Məhkəmə qərarları › İş №2(125)-2979/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2979/2025

04.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2979/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi İddiaçının etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Şəmsəddin oğlunun Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi İddiaçı Şəmsəddin oğlu Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddia üzrə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək iddiaçıya həbsdə qaldığı müddət ərzində maddi ziyana görə 78200 (yetmiş səkkiz min iki yüz) manat, dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş 100000 (yüz min) manat mənəvi ziyanın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı, Zaqatala Rayon Prokurorluğu tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bundan sonra o, məhkəmə məsuliyyətinə verilmişdir. Birinci instansiya məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxardılmış və o, 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum İddiaçı Şəmsəddin oğlunun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmdən narazı qalan müdafiə tərəfi kasassiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 aprel 2023-ci il tarixli qərarı ilə kasassiya şikayəti qismən təmin edilərək iş yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxardılmışdır. Həmin hökmdən narazı qalan ittiham tərəfi kassasiya protesti vermiş, Ali Məhkəmənin 23 oktyabr 2024-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilmədən Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı barəsində olan cinayət təqibi sübuta yetirilmədiyindən onun barəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilmişdir. Belə olan halda onun qanunsuz həbsdə saxlanmasına görə Cinayət-Prosessual Məcəllənin 56-ci maddəsinin tələblərinə görə iddiaçının qanunsuz olaraq həbsdə saxlanmasına görə ona dəymiş maddi və mənəvi zərər ödənilməlidir. İşin hallarına diqqət yetirdikdə iddiaçı 3 il 10 ay ərzində qanunsuz həbsdə saxlanılmış və həmin vaxt maddi və mənəvi məhrumiyyətlərə məruz qalmışdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. İddiaçı həmin vaxt ət satışı ilə məşğul olmuş və onun həbs edilməsi nəticəsində öz gəlirlərindən məhrum olmuşdur. Həmin vaxt o mal alıb satmaqla məşğul olmuş və aylıq gəliri 800 manat məbləğində olmuşdur. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda ifadə oluna bilər. Zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu izah edir ki, Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində deyilir: Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı tutulan vaxta qədər o, "xxxx" MMC-də sürücü işləmişdir. Həmin vaxt o, xarici ölkələrdən yük gətirilməsi və yük aparılması ilə məşğul olmuş və 1 ay ərzində 2 dəfə səfər etmişdir. Hər dəfə mal aparıb gətirən zaman ona 1000 ABŞ dolan pul verilmişdir. 3 il 10 ay ərzində 46 min ABŞ dolları məbləğində əldə edəcəyi gəlirdən məhrum edilmişdir. Skordino İtaliyaya qarşı məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, insan hüquqlarının və X2 haqqında Konvensiyanın tələbinə riayət edilməməsi ucbatından Konvensiyanın pozulması nəticəsində maddi və ya mənəvi ziyana məruz qalmış hər kəs əvəzin ədalətli ödənilməsi hüququna malikdir. Mənəvi ziyanın əvəzinin ödənilməsinin ağlabatan müddətdə şəxsin hüququnun pozulmasından irəli gələn normal, lakin qeyri avtomatik nəticə olduğunu nəzərə alaraq, hesab edilir ki, bu hüquq onun mövcudluğunu xüsusi olaraq sübut etməyə ehtiyac olmadan (birbaşa və ya prezumpsiya formasında) obyektiv pozuntu faktı əsasında mövcuddur, bu şərtlə ki, müvafiq aktual işdə hər hansı bu cür ziyanın baş vermədiyinə dəlalət edən xüsusi hallar mövcud olmasın. İddiaçıya Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə bağlı ittiham irəli sürülməsi onda əsəb və stress vəziyyəti yaratmışdır. Həmin maddə ağır cinayətlər katerqoriyasına aiddir və həmin maddə ilə məhkum edilmə qorxusu iddiaçıda məyusluq hissi yaratmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanının şəxsiyyəti həm də pozuntunun xarakterindən aslıdır. Məhkəmə mənəvi ziyanının məbləğini müəyyən etmək bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri əzab əziyyətləri nəzərə alır. Avropa Məhkəməsinin “Koing Almaniyaya qarşı işdə ərizəçiyə “mənəvi narahatlıq yetirməsinə görə Young Games və X1rşı işdə “alçaldıcı və təhqiredici hərəkətlərə “Arktiko İtalyiyaya qarşı işdə tənhalıq və kimsəsizlik hisslərinə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İddia ərizəsində göstərildiyi kimi iddiaçının uzun müddət ərzində yəni 3 il 10 ay müddətində qanunsuz olaraq həbsdə saxlanıması nəticəsində onda narahatlıq hissi yaranmış, məyusluq və stress yaşamışdır. Bu səbədən iddiaçıya vurulmuş mənəvi ziyan ödənilməlidir. Bəraət almış şəxs ona dəymiş mənəvi ziyanı 100000 manat miqdarında dəyərləndirir. Bununla əlaqələndirir ki, İlqar Məmmədovun iş üzrə Ali Məhkəmənin Plenumunun 23 aprel 2020-ci il tarixli qərarı ilə 5 il 6 ay 9 gün həbsdə saxlanmasına görə 234 min manat məbləğində mənəvi ziyan ilə bağlı kompensasiya ödənilməsi barədə qərar qəbul etmişdir. Bu səbəbdən şəxsin 3 ildən artıq müddətə azadlıqdan məhrum edilməsinə görə dəymiş ziyanın miqdarını 100000 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianın müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdehin iddia tələbinə dair etirazı: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia tələbinə dair etirazında bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işinin başlanmasını, həbsdə saxlanılmasını və azadlıqdan məhrum edilməsini qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 100.000 manat, maddi ziyanın əvəzi olaraq 78.200 manat, ümumilikdə 178.200 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Baş Prokurorluğuna deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə"də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edirlər ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti", yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır. Bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-ci maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli Özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101 -ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltjzamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki. Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi "Azərbaycan Respublikası" dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Həmçinin “Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 №-!i Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Qeyd olunur ki, iddia ərizəsində sadalanan əsaslara münasibətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə- alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). insan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Bu baxımından iddia ərizəsində qeyd edilən tələb şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi xahiş olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan yazılı sübutlar: Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 1(091)-32/2021 nömrəli hökmünün surətindən görünür ki, İddiaçı Şəmsəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun şübhəli şəxs qismində saxlanıldığı və həbsdə olduğu müddət təyin edilmiş müddətə hesablanmış, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 26 fevral 2020-ci ildən hesablanmışdır. İddiaçı Şəmsəddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Şəmsəddin oğluna təyil edilmiş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd olunmuşdur. Həmin hökmdən görünür ki, İddiaçı Şəmsəddin oğlu "xxxx" MMC-də sürücü işləmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-262/2023 nömrəli hökmündən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(091)-32/2021 nömrəli hökmü ləğv edilmiş və İddiaçı Şəmsəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. İddiaçı Şəmsəddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. İddiaçı Şəmsəddin oğlunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir. Məhkəmə iclasında müəyyən edilən hallar: İddiaçı Zaqatala Rayon Prokurorluğu tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bundan sonra o, məhkəmə məsuliyyətinə verilmişdir. Şəkir Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxardılmış və o, 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmdən narazı qalan müdafiə tərəfi kasassiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 aprel 2023-ci il tarixli qərarı ilə kasassiya şikayəti qismən təmin edilərək iş yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxardılmış və o, məhkəmə iclas zalından həbsdən dərhal azad olunmuşdur. İddiaçı Şəmsəddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. İddiaçı Şəmsəddin oğlunun Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir. Bu müddət ərzində İddiaçı Şəmsəddin oğlu 26 fevral 2020-ci il tarixdən 28 dekabr 2023-cü ilədək müddətdə, 3 il 10 ay 2 gün müddətində həbsdə saxlanılmışmışdır. Həmin hökmlərlə müəyyən olunur ki, İddiaçı Şəmsəddin oğlu "xxxx" MMC-də sürücü işləmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində, «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 5-ci maddəsində 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu isə Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır... Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır». Mülki Məcəlləyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır (maddə 1096). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100). Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir (maddə 1101.1). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir (maddə 57.1). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir (maddə 58.1, 58.2). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63). «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: ...5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması... nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir (maddə 1). Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır (maddə 4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq olunmuş və müəyyən edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, barəsində tutma tətbiq olunduğu xx.xx.2020-ci il tarixdən məhkəmə iclas zalında həbsdən azad edildiyi xx.xx.2023-cü il tarixədək ötən 3 il 10 ay müddətində İddiaçı Şəmsəddin oğlunun azadlıq hüququnun məhdudlaşdırılması Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 1(091)-32/2021 nömrəli hökmü və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-262/2023 nömrəli hökmü ilə təsdiq edilir. Lakin mənəvi zərərin iddia edilən 100.000 (yüz min) manat məbləğinə dair hissədə təmin edilməsi mümkün deyildir. İddianın bu hissəsinin qismən, yəni 46.000 (qırx altı min) manat məbləğində pul tələbinə dair hissədə təmin olunması ədalətlidir. Belə ki, iddiaçının 3 il 10 ay (cəmi 46 ay) həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stresslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Digər tərəfdən İddiaçı Şəmsəddin oğlu azadlıq hüququnun məhdudlaşdırıldığı müddət ərzində maddi zərər, yəni əldən çıxmış fayda qismində 78.200 manat məbləğində pul vəsaitinin ona ödənilməsini tələb etsə də, azadlıq hüququ məhdudlaşdırılmadığı təqdirdə həqiqətən də həmin məbləğdə qazanc əldə edəcəyinə və ya ona həmin məbləğdə maddi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Lakin iddia ərizəsindən, iddiaçının nümayəndəsinin bildirməsindən və qüvvədə olan hökmlərdən görünür ki, iddiaçı həbs edilənə qədər "xxxx" MMC-də sürücü işləmişdir. Məhkəmə bu baxımdan hesab edir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi həcmdə maddi zərərə uğradığını sübut edə bilməsə də məhkəmənin qiymətləndiriyi həcmdə maddi zərərə uğramışdır. Məhkəmə iddiaçının həbsdə olduğu müddət üçün maddi zərərə uğramasını aşağıdakı kimi qiymətləndirir: Belə ki, iddiaçının həbsdə olduğu müddət ərzində həmin dövrlərdə ayrı-ayrılıqda hər ay üçün minimum əmək haqqı məbləğində əldə çıxmış fayda hesablanaraq cavabdehdən tutulmalıdır. Yəni, 26 fevral 2020-ci ildən 01 fevral 2022-ci ilədək olan müddətdə ölkə üzrə minimum əmək haqqı 250 manat təşkil etmişdir. Həmin müddət 1 il 10 ay təşkil etməklə 22 ay 250 manata vurulduqda 5500 manat təşkil edir. Bundan başqa 01 yanvar 2022-ci ildən 01 yanvar 2023-cü ilədək olan dövr ərzində ölkə üzrə minimum əmək haqqı 300 manat təşkil etmişdir. 12 ay x 300 manat = 3600 manat təşkil edir. Nəhayət 01 yanvar 2023-cü ildən 28 dekabr 2023-cü ilədək olan dövr ərzində ölkə üzrə minimum əmək haqqı 345 manat təşkil etmişdir. 12 ay x 345 manat = 4740 manat təşkil edir. Beləliklə minimum əmək haqqı məbləğinə uyğun olaraq həmin illər üzrə dəymiş maddi zərərin cəmi 13240 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, maddi zərərin əvəzi kimi 13240 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi daha məntiqli və ağlabatandır. Halbuki, şəxs azadlıq hüququnun məhdudlaşdırılması nəticəsində mənəvi zərərə məruz qalmasını sübuta yetirmək vəzifəsindən azad hesab edilsə də, maddi zərərə məruz qalmasını və həmin maddi zərərin məbləğini iddiaçı qismində sübutetmə vəzifəsi daşıyır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi isə həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək azadlıq hüququnun məhdudlaşdırıldığı 3 il 10 ay (cəmi 46 ay) müddətində vurulmuş mənəvi zərərin əvəzi qismində 46.000 (qırx altı min) manat, maddi zərərin əvəzi kimi isə 13240 (on üç min iki yüz qırx) manat olmaqla cəmi 59240 (əlli doqquz min iki yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı Şəmsəddin oğluna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək azadlıq hüququnun məhdudlaşdırıldığı 3 il 10 ay (cəmi 46 ay) müddətində vurulmuş mənəvi zərərin əvəzi qismində 46.000 (qırx altı min) manat, maddi zərərin əvəzi kimi isə 13240 (on üç min iki yüz qırx) manat olmaqla, cəmi 59240 (əlli doqquz min iki yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı Şəmsəddin oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar