Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2982/2025 10.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı1, onun vəkili X1 və digər İddiaçı2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10732 manat və 1000 manat məbləğində pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 140 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə çox yaxın münasibətləri olmuşdur. Bir gün cavabdehlər onlara demişlər ki, bankdan pul götürüb onlara borc versələr onlar bu krediti hər ay ödəyəcəklər. İddiaçı1 xx.xx.2024-cü ildə Gəncə şəhərində “Unibanka” gedib 8000 manatı bankdan götürüb pul ilə birlikdə cavabdehlərə vermişdir. Cavabdehlər götürdükləri puldan 4 ay 317 manatdan ödəmişlər. Bu məbləğ isə 1268 manat edir. O, faizlərlə birlikdə 11405 manat pulu banka qaytarmalı idi. Cavabdehlər 4 ay ərzində 1268 manat qaytarıblar. Yerdə qalan pulu isə qaytarmırlar. O, onlara pulu ödəməyi xahiş etdikdə Cavabdeh2 ona imkanı olmadığını və ödəyə bilmədiyini bildirmişdir. 11.405 manatdan 1268 manat çıxdıqda 10732 manat qalır. Bu məbləğ, yəni 10732 manat və İddiaçı2 cavabdehlərə verdiyi 1000 manat borc pul cavabdehlərdən müştərək qaydada tutulub onlara ödənilməlidir. Məhkəmədə İddiaçı1 iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlər ondan aldıqları 8000 manat borcun və bu borca görə “Unibanka” ödənilməli olan faizlərin bir qismini ödəsələr də, sonradan ödənişləri dayandırdıqlarından məhkəməyə müraciət etmişdir. Bankdan alınmış kreditin 8000 manatına və həmin məbləğdə kreditə görə Banka ödənilməli olan faizlərlə birlikdə hazırda cavabdehlərin ona 10732 manat borcu qalmışdır İddia edilən 1000 manat məbləğində pulu isə İddiaçı2 cavabdehlərə borc kimi vermişdir. Sonda iddiaçı irəli sürdüyü iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı1 vəkili X2 iştirak etmiş, irəli sürülən iddianın əsaslı olduğunu bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı2 iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlər ondan aldıqları 1000 manat borcu qaytarmadıqlarından məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı irəli sürülən iddianın təmin edilməsini, cavabdehlərdən 1000 manat pulun alınaraq on verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iştirak etmiş, izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, İddiaçı1 bankdan 8350 manat kredit götürsə də, həmin məbləğdən 8000 manat məbləğini onlara vermiş, yerdə qalan pulu özü götürmüş və həmin məbləğə hesablanacaq faizləri də özünün ödəyəciyini onlara demişdir. Cavabdeh2 isə onlara cəmi 1000 manat pul vermişdir. İddiaçı1 ümumilikdə 9874 manat, İddiaçı2 isə 1000 manat borcunun qaldığını və həmin borcu ödəyəcəklərini bildirmişdir. Məhkəmədə digər Cavabdeh1 iştirak etmiş, iddia tələbini qismən etiraf etmiş, Cavabdeh2 izahatı ilə uyğun olan izahat vermiş, İddiaçı1 ümumilikdə 9874 manat borcun, İddiaçı2 isə 1000 manat borcunun qaldığını və həmin borcu ödəyəcəklərini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin verdiyi izahatlarını dinləyib hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı1 xx.xx.2024-cü il tarixdə Unibank KB ASC-dən 8350 manat məbləğində kredit almış və həmin kreditə görə 36 ay ərzində 3055,91 manat faiz ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin məhkəmədə verdikləri izahatlardan işin halı kimi müəyyən olunmuşdur ki, İddiaçı1 həmin məbləğdə kreditin 8000 manatını cavabdehlərə vermiş, cavabdehlər də həmin məbləğdə krediti və kreditə görə Unibank KB ASC-yə ödənilməli olan faizlərlə birlikdə Unibank KB ASC-yə ödəyəcəkləri barədə iddiaçı qarşısında öz üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh tərəf hazırda həmin kreditə görə hazırda iddiaçıya 9874 manat borclarının olduğunu etiraf etmişlər. Bundan başqa, cavabdeh tərəf digər İddiaçı2 1000 manat məbləğində borc aldıqlarını və həmin borcu qaytarmadıqlarını, həmin borcu ödəyəcəklərini bildirmişlər. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilir ki, iddia edilən borcla bağlı tərəflər arasında hər hansı bir yazılı razılaşma yoxdur. Belə olan halda işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığının və ya yoxluğunun müəyyənləşdirilməsi üçün işdə iştirak edən şəxslərin izahatları iş üçün əhəmiyyətli sübutlar kimi qəbul edilir. Cavabdeh tərəf isə məhkəmədə onlara qarşı irəli sürülən iddianı qismən etiraf etmiş, İddiaçı1 9874 manat borclarının, digər İddiaçı2 isə 1000 manat məbləğində borclarının olduğunu etiraf etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə məhkəmədə iştirak etmiş tərəflərin izahatlarına əsasən işin müəyyən edilən faktiki hallarına yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqindən belə qənaətə gəlir ki, irəli sürülən iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9874 manat məbləğində pul alınıb, İddiaçı1, 1000 manat məbləğində pul isə onlardan alınıb, digər İddiaçı2 verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 217.1 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdehlər məhkəmədə onlara qarşı irəli sürülən 10732 manat məbləğində pul tələbinin 9874 manat hissəsini və 1000 manat pul tələbi hissəsini qəbul etdiklərini və iddianın həmin hissələrdə təmin edilməsinə etirazlarının olmadığını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar (iddiaçının izahatı) 10732 manat məbləğində pul tələbinin 9874 manat hissəsindən çox olan hissədə iddianın təmininə əsas vermir. Çünki, MPM-in sübutlarla bağlı tələblərinə görə, cavabdehin həmin hissədə iddianı etiraf etməməsi halında, iddia yalnız tərəflər arasında bağlanmış olan yazılı müqavilənin mövcud olduğu halda təmin edilə bilər ki, belə bir müqavilə isə yoxdur. Ona görə də məhkəmə bu qənaətdədir ki, iddia borc tələbinin qalan hissələrində əsassızdır, ona görə də təmin oluna bilməz. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9874 manat məbləğində pul müştərək qaydada alınıb, İddiaçı1, 1000 manat məbləğində pul müştərək qaydada alınıb, İddiaçı2 verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, hazırki iddianı qaldırmaq üçün İddiaçı1 105 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı, digər İddiaçı2 isə 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları və xidmət haqqının əvəzi cavabdehlərdən alınıb, iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9874(doqquz min səkkiz yüz yetmiş dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun xidmət haqqı ilə birlikdə əvəzi kimi 105,4 (bir yüz beş) manat 40 qəpik məbləğində pul müştərək qaydada alınıb, İddiaçı1, 1000 (bir min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun xidmət haqqı ilə birlikdə əvəzi kimi 30,4 (otuz) manat 40 qəpik məbləğində pul müştərək qaydada alınıb, İddiaçı2 verilsin. Qalan hissədə iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-2982/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2982/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver