Məhkəmə qərarları › İş №2(125)-3003/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3003/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3003/2024 06.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, Cavabdeh iddiaçının xeyrinə 194,38 manat əsas borc, 40,41 manat faiz borcu, 7 manat cərimə olmaqla, cəmi 241,79 manat pul vəsaitinin, 0,40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı Bank ilə cavabdeh arasında 5732sKPZ/18 nömrəli, xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə və hesabdan çıxarışa əsasən Bank cavabdehə şəxsi (istehlak) məqsədləri üçün 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) illik 36 faiz dərəcəsi ilə ödəmək şərtilə 10000 manat məbləğində kredit limiti ayırmış, bank tərəfindən cavabdehə bank hesabı (cari, kredit) açılmış, ödəniş kartı təqdim edilmiş, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2018-cil il tarixli SMS bildirişə əsasən bank tərəfindən cavabdehin albalı plus kartına 84 aylıq, illik 30 faizlə, 100 manat məbləğində kredit xətti açılmış, xx.xx.2019-cu il tarixli SMS bildirişə əsasən kredit xəttinin limiti 300 manat, xx.xx.2019-cu il tarixli SMS bildirişə əsasən 600 manat, xx.xx.2020-ci il tarixli SMS bildirişə əsasən 600 manat, xx.xx.2020-ci il tarixli SMS bildirişə əsasən 540,12 manat, xx.xx.2021-ci il tarixli SMS bildirişə əsasən 540,12 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, onun 15 mart 2024-cü il tarixə Banka 194,38 manat əsas borcu, 40,41 manat faiz borcu yaranmış, ona 7 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi borcu 241,79 manat təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrin surəti işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə, hesabdan çıxarışa və SMS bildirişə əsasən borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.8 və 3.8.1-ci bəndlərinə əsasən “Borcalan” kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə beş təqvim günündən çox pozduqda “Bank” bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını tələb edə bilər. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən, müştəri krediti bu müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, ödəniş müddətinin sonundan başlayaraq, bank müştəriyə qarşı kredit üzrə borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin illik 40%-dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 40%-dək miqdarında cərimə tətbiq edir. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli elektron arayışdan və kredit hesabından çıxarışdan görünür ki, cavabdehin 5732sKPZ/18 nömrəli kredit müqaviləsi üzrə Banka 194,38 manat əsas borc, 40,41 manat faiz borcu, 7 manat cərimə olmaqla, cəmi 241,79 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Banka xx.xx.2024-cü il tarixə 194,38 manat əsas, 30,55 manat faiz, 3,94 manat cərimə olmaqla, cəmi 228,87 manat borcun (gecikmənin) olması, borc məbləğinə əlavə olaraq cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və bütün borc məbləğinin tam olaraq 3 iş günü ərzində ödənilməsi təklif olunaraq kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif olunmuş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması tələbi ilə əlaqədar məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Bank cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Həmin tarixə cavabdehin Banka borcu ödənilməmiş əsas borc qismində 194,38 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 30,55 manat, cərimə üzrə 3,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla xx.xx.2018-ci il tarixdə bağlanmış 5732sKPZ/18 nömrəli kredit müqaviləsindən xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə borcalanın Banka borcu ödənilməmiş əsas borc qismində 194,38 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 30,55 manat təşkil etmişdir. Buna görə də borcalanın Banka faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş əsas borcun əvəzi qismində 194,38 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 30,55 manat məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, borcalan məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 3,94 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsi verilənədək deyil, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2024-cü il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 194,38 manat, faizlər üzrə 30,55 manat, cərimə üzrə 3,94 manat olmaqla, cəmi 228,87 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsasən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 194,38 manat əsas borc, 30,55 manat faiz borcu, 3,94 manat cərimə olmaqla, cəmi 228,87 (iki yüz iyirmi səkkiz manat səksən yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 30,40 (otuz manat qırx qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar