində ödədikdən sonra ona məxsus qızılzinət əşyalarını ona geri qaytaracaqdır. Lakin bir il keçdikdən sonra o, cavabdehə yenidən müraciət etmişdir ki, ona məxsus qızıl-zinət əşyalarını qoyduğu lombarddan geri götürüb ona qaytarsın. Buna baxmayaraq cavabdeh bu günə qədər onu get gələ salaraq, süründürməçiliyə məruz qoymuşdur. Bundan əlavə 2019-cu ilin may ayında cavabdeh olan əmisi arvadı Cavabdeh ona müraciət edərək bildirmişdir ki, qızı Ramidənin soyuducusu yoxdur. Kreditə soyuducu götürmək istəyir, amma iş yerləri olmadığından heç bir yerdən soyuducu götürə bilmir. Ondan xahiş etmişdir ki, krediti onun adına rəsmləşdirsin. Ödənişi isə Cavabdeh özü hər ay ödəyəcəkdir. O, yaxın qohum kimi ona inanmış və razılıq vermişdir. Onlar gedib “Kontak Home”-dan 2800 (iki min səkkiz yüz) manat dəyərində olan “Samsung” markalı soyuducunu götürmüşlər. Bir müddət sonra “Kontak Home”-dan ona zəng olunaraq bildirilmişdir ki, 4 ay kreditlə götürdüyü soyuducunun pulu ödənilib lakin indi ödəniş dayandırılıbdır. O, Cavabdeh zəng edərək niyə soyuducunun kredit pulunu ödəmədiyini soruşmuşdur. O, hər dəfə müxtəlif bəhanələr gətirərək söz vermişdir ki, bu ay ödəyəcəkdir. İşlədiyi məktəbin direktoruna “Kontak Home”-dan məlumat verildikdən sonra, məktəbin direktoru ona bildirmişdir ki, onun əmək haqqına yönələcək. O, “Kontak Home”-a ümumilikdə 1150 (min yüz əlli) manat kredit ödəmişdir. Hal-hazırda bu günkü gün üçün 350 manat borc qalmışdır. O, bu barədə 2022ci ilin iyun ayında Gəncə Şəhər Baş Polis İdarəsinə rəsmi müraciət etmişdir. Gəncə Şəhər Baş Polis İdarəsinin təhqiqatçısı, polis-mayoru Eldəniz İbrahimov cavabdehin izahatını alan zaman Cavabdeh dediklərini verdiyi izahatında təsdiq etmişdir. Belə ki, iddiaçı olaraq o, İddiaçı aralarında bağladıqları şifahi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri şifahi müqavilədə nəzərdə tutulan şərtlər əsasında əməl etmişdir, cavabdeh isə şifahi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi səbəb göstərmədən yerinə yetirməməklə ona ziyan vurmaqda davam edir. Odur ki, cavabdehdən qızıl-zinət əşyaları və ya dəyəri 2905 manat və 1500 manat məbləğində pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etmədiyini, cavabdehə borcunun olmadığını qeyd edərək iddianın əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, fakt üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsi ilə rədd edilmiş, İddiaçı mülki qaydada iddia qaldırmaq hüququnun olması izah olunmuşdur. Eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatı alınmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh dəyəri 2905 manat olan qızıl-zinət əşyaları və 1500 manat məbləğində pul verdiyini, sonuncu isə həmin borcu qaytarmağı öhdəsinə götürdüyünü, cavabdehin həmin puldan heç bir ödəniş etmədiyini qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər əmlak tələbi və nisyə alqı-satqı münasibətləri ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin əmlak tələbi və nisyə alqı-satqı münasibətlərini, öhdəliyin icrası ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (borcorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditlərin isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor -borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə hazırlıq iclası zamanı sübutların təqdim edilməsi iddiaçının nəzərinə çatdırılsa da və bununla bağlı məhkəmə hazırlıq iclası bir neçə dəfə təxirə salınsa da, iddiaçı tərəfindən cavabdehə borc verməsini təsdiqləyəcək sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəməyə təqdim edilməmişdir. İddiaçı ərizədə cavabdehin polisdə verdiyi izahatında etiraf etdiyini qeyd etsə də, həmin sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə borc verməsini təsdiqləyəcək mötəbər sübutların əslini, yaxud lazımi qaydada təsdiq olunmuş surətini təqdim etmədiyindən və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar