Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2965/2024 13.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul, kredit faizlərinin və cərimələrin alınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul, kredit faizlərinin və cərimələrin alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı və ona ödəməli olduğu kredit müqavilələri üzrə cəmi 19046,11 manat əsas və faiz borcu olan pulun və cəmi kredit təşkilatına 500 manat gecikdirmə pulu olan və onun öhdəsində qalan cərimə pulunun, vəkil üçün ödədiyi 420 manat vəkil xidmət haqqının və vəkilə dair etibarnamə üçün ödədiyi 18 manat notarius rüsumunun və ödədiyi 150 manat məbləğdə dövlət rüsumunun tam şəkildə cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə uzun müddətdir ki, bir-birlərini tanıyırlar və yaxşı rəfiqəlik münasibətləri olmuşdur. Cavabdeh bildirmişdir ki, ona pul lazımdır. O da izah etmişdir ki, nəğd pulu yoxdur. Lombardda girovsuz kredit götürmək limitinin olmasını bildirmiş və izah etmişdir ki, əgər kredit götürəcəksə onun adına həmin pulun əsas və faiz hissəsini də cavabdeh ödəyəcəkdir. Cavabdeh də onunla razılaşmışdır və bu səbəbdən də o, üç kredit müqaviləsi üzrə kreditlə pul və qızıl götürüb cavabdehə vermişdir. Cavabdehə 08 mart 2024-cü il tarixli kredit müqaviləsi üzrə bir qızıl üzük verilmiş və kredit məbləği 270 manat olmuşdur və onun ödəməli olduğu məbləğ 284 manat məbləğ kimi göstərilmişdir. Həmin puldan heç bir ödəniş etməmişdir və artıq bir-iki ay gecikməsi yaranmışdır. Cavabdehə 2-ci kredit müqaviləsi üzrə 07 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 17200 manat pul götürüb cavabdehə vermişdir və həmin kredit müqaviləsi üzrə 21150,11 manat pulu cavabdeh Uğur Kredo bank olmayan kredit təşkilatına ödəməlidir. Bu kredit müqaviləsi üzrə cavabdeh cəmi 5400 manat pul ödəmişdir və hazırda ona və polisə də bildirmişdir ki, pulu ödəməyəcək. Ancaq polisə verdiyi izahatında da bildirmişdir ki, pulların hamısını o almış və ödəmək öhdəliyini də üzərinə götürmüşdür. Cavabdeh ona bu kredit müqaviləsi üzrə bugünki gün üçün 15750,11 manat əsas və faiz pulu və 300 manat gecikmə olan cərimə pulu qaytarmalıdır. Cavabdehə 3-cü kredit müqaviləsi üzrə Uğur Kredo kredit təşkilatından 6200 manat pul götürüb vermiş və həmin təşkilata cavabdeh öhdəlik götürmüşdür ki, 6512 manat pulu faizi ilə birlikdə ödəyəcəkdir. Bu kredit müqaviləsi üzrə cavabdeh cəmi 3500 manat pul ödəmişdir. Bu kredit müqaviləsi üzrə cavabdeh bugünki gün üçün 3012 manat əsas və faiz borcu pulu və 200 manat gecikmə olan cərimə pulu ona qaytarmalıdır. Cavabdeh ümumilikdə müqavilələr üzrə ona 19546,11 manat əsas, faiz və cərimə pulu qaytarmalıdır ki, o, həmin müqavilələr üzrə borcları tam şəkildə bağlasın. Çünki həmin qrafiklər üzrə artıq pulu, faizi və cəriməni o, tam şəkildə ödəməlidir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmişdir, yəni üzərinə götürdüyü ödənişi icra etməmişdir. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir və pulunu geri tələb edir. Çünki cavabdehin hazırki vəziyyəti və vəziyyətin dəyişməsi onu buna məcbur edir. Məhkəmədə İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək, iddia ərizəsində göstərdiyi xüsusatlara uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Vəkil iştirak etmiş, təmsil etdiyi iddiaçının iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və izahatında bildirmişdir ki, əvvəllər iddiaçı ilə aralarında yaxşı münasibətləri olmuşdur. Sonradan iddiaçının onu aldatdığını başa düşmüş və aralarında bu səbəbdən narazılıq yaranmışdır. Belə ki, başa düşmüşdür ki, iddiaçı öz pulunu başqa şəxslərdən (o cümlədən məhkəməyə şahid kimi gələn Zərnişan adlı qadından) aldığı pul kimi təqdim edərək, ona faizlərlə qaytarılmalı olan borc kimi vermişdir və uzun müddət həmin pullara görə iddiaçıya böyük məbləğlərdə faizlər ödəmişdir. Ona qarşı qaldırılan hazırki iddia ilə bağlı bildirir ki, onun tərəfindən 08 mart 2024-cü il tarixdə 270 manat məbləği dəyərində qızıl əşya götürülmüşdür və həmin əşyaya görə iddiaçıya 284 manat borcu vardır. Həmin borcu etiraf edir. İddiaçı 07 dekabr 2023-cü il tarixdə ona 17000 manat məbləğində pul vermişdir. Ancaq, həmin vaxt iddiaçının götürdüyü pula görə faiz ödəməyi öhdəsinə götürməmişdir. Belə ki, aralarında yaxşı münasibətləri olmuş, lazım olanda o özü də iddiaçıya pul vermişdir. Həmin vaxtlar iddiaçıdan heç bir faiz ödənilməsini tələb etməmişdir. Ona görə də iddiaçının 07 dekabr 2023-cü il tarixdə ona vermiş olduğu 17000 manat məbləğində pula görə X6 MMC-yə faiz ödəməyi öhdəsinə götürməmişdir. Həmin 17000 manat məbləğində borcdan 5400 manatını qaytarmışdır. Hazirda həmin 17000 manat məbləğində borcdan 11600 manat borcunun qaldığını etiraf edir. İddiaçının iddia etdiyi 6200 manat pul isə ümumiyyətlə ona verilməmişdir. Həmçinin aralarında bu barədə yazılı müqavilə də yoxdur. iddiaçı ona daha əvvəllər, yəni 2023-cü ilin fevral ayında 5000 manat borc vermişdir və iddiaçı iddia ərizəsində həmin borcun 3500 manatının qaytarıldığını göstərsə də, o həmin borcunu tamamılə qaytarmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, İddiaçı və cavabdehi tanıyır. İddiaçı ilə çox yaxın münasibətləri var. Cavabdeh ilə əvvəllər münasibətləri olub, lakin hazırda münasibətləri yaxşı deyil. O, Aygünün işində işin içində olmub, yəni Aygünün aldığı pulları bilir. Təxminən bir neçə ay əvvəl Aygün onun yanında gedib lombarddan pulu alıb gətirdi və o, həmin gecə Aygün gildə qalmışdı, səhər yeməyi hazırlayan zaman onun yanında Aygün 6500 manat pulu sayıb Bəstiyə verdi. Aygün xanım onun özünə 17000 manat pul verməyib. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehi tanıyır, hər ikisi ilə yaxın dost olmuşdur. Bəstini Aygünün vasitəsilə tanımışdır.Daha sonra lombarddan birlikdə götürdükləri borc pula görə aralarında narazılıq yaranmışdır. Həmin narazılıqdan sonra Bəsti xanım ilə əlaqələri pozulmuş, daha sonra Aygün xanımın köməkliyi ilə pulunu verib, girov qoyduqları qızılları lombarddan götürüblər. Aygün xanım Bəsti xanıma pul verəndə yanlarında olmamışdır. Məhkəmə iddiaçını, onun nümayəndəsi olan vəkili, cavabdehi və şahidləri dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında yaranan mübahisə borc münasıbətlərindən yaranan mübahisədir, ona görə də mübahisənin həlii üçün mərkəzi maddi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu və 740-cı maddələri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. İddiaçının iddia ərizəsindən və özünün məhkəməyə bildirdiklərindən müəyyən edilir ki, cavabdehə 08 mart 2024-cü il tarixli kredit müqaviləsi üzrə bir qızıl üzük verilmiş və kredit məbləği 270 manat olmuşdur və onun ödəməli olduğu məbləğ 284 manat məbləğ kimi göstərilmişdir. Həmin puldan heç bir ödəniş etməmişdir və artıq bir-iki ay gecikməsi yaranmışdır. Cavabdehə 2-ci kredit müqaviləsi üzrə 07 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 17200 manat pul götürüb cavabdehə vermişdir və həmin kredit müqaviləsi üzrə 21150,11 manat pulu cavabdeh Uğur Kredo bank olmayan kredit təşkilatına ödəməlidir. Bu kredit müqaviləsi üzrə cavabdeh cəmi 5400 manat pul ödəmişdir və hazırda ona və polisə də bildirmişdir ki, pulu ödəməyəcək. Ancaq polisə verdiyi izahatında da bildirmişdir ki, pulların hamısını o almış və ödəmək öhdəliyini də üzərinə götürmüşdür. Cavabdeh ona bu kredit müqaviləsi üzrə bugünki gün üçün 15750,11 manat əsas və faiz pulu və 300 manat gecikmə olan cərimə pulu qaytarmalıdır. Cavabdehə 3-cü kredit müqaviləsi üzrə Uğur Kredo kredit təşkilatından 6200 manat pul götürüb vermiş və həmin təşkilata cavabdeh öhdəlik götürmüşdür ki, 6512 manat pulu faizi ilə birlikdə ödəyəcəkdir. Bu kredit müqaviləsi üzrə cavabdeh cəmi 3500 manat pul ödəmişdir. Bu kredit müqaviləsi üzrə cavabdeh bugünki gün üçün 3012 manat əsas və faiz borcu pulu və 200 manat gecikmə olan cərimə pulu ona qaytarmalıdır. Cavabdeh ümumilikdə müqavilələr üzrə ona 19546,11 manat əsas, faiz və cərimə pulu qaytarmalıdır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərdən və tərəflərin izahatlarındam müəyyən edilir ki, iddia edilən borcla bağlı tərəflər arasında hər hansı bir razılaşma yoxdur. Belə olan halda işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığının və ya yoxluğunun müəyyənləşdirilməsi üçün işdə iştirak edən şəxslərin izahatları iş üçün əhəmiyyətli sübutlar kimi qəbul edilir. Məhkəmədə Cavabdeh ona qarşı irəli sürülən iddianı qismən etiraf edərək, izahatında bildirmişdir ki, onun tərəfindən 08 mart 2024-cü il tarixdə 270 manat məbləği dəyərində qızıl əşya götürülmüşdür və həmin əşyaya görə iddiaçıya 284 manat borcu vardır. Həmin borcu etiraf edir. İddiaçı həmin hissədə borcu etiraf etdiyindən məhkəmə hesab edir ki, iddia 08 mart 2024-cü il tarixli borca görə cavabdehdən iddia edilən 284 manat məbləğində pul tələbi hissədə təmin edilməlidir. Məhkəmədə Cavabdeh izahatında həmçinin bildirmişdir ki, iddiaçı 07 dekabr 2023cü il tarixdə ona borc kimi 17000 manat məbləğində pul vermişdir. Ancaq, həmin vaxt iddiaçının götürdüyü pula görə faiz ödəməyi öhdəsinə götürməmişdir. Belə ki, aralarında yaxşı münasibətləri olmuş, lazım olanda o özü də iddiaçıya pul vermişdir. Həmin vaxtlar iddiaçıdan heç bir faiz ödənilməsini tələb etməmişdir. Ona görə də iddiaçının 07 dekabr 2023-cü il tarixdə X6 MMC-dən götürüb ona vermiş olduğu 17000 manat məbləğində pula görə faiz ödəməyi öhdəsinə götürməmişdir. Həmin 17000 manat məbləğində borcdan 5400 manatını qaytarmışdır. Hazirda həmin 17000 manat məbləğində borcdan 11600 manat borcunun qaldığını etiraf edir. Məhkəmə göstərir ki, iddiaçının cavabdehdən iddia etdiyi qeyd edilən borc məbləği 3000 manatdan yuxarı olan məbləğdir və həmin borcla bağlı tərəflər arasında yazılı razılaşma yoxdur. Tərəflərin məhkəməyə bidirdiklərindən işin faktiki halları kimi müəyyən olunur ki, iddiaçı 07 dekabr 2023-cü il tarixdə cavabdehə 17000 manat məbləğində borc pul vermiş və cavabdeh həmin məbləğin 5400 manatını iddiaçıya qaytarmışdır. Ona görə də məhkəmə hesab edir ki, qalan 11600 manat məbləğində pul tələbi hissədə iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, qalan hissədə iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, 07 dekabr 2023-cü il tarixdə iddiaçının cavabdehə borc kimi verdiyi 17000 manat məbləğində pulun faizlərlə və hansı müddətdə qaytarılacağı barədə tərəflər arasında hər hansı bir yazılı razılaşma mövcud deyildir və cavabdeh də həmin borcu faizsiz aldığını məhkəməyə bildirmişdir. Göründüyü kimi, iddiaçı iddia etdiyi məbləğdə faiz borcunun cavabdeh tərəfindən ödənilməli olduğunu, həmçinin borcun vaxtında qaytarılmadığını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Ona görə də iddia 17000 manat məbləğində borc pula görə iddia edilən faiz və cərimə borcları tələbi hissədə təmin edilməməlidir. Həmçinin, iddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatında 2024-cü ilin fevral ayında X6 MMC-dən 6200 manat məbləğində pul götürüb, cavabdehə verdiyini iddia etsə də, cavabdeh məhkəmədə verdiyi izahatında göstərmişdir ki, iddiaçının iddia etdiyi 6200 manat pul ümumiyyətlə ona verilməmişdir. Məhkəmə göstərir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-cı maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddiaçının iddia etdiyi həmin 6200 manat məbləğində borcla bağlı tərəflər arasında yazılı müqavilə mövcud deyil, öz növbəsində cavabdeh isə həmin məbləğdə borcun ona verilmədiyini məhkəməyə bildirir. Belə halda iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar (iddiaçının izahatı və onun tərəfindən məhkəməyə dəvət edilmiş şahidlərin ifadələri) həmin hissədə iddianın təmininə əsas vermir. Çünki, MPM-in sübutlarla bağlı tələblərinə görə, cavabdehin həmin hissədə iddianı etiraf etməməsi halında, iddia yalnız tərəflər arasında bağlanmış olan yazılı müqavilənin mövcud olduğu halda təmin edilə bilər. Ona görə də məhkəmə bu qənaətdədir ki, iddia borc tələbinin qalan hissələrində əsassızdır, ona görə də təmin oluna bilməz. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Vəkil ilə müqavilə bağlamış və hüquqi yardıma görə 420 manat ödəniş etmiş, bundan əlavə təmsilçilik üçün vəkilə verdiyi etibarnamə üçün 18 manat rüsum ödəmişdir. Həmçinin, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 150 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci və maddəsinə əsasən, nümayəndələrə (vəkillərə) ödənilən xərclər məhkəmə xərclərinə aid edilmişdir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərir ki, iddiaçı cavabdehdən 19.984,11 manat məbləğində pul tələb etmiş, iddia 11884 manat məbləğində pul tələbi hissədə haqlı sayılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 420 manat məbləğində pulun və təmsilçilik üçün vəkilə verdiyi etibarnamə üçün ödəmiş olduğu 18 manat rüsumun (cəmi 438 manat) ödənilmiş tələblərə mütənasib olan 260 manat hissəsi, bundan əlavə 150 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan 89.29 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11884 (on bir min səkkiz yüz səksən dörd) manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 420 manat xərcin və və təmsilçilik üçün vəkilə verdiyi etibarnamə üçün ödəmiş olduğu 18 manat rüsumun (cəmi 438 manat) ödənilmiş tələblərə mütənasib olan hissəsinin əvəzi kimi 260 (iki yüz altmış) manat məbləğində pul və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olan hissəsinin əvəzi kimi 89.29 (səksən doqquz) manat 29 qəpik məbləğində pul alınıb, İddiaçı verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-2965/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2965/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver