Məhkəmə qərarları › İş №2(125)-296/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-296/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-296/2025 18.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərə görə 200000 manat pulun və 490 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 nəvəsidir, digər cavabdehləri isə nəvəsinin Cavabdeh1 ona məxsus olan fərdi yaşayış evində olan əşyaların oğurlanması ilə bağlı aparılan cinayət işinin istintaqı zamanı tanıyıbdır. Həmin şəxslərdə nəvəsi Sabirlə birlikdə, ona məxsus fərdi yaşayış evindən vaxtı ilə yüksək məbləğdə aldığı əşyaların oğurlanmasında iştirak etmişlər və dəfələrlə cavabdehlərdən ona dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək ona məxsus olan əşyaların özünü nədə ki, onun dəyəri olan 200.000 manat pulu ona qaytarmamışlar. Cavabdeh olan nəvəsi Cavabdeh1 istər onun barəsində məhkəmədə cinayət işinə baxılarkən, istərsə də, istintaq dövrü bildirmişdir ki, mülkiyyətimdə olan ona məxsus əşyaları evdən götürərkən digər şəxslərdə, yəni hazırki iş üzrə digər cavabdehlərdə ona məxsus fərdi yaşayış evində olmuş həmin əşyaların daşınmasında ona köməklik göstərmiş, Sabirin başı qarışan zaman isə cavabdehlər Sabirin onlara demədiyi əşyaları da, evdən götürmüşlər. Lakin buna baxmayaraq indiyənə kimi nə Cavabdeh1, nədə ki, digər cavabdehlər ona dəymiş ziyanı ödəməmişlər. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, cavabdehlər iclasa gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 1(125)-119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(066)-76/2023 saylı hökmü ilə Cavabdeh1 təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması; Cavabdeh1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması; Cavabdeh1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması; İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi; İş üzrə maddi sübutların zərərçəkmiş şəxs İddiaçı qaytarılması nəzərə alınması təyin edilmişdir. Həmin hökmdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5411 nömrəli məhkəmə-əmtəəşünaslıq rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 191 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin aprel-avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 20557,00 manat müəyyən edilir. Digər 26 adda mal haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri, həcmi və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-638/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 1(125)- 119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının əmlakına dəymiş maddi zərər bilavasitə Cavabdeh1 hüquqazidd əməli nəticəsində vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) həmin cavabdeh tərəfindən törədildiyindən, iddiaçı dəymiş maddi zərərin əvəzini Cavabdeh1 tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı, iddia tələbinin yönəldiyi digər cavabdehlərin iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlikdir) törətməsini təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Bununla belə, iddiaçı tələbində ona dəymiş maddi zərərin məbləğini 200000 manat olaraq qeyd etsə də, cinayət işi üzrə məhkəmə araşdırması zamanı verilmiş ekspert rəyinə əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 191 adda malın ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 20557 manat müəyyən edilmiş, kifayət qədər məlumat olmadığından digər 26 adda mal üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Beləliklə, ekspert rəyinə əsasən iddiaçıya vurulması müəyyən olunan ziyanın əvəzi qismində 20557 manat pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Lakin iddia qalan hissədə - (200000-20557=179443) 179443 manat pulun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı dəyərinin əvəzini tələb etdiyi və cinayət nəticəsində ziyan vurulduğunu bildirdiyi əşyaların mövcudluğunu və onların dəyərini beləliklə, 179.443 manat zərər dəydiyini təsdiqləyən hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh1 aid edilməli və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 151.67 manat pul Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 20557 (iyirmi min beş yüz əlli yeddi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 151 (yüz əlli bir) manat 67 (altmış yeddi) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar