Məhkəmə qərarları › İş №2(125)-2978/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2978/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2978/2025 18.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə; İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11200 (on bir min iki yüz) manatın və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 123.6 (bir yüz iyirmi üç manat altmış qəpik) manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar:

2. İddiaçı tələbini belə əsaslandırmış ki, o, Cavabdeh borc olaraq 10000 ABŞ dolları pul vermişdir. Həmin borcdan cavabdeh 2120 ABŞ dollarını qaytarmış, yerdə qalan pulu ödəməmişdir. 2021-ci ilin mart ayının 5-də cavabdehlə aralarında borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə cavabdeh onun 7880 ABŞ dolları məbləğində pulunu üç il ərzində hər ayın 28-də 400 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin bu müqavilə üzrə cavabdeh ona ayrı-ayrı vaxtlarda 116.05 116.05, 116.05, 100, 100 və 230 manat olmaqla ümumilikdə isə 778.18 manat pul ödəmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyi üçün o, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmədən cavabdehdən vaxtı çatmış ilk səkkiz ayı üçün ödəmədiyi 3200 manat tutularaq ona ödənilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi cavabdehin ödədiyi 778.18 manatı nəzərə alaraq iddianı qismən təmin etmişdir. Həmin Məhkəmənin 2(043)- 3091/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 05 mart 2021ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə vaxtı çatmış 8 aya görə 2421.85 manatın alınaraq ona ödənilməsi qət edilmişdir. Cavabdehin bu gün üçün ona ödəməli olduğu məbləğ 11200 manat təşkil edir. Belə ki, aralarında bağlanmış borcun etirafı haqqında müqaviləyə görə cavabdeh üç il ərzində hər ayın 28-də 400 manat olmaqla hissə-hissə ödəniş etməyi öhdəsinə götürmüşdür. İlk 8 ayın ödənişi ilə bağlı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3091/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi olduğu nəzərə alınsa hazırda cavabdehin ona 11200 (36ay-8ay=28 ay; 28ay x 400 manat = 11200 manat) borcu qalmışdır. Göründüyü kimi cavabdeh tərəfindən razılaşma pozulmuş və ödəniş edilməmişdir. O, dəfələrlə cavabdehdən qalıq borcunu tələb etsə də hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Ona görə də pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehə 28 fevral 2021-ci ildə borc olaraq 7880 ABŞ dolları pul vermişdir. Həmin borcdan cavabdeh 3200 manatı ona qaytarmış, yerdə qalan pulu bu günə qədər ödəməmişdir. Belə ki, cavabdehlə onun arasında bağlanan 05 mart 2021-ci il tarixli borcun etirafı barədə müqaviləyə görə o, cavabdehə 7880 ABŞ dolları borc verməsini etiraf etmiş, sonuncu hər ayın 28-də 400 manat olmaqla ümumilikdə 36 ay ərzində ona olan borcunu hissə-hissə ödəməli idi. Məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh 8 ayın pulunu hər ay 400 manat olmaqla 3200 manatı ona ödəmiş, lakin qalan 28 ayın pulunu hər ay 400 manat olmaqla 11200 manatı ödəməmişdir. Hazırda cavabdehlə onun arasında olan borcun etirafı barədə müqavilə üzrə tələb müddəti bitdiyi üçün o, cavabdehdən 28 ay üçün hər ay 400 manata olmaqla 11200 manat pulunu tələb edir. Odur ki, iddiasının təmin olunmasını məhkəmədən xahiş edir.

4. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, 2021-ci ilin mart ayında iddiaçı ilə aralarında borcun etirafı haqqında müqaviləsi bağlanmışdır. O, müqaviləyə əsasən, borclu olduğu 7880 (yeddi min səkkiz yüz səksən) ABŞ dollarını 3 il ərzində hər ayın 28-də 400 manat ödəməyi öhdəsinə götürmüşdür. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən sonra o, iddiaçıya olan borcunu tamamilə ödəsə də iddiaçı ondan əsassız olaraq 11200 manat pul tələb edir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar:

5. Borcun etirafı haqqında 05 mart 2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh Bağırov X1 Cəlal Miri oğluna 7880 ABŞ dolları borcunun olmasını etiraf etmiş və hər ayın 28-də 400 manat olmaqla hissə - hissə 3 il müddətində borcu tam olaraq ödəməyi öhdəsinə götürmüşdür.

6. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(043)- 3091/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə vaxtı çatmış 8 aya görə 2421,85 (iki min dörd yüz iyirmi bir manat 85 qəpik) manat pulun alınaraq İddiaçı xeyrinə verilməsi qət olunmuşdur. Məhkəmə tərəfindən müəyyən olunan hallar:

7. İddiaçı cavabdehə 28 fevral 2021-ci ildə borc olaraq 7880 ABŞ dolları pul vermişdir. Həmin xüsusat üzrə 05 mart 2021-ci il tarixdə tərəflər arasında borcun etirafı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə 7880 ABŞ dolları borc verməsini etiraf etmiş, Cavabdeh isə hər ayın 28-də 400 manat olmaqla ümumilikdə 36 ay ərzində İddiaçı olan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(043)-3091/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə vaxtı çatmış 8 aya görə 2421,85 (iki min dörd yüz iyirmi bir manat 85 qəpik) manat pulun alınaraq İddiaçı xeyrinə verilməsi qət olunmuşdur. Hazırda cavabdeh iddiaçıya olan 11200 manat borcunu ödəməmiş, yaxud borcunu ödəməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq:

8. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

9. Belə ki, hazırkı tələb üzrə cavabdeh borcun etirafı haqqında müqaviləyə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi tamamilə icra etməmiş, başqa sözlə o, 28 ayın pulunu hər ay 400 manat olmaqla ümumilikdə 11200 manat pulu iddiaçıya ödəməmişdir. Hazırda iddiaçı ilə cavabdeh arasında həmin müqavilə üzrə tələb müddəti bitdiyi üçün iddiaçı cavabdehdən 28 ay üçün hər ay 400 manata olmaqla ödənilməmiş 11200 manat pulunu tələb edir. Cavabdeh isə iddiaçıya olan borcunu tamamilə ödədiyini bildirsə də buna dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

10. Məhkəmə qeyd edir ki, tərəflər arasında əvvəllər də borc münasibəti olsa da hazırkı 05 mart 2021-ci il tarixli borcun etirafı haqqında müqavilədə borc münasibətinin 28 fevral 2021-ci ildən yarandığı, borc məbləğinin isə 7880 ABŞ dolları olduğu qeyd edilmişdir. Eləcə də həmin müqavilənin bir qismi üzrə borcun cavavbdehdən tutulub iddiaçıya ödənilməsi haqqında artıq məhkəmə qətnaməsi vardır. Həmin qətnamə qüvvədə olduğundan mübahisə edilmir və sübut əhəmiyyətinə malikdir. Ona görə də iddiaçı borcun etirafı haqqında 05 mart 2021-ci il tarixli müqavilə üzrə vaxtı çatmış və tələb olunmamış 11200 manat borcunu cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir.

15. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

17. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir

20. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

21. 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.

22. 882.4-cü maddəsinə görə bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

23. 882.5-ci maddəsinə görə əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

29. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borun etirafı barədə müqavilə bağlanaraq cavabdeh iddiaçıya olan borcunu hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin müqavilənin şərtlərini pozaraq, borcunu tamamilə ödəməli olduğu halda öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.

30. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə vaxtı çatmış 28 aya görə ümumilikdə 11200 (on bir min iki yüz) manat borc Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə həmçinin məhkəmə məsrəfləri ilə bağlı hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 123.60 (yüz iyirmi üç manat altmış qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddiaçı iddiası təmin olunsun. xx.xx.2021-ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə vaxtı çatmış 28 aya görə ümumilikdə 11200 (on bir min iki yüz) manat borc və iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 123.60 (bir yüz iyirmi üç manat altmış qəpik) manat Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar